Hüquq
12.03.2018 / 14:59

Polis əməkdaşları gənclərimizə doğru yol göstərirlər

Polis əməkdaşları gənclərimizə doğru yol göstərirlər
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 və 6 saylı tam orta məktəbində “Narkotiklərə yox deyək!” və “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, şəhər icra hakimiyyətinin nümayəndələri, rayon prokurorluğunun əməkdaşları, pedaqoji heyət və şagirdlər də iştirak edib.

RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Elşad Məmmədov narkomaniya əlehinə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır.

O, bildirib ki, bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb.

Daha sonra o, erkən nikah və onun fəsadları barəsində məktəblilərə məlumat verərək, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrini onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, o cümlədən psixologiyasına mənfi təsir göstərdiyini, gələcəyi üçün yaxşı heç nə vəd etmədiyini qeyd edib.

Tədbirdə çıxış edən RPŞ-nin Şəxsi Heyətlə İş üzrə rəis köməkçisi, polis mayoru Kənan Zeynalov sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə və gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat yaşamağa və mənəvi kamilliyə, milli-mənəvi dəyərlərimizə sədaqət, vətənpərvərlik ruhunda yaşamağa çağırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Toğrul Nəsirli/Polis leytenantı

Baxış sayı: 187