Araşdırma
13.03.2018 / 12:00

Novruz bayramının tarixi mənşəyi haqqında- Araşdırma

Novruz bayramının  tarixi mənşəyi haqqında-
Ələsgər Mirzəzadə/tarixçi


Bu gün barlı-bəhərli el-obamız, qədim tarixi kökə malik yurdumuz sevinc içindədir.Ulu Tanrının hökmü ilə buzlu-şaxtalı qış öz yerini güllü-çiçəkli bahara təhvil verir.

Azərbaycanda yazın gəlməsinin (təzə ilin başlanması) bayram kimi qeyd edilməsi qədim bir tarixi kökə malikdir. Bu haqda əldə edilən ilkin məlumatlardan biri və ən başlıcası Zərdüştün ideya mənbəyi sayılan “Avesta”sıdır. Bununla bağlı “Avesta”da 6 mövsümi bayramdan söhbət gedir. Bunlardan biri də “həməspə-məydi”(təbiət dəyişkənliyi və insanın yarandığı gün) adlanan bayramdır.
“Həməspə-məydi” məfhumu gecə ilə gündüzün bərabərləşməsi, 24 saatın iki bərabər hissəyə bölünməsi və isti ilə soyuq arasında yaranan mülayimlik dövrü kimi izah edilmişdir.
Tədqiqatlar göstərir ki, yaz bayramını Zərdüştilər daha geniş və təntənəli qeyd etmişlər. Bu da “Avesta” ya görə Ahuramazdanın (Hörmüzd) Əhriman üzərində qələbə əldə etməsi ilə (Xeyrin şər üzərində qələbəsi) izah edilirdi. Məhz buna görə də əsrlər boyu Zərdüşt dininin hakim olduğu Azərbaycanda yaz bayramına böyük əhəmiyyət verilib.

Yaz bayramı qədim dövrlərdən “Həməspə-məydi” Novruz (yeni gün), baharcəşn (bahar bayramı) kimi qeyd olunub.

Qədim mənbələr yaz bayramının Novruz kimi qeyd olunmasını Miladdan çox-çox əvvəllərə aparıb çıxarır. İbn Miskəveyh yazır ki, Novruz bayramını Rişdadilər sülaləsinin hökmdarlarından biri olmuş Cəmşid yaratmışdır. Yəqin ki, siz bu ada Firdovsının “Şahnamə”sində, Sədinin “Bustan” əsərində və s. rast gəlmisiniz.

İbn əl-Bəlxi də “Farsnamə” əsərində Novruz bayramını Cəmşidlə əlaqələndirir. Və bu haqda bir qədər ətraflı məlumat verərək yazır ki, Cəmşid yeni sarayda taxta oturdu və hər tərəfdən hakimləri yanına topladı. Elə həmin gün də günəş dolanıb il başa çatdı. Yeni il başlandı. Cəmşid tac qoydu və bütün hökmdarlara üz tutub dedi: -Allahın bizə verdiyi bütün nemətlərə şükr edək və rəiyyətlə ədalətli rəftar edək.

Hamı dua etdi, şadlıq oldu və bu günü bayram edərək “Novruz” adlandırdılar.

Ömər Xəyyamın “Novruznamə” əsərində bizi maraqlandıran məsələ daha ətraflı verilmişdir: “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Cəmşid bu günü müəyyənləşdirdiyi üçün Novruz adlandırmış və bayram etmişdir.” Həmin gün fərvərdin ayının Hörmüzd günü idi.

Ə. Biruni “Asar əl-Baqiyyə” adlı əsərində belə bir rəvayətin olduğunu yazır: Deyirlər Cəmşid bir sıra şəhərlər gəzib nəhayət, Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəşin şüaları taxta düşdü, camaat bu şöləni görüb o günü bayram etdi. Cəmşid isə bu günün yeni gün olduğunu qeyd etdi. Ə.Biruni eyni zamanda Novruz bayramının heç bir dini ehkamlar ilə bağli olmadığını, bunun kökündə təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd edib.

Novruz bayramının Azərbaycanla bağlı olması haqqındakı fikirlər əsrlər boyu davam edərək zəmanəmizə qədər gəlib çatmışdır. Orta əsr mənbələrinə xas olan belə bir cəhəti də qeyd etməliyik ki, həmin dövrlərdə bütün bayramların hökmdarların adı ilə bağlanmasına xeyli səy göstərilmişdir. Bu isə dövrün xüsusiyyətlərindən irəli gəlirdi. Çünki görkəmli alim və yazıçılar o cümlədən tarixçilər hökmdarların tabeliyində və himayəsi altında fəaliyyət göstərirdilər.

Novruz bayramının  tarixi mənşəyi haqqında-

Ağa Mirzə Cəlaləddin yaz byaramı haqqında yazılı məlumatın eramızdan əvvəl 505-ci ildən (əhəmənilər dövrü) məlum olduğunu qeyd edir.

Sasanilər dövründə də “Avesta” ilə bağlı olan bayram və mərasimlər ümumxalq və dövlət bayramı kimi qeyd edilirdi. Hətta qərb ölkələri Novruz bayramında Sasani hökmdarlarına qiymətli hədiyəllər göndərmiş, təbriknamələr çatdırıblar.

Sasanilərdən sonra ərəblər (Abbasilər) də bu bayramı rəsimləşdirməyə səy etmiş, lakin sonda “Zərdüşt ayinlərini bərpa edirlər” deyə yayılan səslərdən qorxub, bu fikirdən əl çəkmişdilər. Amma sadə xalq öz qədim adət-ənənələrini, mərasim və bayramlarını yaşatmış və bu günə qədər gətirib çıxarıblar.

Novruzun mənşəyi ilə bağlı müasir tədqiqatçımız, filoloq-folklorşünas Kamil Hüseyinoğlu digərlərindən fərqli olaraq onun yaranma tarixini başqa cür göstərir. O qeyd edir ki, qədim zamanlarda qərbi Sibirdə yaşayan sakaların (yakutlar) bir çoxu Orta Asiyaya köç edir. Onlar Orta Asiya türkləri ilə qarışır və özlərini də Turanlılar adlandırır. Bu zaman Zərdüşt də öz ideyalarını yaymaq məqsədi ilə Orta Asıyaya gəlir. Salka və yerli türklərin vahid komponenti sayılan Turanlılar Zərdüst dinin qəbul edərək odu, atəşi müqəddəs tutaraq odun şərəfinə mərasimlər keçirirlər. Bu mərasimlərdə əsas yeri odla əlaqədar adət və ayinlər tutur. Bunlardan da biri günəşin həməl bürcündə olması, təbiətin oyanması və yeni günün (Novruzun) başlaması idi.

Novruz bayramı xalq bayramı olmaqla bu gün bu bayramı Hindistan və Çindən tutmuş Balkan yarımadasına qədər 30-dan çox xalq qeyd edir. Novruz qədim dövrlərdə təqvimsiz keçirilib. Xalq bu bayramı təbiətin canlanması, qaranquşun ilk gəlişi zamanı qeyd edərmiş, sonralar bayramın vaxtı təqvimləşdirilərək matrın 21-22-si qeyd olunur.

Novruz qabağı çərşənbələr


Zərdüştə və bəzi qədim inanclara görə kainat dörd ünsürdən – su, od, torpaq və küləkdən yaranıb.Hər il dörd çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.Ozonlar (aşıqlar) da “ab,atəş, xak, badan yarandım” deyiblər qoşmalarında, yəni su, od, torpaq və yelə bağlıdır insan.

Dörd ünsürdən birincisi sudur.Məhz buna görə də birinci çərşənbə də Su çərşənbəsi adlanır.Yəni bahara doğru çayların buz bağlayan yerləri əriyib çaylara tökülür.Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqdan su gıtirər, evin ətrafına səpələyər, əl-üzlərini yuyardılar.Hamı dan yeri söküləndə yuxudan qalxar, axar suya gedər, əl-üzlərini yumaqla, suyun üstündən tullanmaqla “ağrım-uğrum, dərdim-sərim bu su ilə getsin!” deməklə bayram ayinlərin yerinə yetirərdilər. (Ola bilsin, bu adət və deyimlər ağır qiş qayğılarının sonu və yazın gəlişı münasibətilə yaranan adətlərdir).

İkincisi Od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isidir, onu yaratmaq üçün hazırlayır.Od çərşənbəsində tonqallar qalanar, ailə üzvüləri tonqal başına toplanardı. Tonqallar alovlanardı.Ailə üzvləri “ağırlığım-buğurluğum burda (odda)qalsın”deyərək tullanardılar.Evdə hər ailə üzvünün adına bir şam yandirardılar. Xonçalar düzəldərdilər.

Üçüncüsü
Yel çərşənbəsidir.Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir və tozlayır.

Dördüncüsü Torpaq çərşənbəsidir.Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Analar, qız-gəlinlər “Səməni,saxla məni,ildə göyərdərəm səni” deyib xırda qablarda buğda isladar, səməni göyərdərdilər.

Novruz bayramına hazırlı1 və onu qarşılamaq adətləri


Qədim vaxtlardan bayrama hazırlıq işi evi təmizləmək və sahmana salmaqdan ibarət idi. Qışın sonu və yazın gəlməsi ilə evlərdən sobalar və kürsülər yığışdırılır, his-toz təmizlənirdi. Köhnə və lazımsız saxsı, çini və taxta qab-qaşıq tullanırdı. Ev əşyaları sahmana salınır, paltar-palaz yuyulub, təmizlənirdi. Onların əvəzinə yenisi alınırdı. Bununla da sanki evdən bütün dərd bəla uzaqlaşdırlmış olurdu.

Çərşənbə mərasimində özünə yer tapmış adətlərdən biri də orta əsrlər dövrünə məxsus fala baxma qaydalarıdır. Bunlardan biri qıfıl və ya düyün açmaq falıdır ki, bunu da yalnız işi çətinə düşənlər edirdilər. Bu fala inananlar ya ətəklərinin ucunu, ya dəsmalı, ya da çarşabın ucunu düyünləyib küçəyə çıxar, bir tərəfdə oturub birinci keçən şəxsdən həmin düyünü açmağı xahiş edərmiş. Xahiş məmuniyyətlə yerinə yetiriləndə düyün sahibi bunu xoş niyyət hesab edib bundan təskinlik tapır və çətinlikdən qurtaracağına, niyyətinə çatacağına ümid edirdi.
O dövrdən qalma adətlərdən biri də fala baxmanın qulaq falıdır. Tonqal mərasimindən sonra qulaq falına çıxanlar gəl-get olan yerə çıxır, gizlin bir yerdə gizlənib gəlib gedənlərin sözlərinə qulaq asardılar.

Qulaq falında dayanan eşitdiyi birinci cümləni fikrində olan arzu ilə tutuşdurar, onun məqsədinə uyğun olub-olmadığını müəyyənləşdirərdi.

Şal sallamaq və bunun digər forması olan qaşıqla kasa çalmaq da axır çərşənbə ilə əlaqədar olan və xeyli geniş yayılan adətdir. Bu adət axır çərşənbənin ən qədim adətlərindən sayılır.
Hava qaralandan sonra əsasən gənclər qohumların, tanışların qapılarına gedir, əllərində saxladıqları qabı qaşıqla vurub səs salırlar. Ev sahibi səsi eşitcək qapıya çıxıb içəri uzadılan qaba pay qoyur. Pay şirni, quru meyvə, bəzək şeyləri, bəzən puldan ibarət olurdu. Adətə görə, paytoplayan nə özünü göstərməli, nə də danışmalı idi. Əgər o danışsaydı, pay verən bu hərəkəti pis adət sayardı. Toplanan pay gənclər arasında bölünərdi.

Şal sallamaq adəti daha geniş yayılmışdı. Bu mərasimdə əsasən, cavan oğlanlar iştirak edirdilər. Onlar axır çərşənbə axşamı bel şalı, örpək, kələayğıyı və s. götürüb qohumların evlərinə gedib şalı bacadan, pəncərədən və damdan evə, həyətə sallayırdılar. Ev sahibi də paydan-parçadan nəzərdə tutulmuş hər hansı bir payı şala bağlayırdı. Bu pay ev yiyəsinin şal sahibinə münasibətini bildirirdi.

Şala qızların toxuduqları rəngli corablar, əlcək, başlıq, bəzəkli dəsmal pul kisəsi, şirni, yumurta və s. hədiyyələr bağlayırdılar. Azərbaycanın bu gün də bir çox yerlərində bu adətlər davam etməkdədir. Şal əvəzinə uşaqlar geydikləri papaqlardan da istifadə edirlər.

İlaxır çərşənbəsinin adət və ənənələri bunlarla bitmir. Bu adət ənənələrin, şənliklərin bir çoxu qədim tarixi kökə malik olmuşdur. O dövrdə yaşamış ata-babalarımız bu adət və ənənələrin bir çoxunu öz əjdadlarından irsən qəbul etmişlər. Onlar da mərasimlərin ilk səbəblərini və məqsədlərini tam aydınlaşdıra bilməmişlər.

Öz növbəsində onlar da həmin mərasimlərə müəyyən əlavələr etmiş və onları öz məişət xüsusiyyətlərinə uyğunlaşdıraraq gələcək nəsilə irs qoyub getmişlər.

Axır çərşənbə ilə əlaqədar olan adət və ənənələr Novruz bayramı ilə sıx surətdə bağlıdır. Bir sıra müəlliflər, o cümlədən prof. Məhəmməd Müqəddəm bu mərasimlərdən bəhs edərək yazır ki, çərşənbələr astronomiya elminin əsasında müəyyən edilmiş bayramlardan biri olmaqla Zərdüşt səlnaməsinin yarandığı dövrə aiddir.

Əgər belə bir ehtimal qəbul edilərsə, deməli çərşənbə mərasimi və Novruz bayramının tarixi miladdan çox-çox əvvələ gedib çıxır.

Bayramın keçirilməsi


Novruz bayramını qarşılamaq üçün hazırlıq işləri axır çərşənbədən sonra başlayırdı. Bu hazırlıq təmizlik işləri ilə başa çatdırılırdı. Hər kəs öz qüvvəsinə görə təzə paltarlar alır, bayramı keçirmək üçün cürbəcür ərzaqlar tədarük edir, süfrə hazırlığı görürdülər. Qızlar, gəlinlər həna qoyur, bər-bəzək işi ilə məşğul olurdular.

Bayram mərasimi təhvil (köhnə ilin sonu, təzə ilin başlanğıcı) süfrəsinin hazırlanması ilə başlanırdı. İlin başa çatmasına bir neçə saat qalmış təhvil süfrəsi açılır. Bu süfrədə şirni, şam, ayna, göy, noğul, narınc, lumu, gülab, qırmızı yumurta və içərisinə balaca balıq salınmış bir qab su olurdu. Bunlardan əlavə bayram süfrəsinə zeytun, heyva, nar və söyüd ağacının budaqlarından qırıb qoyurdular. Bayram süfrəsinə qoyulan şeylər orta əsr mənbələrində “həftsin” adı ilə məşhurdur.

Orta əsrdən başlamış bu günkü günə kimi bayram süfrəsinə yeddi növ meyvə, şam və qırmızı yumurta ilə bəzədilmiş xonça qoyulur. Bayram süfrəsi hazırlandıqdan sonra ilin təhvilinə az qalmış bütün ailə üzvləri süfrə başında otururdular. Hər hansı qəsəbə, kənd və şəhərdə hakimin əmri ilə top, təbil, şeypur səsləri ilin təhvil olduğunu xəbər verirdi. Hamı yeyib-içib şadlıq edirdi.

Ailə şənliklərindən sonra qohum, tanış və dostlar bir-birinin evinə bayram görüşlərinə gedirdilər. Görüş yerinə uşaqların sayı qədər qırmızı yumurta və bir qədər də bayram şirnisi aparılırdı. Bayram görüşlərində yumurtanın hədiyyə verilməsinin geniş yayılmasından bəhs edən Şarden yazır ki, deyilənlərə görə, Novruz bayramında yumurtanın təqdim edilməsi ev sahibinə və onun ailə üzvlərinə can sağlığı diləmək deməkdir. Çünki yumurta həyatın əmələ gəlməsi və canlıların yaranması simvolu kimi qəbul edilib.

Bayram günlərində müxtəlif əyləncələr, o cümlədən zorxana səhnələri, çövkən, qəpəq oyunları, ox atmaq və s. yarışları keçirilirdi. Novruz bayramından söhbət açan bəzi müəlliflər “Kosa-kosa” oyununu və səməni bişirmək adətini də bayram adətlərindən saymışlar. Lakin mənbələr bu mərasimlərin qeyd edildiyi vaxtı ilin müxtəlif dövrlərinə aid ediblər.

Novruz bayramı bütün tarix boyu xalqımızın həyatında özünə məxsus yer tutmuşdur. Bütün keçmiş adət və ənənələr bu gün də davam etməkdədir. Bu gün də yeddi növ şirniyyat (şəkərbura, paxlava, şəkərçörəyi, külçə, qoğal, fəsəli və s.) bayram plovu bişirilir, rəngbərəng yumurta boyanır, ailə üzvlərinin sayına görə şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Oğlan və qızlar təzə paltarlar geyinir, çalıb oynayır, yallı gedirlər. cavanlar at çapır, güləşir, güştü tuturlar. Müxtəlif oyun növlərini “Kosa-kosa”, “Haxışta”nı yerinə yetirirlər.

Bu gün Azərbaycanda Novruz bayramı həm dövlət, həm də ümumxalq bayramı sayılır. Dövlət rəhbərinin sərəncamı ilə xalqımız bayram münasibətilə 9 gün tətil edir.Xalq bu bayram günlərində dərd-səri unudur, bir-birini təbrik edirlər. Biz də bu təbriklərə qoşularaq, çox qədimlərdən süzülüb gələn Bahar bayramı – “Yeni Gün” münasibətilə xalqımızı təbrik edir, onlara bu gözəl ayda, bu gözəl gündə ruzi, bərəkət arzulayırıq!

İnform.az

Baxış sayı: 420