Araşdırma
12.03.2018 / 14:47

“Beyin mərkəzi” nədir? Niyə vacibdir?- Araşıdrma

“Beyin mərkəzi” nədir? Niyə vacibdir?-
Son illərdə dövlət siyasətinin müəyyənləşdirilməsində dövlət qurumları ilə yanaşı, qeyri-dövlət qurumlarının da rolu artmaqdadır. Belə qurumlar beyin mərkəzləri adlanır.

Dünya praktikasında, xüsusilə də Qərbdə bu təcrübədən geniş istifadə olunsa da, ölkəmizdə bu sahə hələ ki, yeni püxtələşməyə başlayıb. Xüsusilə siyasi məsələlərdə dövlətin inkişafına dəstək olan bu mərkəzlər xüsusi sifarişlər əsasında hesabatlar hazırlayır. Dövlət isə bu hesabatların əsasında müəyyən məsələlər üzrə atacağı addımları müəyyənləşdirir.

Statistika nə deyir?

ABŞ-ın Pensilvaniya Universitetinin keçirdiyi “Beyin Mərkəzləri” reytinqinə 182 ölkədən 6603 beyin mərkəzi qatılıb. Onlardan 13-ü Azərbaycanda qeydə alınan beyin mərəkəzləridir. Hesabat hazırlanarkən dünyanın 2 minə yaxın eksperti arasında sorğu keçirilib. İqtisadi və Sosial İnkişaf Mərkəzi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və İqtisadi Tədqiqatlar Mərkəzi hazırlanan hesabatda Şərqi Avropanın 25 ən yaxşı beyin mərkəzi siyahısına daxil edilib. Belə mərkəzlərin sayına görə Azərbaycan Asiya region üzrə 15-ci pillədə yer alıb. Dünya üzrə siyahıya ABŞ başçılıq edir.
Bu ölkədə 2 minə yaxın beyin mərkəzi var.

Qanunvericilik problemi

Azərbaycanda beyin mərkəzlərinin son illərdə formalaşması və inkişaf etməsinə baxmayaraq, “Beyin mərkəzləri haqqında” qanun yoxdur. Bu qurumlar “İctimai təşkilatlar haqqında” qanuna əsasən fəaliyyət göstərir. Avropa və ABŞ-da beyin mərkəzləri xüsusi qanunvericilik bazası əsasında işləyir. Politoloq Elxan Şahinoğlu belə mərkəzlərlə bağlı xüsusi qanuna ehtiyac olmadığını düşünür:

“Məncə beyin mərkəzləri ilə bağlı qanunvericilikdə xüsusi müddəaya ehtiyac yoxdur. Sadəcə işləmək üçün bizə şərait yaratsınlar. Qeydiyyatdan keçib, müəyyən sifarişlər götürək ki, nəticədə maliyyə müstəqilliyimizi təmin edək. Bunlar olmadıqda fəaliyyət göstərmək çox çətindir. Biz dövlətdən heç bir yardım almadan hesabatlar hazırlayırıq”.

Qeyd edək ki, ölkəmizdə qeydiyyatdan keçmiş 4 minə yaxın QHT olsa da, onlardan yalnız 13-ü beyin mərkəzi kimi fəaliyyət göstərir.

Beyin mərkəzləri dövlət siyasətinə təsir edirmi?


Tədqiqatlar göstərir ki, ABŞ-da beyin mərkəzlərinin dövlət siyasətinə təsiri böyükdür. İraq müharibəsinin başlanması, maliyyə hesabatları və s. kimi məsələlərdə ABŞ hökumətinin beyin mərkəzlərinin hesabatına əsasən qərar verdiyi qeyd edilir.

“Beyin mərkəzi” nədir? Niyə vacibdir?-


Elxan Şahinoğlu bu yanaşmanın tamamilə düzgün olduğunu qeyd edir:

“Avropada, ABŞ-da, Rusiyada, Türkiyədə beyin mərkəzləri var ki, onlar dövlət siyasətinə təsir gücünə malikdir. Prezidentlər supermen deyil ki, hər şeyi etsinlər. Beyin mərkəzləri hesabatlar, ssenarilər hazırlayır. Rəsmilər və prezidentlər oxuyub bu hesabatın əsasında qərarlar verirlər. Beyin mərkəzi güclü alətdir. O ölkədə ki, güclü beyin mərkəzi var, orada güclü xarici siyasət də formalaşır. Amma bunun üçün şərait lazımdır. Amerikadakı beyin mərkəzləri hansısa iş adamlarına , qruplara bağlıdır. Türkiyədə də belə ənənə var”.

Siyasi elmlər doktoru Hatəm Cabbarlı isə ABŞ-da beyin mərkəzlərinin dövlət siyasətinə böyük təsir etməsi fikri ilə razılaşmayıb:

“ABŞ-da fəaliyyət göstərən beyin mərkəzləri hökumət tərəfindən dəstəklənir. Bir var dövlətin dilindən yazılmış hesabatlar, bir də var müstəqil hesabatlar. Düzdür, ABŞ-da bir çox müstəqil mərkəzlər var. Lakin dövlət siyasətinə böyük həcmdə təsir edə biləcək beyin mərkəzləri elə özü dövlətin himayəsidə olan mərkəzlərdir”.

“Dövlət samballı məruzələr hazırlayan mərkəzlərdən yararlanmalıdır”

Avrasiya Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin rəhbəri Hatəm Cabbarlının sözlərinə görə, dövlətin xarici-daxili və iqtisadi siyasətinin öyrənilməsi baxımından dünya praktikasında beyin mərkəzlərinin rolu xüsusilə son 50 ildə olduqca artıb:

“Bu ənənə ilk dəfə ABŞ-da formalaşıb. Daha sonra Avropa bu təcrübədən yararlanmışdır. Keçmiş SSRİ-də belə müstəqil beyin mərkəzlərin qurulması qadağan idi. Adətən bu işi Elmlər Akademiyasının nəzdindəki institutlar həyata keçirirdi. Odur ki, Azərbaycanda beyin mərkəzlərinin yaranma tarixi çox yenidir. 2000-ci illərdən sonra belə qurumlar yaranmağa başladı. Ölkəmizdə həm dövlətin himayəsində olan, həm də özəl beyin mərkəzləri var.

Azərbaycanda müstəqil beyin mərkəzlərinin dövlət siyasətinə dair məsələni araşdırması təqdirəlayiqdir. Bəzi məqamlarda dövlət qarşılaşdığı problemlə bağlı müstəqil beyin mərkəzlərinə hesabat hazırlamasını sifariş edə bilər. Bu, məsələyə daha geniş çərçivədə baxmaq imkanı yaradır”.

“Beyin mərkəzi” nədir? Niyə vacibdir?-


Hatəm Cabbarlı bildirib ki, hazırda müstəqil beyin mərkəzlərinin sponsor problemi var.

Bununla belə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası beyin mərkəzlərinə müəyyən layihələr çərçivəsində dəstək verməsi təqdirəlayiqdir:

“Şura müəyyən layihələr çərçivəsində beyin mərkəzlərinə maddi dəstək verir. Məsələn, Avrasiya Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzi bu günə qədər 6 dövlət tenderində qalib olub.

“Ermənistanın xarici siyasəti” adlı kitabın çapı, təşkilatımızın Hollandiya parlamentində Xocalı soyqırımı və Dağlıq Qarabağ problem ilə bağlı konfransın keçirilməsi, Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri adlı beynəlxalq konfransın baş tutması, təşkilatın veb səhifəsinin hazırlanması və s. Şuranın maddi dəstəyi ilə həyata keçirilib.

Qeyd etdiyim kimi hələ ki, beyin mərkəzləri çox gəncdir və inkişaf yolu keçir. Dövlət sadəcə öz himayəsində olan beyin mərkəzləri ilə deyil , eyni zamanda samballı məruzələr hazırlayan mərkəzlərin fəaliyyətindən yararlanmalıdır”.

“Beyin mərkəzlərinin qeydiyyat problem var”


Azərbaycanda müstəqil fəaliyyət göstərən, lakin rəsmi dövlət qeydiyyatına alınmamış mərkəzlərdən biri də Atlas Araşdırmalar mərkəzidir. Mərkəzin rəhbəri Elxan Şahinoğlu hələ ki, belə qurumların fəaliyyətini genişləndirməkdə maraqlı olmadıqlarını bildirib. O, bunu maliyyə müstəqilliyinin olmaması ilə əlaqələndirib:

“Bizdə çox beyin mərkəzi yoxdur. Olanların da fəaliyyəti çox məhduddur. Mənim öz mərkəzimi qeydiyyata almırlar. Halbuki biz dövlət əhəmiyyətli mövzulara toxunuruq. Çalışırıq ki, dövlət maraqlarını xarici siyasət qarşısında qaldıraq. Odur ki, beyin mərkəzləri də fəaliyyətini genişləndirməyə çox da maraq göstərmir.

Məsələn, mənə sifariş verilsin ki, Qarabağ münaqişəsi yaxın 10 ildə hansı ssennarilərlə inkişaf edə bilər, Ermənistan prosesdə nə kimi rol oynaya bilər. Mən də ekspertlərlə birlikdə buna uyğun hesabat hazırlayım. Amma mən əvvəlcə bilməliyəm ki, maddi azadlığım var və işçimə maaş verə biləcəm.

Femida.az

Baxış sayı: 333