Baş xəbər, Hüquq
13.03.2018 / 11:00

Kəlbəcərin qoynunda uyuyan POLİS- SƏRDAR SƏFƏROV(Video)

Kəlbəcərin qoynunda uyuyan POLİS-

AZƏRBAYCAN POLİSİ-100

Bu il Daxili İşlər Nazirliyinin yaradılmasının 100 yaşı tamam olur.

Bu münasibətlə İnform.az "AZƏRBAYCAN POLİSİ-100" rubrikası altında DİN-ə rəhbərlik etmiş nazirlərin, bu qurumun Qarabağ müharibəsı və peşə veteranları, şəhid polislər, eləcə də gənc polis əməkdaşları haqqında maraqlı silsilə yazılarla görüşünüzə gəlir:


Əvvəli burada:http://inform.az/index.php?newsid=29178

Ömrü kimi, həyat hekayəsi də qısadı...

Oxucularımıza layihəmiz çərçivəsində onun haqqında yalnız bu qədər məlumat verə bilirik:

Səfərov Sərdar Mədət oğlu 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda doğulub. 1977-ci ildə orta məktəbi bitirib və kolxozda işləyib. 1979-cu ildə hərbi xidmətə gedib. Hərbi xidməti Ermənistan və Gürcüstan respublikalarında keçirib.

O,1981-ci ildə ordudan tərxis olunur. 1982-ci ildə Bakı Avtomobil Zavoduna işə düzəlir. Bir müddət burada çalışır. Daxili İşlər orqanlarında işləmək arzusu onu Tula vilayətinə aparır. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində polis kimi xidmət edir.

Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-nin Kaunas Xüsusi Polis Məktəbinə göndərilir. 1987-ci ildə təhsilini başa vurub, köhnə iş yerinə qayıdır. Nümunəvi polis işçisi olduğunu nəzərə alınaraq, sahə müvəkkili vəzifəsinə təyin edilir. Gecə-gündüz qəlbi Vətənlə idi. Elə buna görə də Azərbaycana qayıdır. 1991-ci ildən Qusar rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayır.

1991-ci il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonunun ərazisində “QAZ-53” markalı sərnişin avtobusuna hücum edirlər. Köməyə gələn istintaq qrupunun tərkibində baş leytenant S.Səfərov da var idi. Onun istintaq qrupununda müstəntiq işləməsi barədə təzəcə sərəncam verilmişdi.

Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Xankəndi yaxınlığındakı “Ağa körpüsü”ndə erməni yaraqlılarının hücumuna məruz qalırlar.

Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olur.

Ailəli idi. Ölümündən üç ay sonra bir qızı dünyaya gəlir. Adını onun xatirəsinə ithaf edərək Sərdarə qoyurlar.

Azərbaycan Resbublikasının Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə mayor Səfərov Sərdar Mədət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Qəhrəman polis doğma Kəlbəcər rayonunda dəfn edilib.

Adına Kəlbəcər şəhərində küçə var.

Amma hazırda adına olan küçə rayonla birlikdə düşmən tapdağı altındadır.

Bu videoda Sərdar Səfərov haqqında yaxınlarının, ailəsinin onun haqqında xatırələriylə tanış ola biləcəksiniz:



İnform.az

Baxış sayı: 321