İdman
13.03.2018 / 13:12

Premyer Liqanın bombardir müdafiəçiləri

Premyer Liqanın bombardir müdafiəçiləri
Azərbaycan Premyer Liqasının XIX turu müdafiəçilərin məhsuldarlığı ilə diqqət çəkib.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, arxa xətt oyunçuları 4 matçda 3 qola imza atıb.

Elvin Yunuszadə “Qarabağ”ın “Zirə” ilə görüşündə fərqlənibsə, Ruslan Abışovla Adrian Skarlatake “Neftçi” və “Keşlə” arasında paytaxt derbisində qol sevinci yaşamağa müvəffəq olub. Mövsümün arxada qalan hissəsinə nəzər salsaq, müdafiəçilərin yetərincə qol vurduğunu söyləmək mümkündü.

Düzdü, müasir futbolda əksər oyunçular tez-tez amplualarını dəyişdiyindən bəzilərinə birmənalı şəkildə müdafiəçi də demək olmur. Daha çox müdafiədə oynayanların siyahısında baxsaq, onlardan 7-si mövsümdə 2 və ya daha çox qol vurub.

Premyer Liqanın ən məhsuldar müdafiəçiləri Tural Axundovla Təmkin Xəlilzadədi. Onlar hərəyə 4 qol vurub. Eyni sayda oyun keçirən futbolçulardan sonuncu bəzi qarşılaşmalarda yarımmüdafiəçi kimi də çıxış edib. Tural isə 4 qoldan üçünü penaltidən gerçəkləşdirib.

Daha bir müdafiəçi – Kərim Diniyevin də hesabında eyni sayda qol var. Lakin “Səbail”də doğma mövqeyinə qayıdan futbolçu qollarını vurduğu “Kəpəz”də dayaq yarımmüdafiəçisi kimi oynayıb. Bu üzdən onun adı bombardir müdafiəçilər arasında yer almayıb.

Hesabat turunda fərqlənən Abışovla Skarlatake isə 3-cü dəfə qol sevinci yaşayıb. Daha az matça çıxan “Keşlə”nin rumıniyalı legioneri 3-cü pillədə qərarlaşıb. Ümumiyyətlə, “Sumqayıt” və “Keşlə”nin müdafiəçiləri daha çox qol vurmaqla seçilir. Onların hərəsinin iki üzvü “7-lik”də qərarlaşıb. Paytaxt klubunun daha bir üzvü - Fuad Bayramov da 2 dəfə rəqib qapısına yol tapıb. Lakin sonuncu daha çox yarımmüdafiəçi kimi oynadığından siyahıdan kənar qalıb.

Ən azı 2 qol vuran müdafiəçilər

1-2. Tural Axundov (“Sumqayıt”) - 4 (18 oyun)

Təmkin Xəlilzadə (“Zirə”/“Qəbələ”) – 4 (18 oyun)

3. Adrian Skarlatake (“Keşlə”) – 3 (18 oyun)

4. Ruslan Abışov (“Neftçi”) - 3 (19 oyun)

5. Elvin Yunuszadə (“Qarabağ”) - 2 (12 oyun)

6. Sərtan Taşkın (“Keşlə”) - 2 (13 oyun)

7. Bəxtiyar Həsənalızadə (“Sumqayıt”) – 2 (18 oyun)

İnform.az

Baxış sayı: 108