Texnologiya
23.07.2015 / 13:08

Elektron xidmətdən istifadə artıb

Elektron xidmətdən istifadə artıb

2015-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) öz saytı, “Elektron hökümət portalı” və “Elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 milyon 300 minə yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə artıq olmaqla, keçən ilin illik göstəricisi səviyyəsindədir.

İnform.az-ın məlumatına görə, bu barədə jurnalistlərə DSMF-nin sədri Elman Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının əhəmiyyətindən bəhs edərkən bildirib.

E.Mehdiyev ötən dövrdə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi məqsədilə çoxsaylı mərkəzi və regional təqdimatların keçirildiyini, həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxının hazırlanaraq telekanallarda yayımlandığını qeyd edib.

Azərbaycanın sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulmaqla, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılması təmin edilib.

DSMF tərəfindən əhaliyə göstərilən xidmətlərin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi işinin uğurla davam etdirilməsi nəticəsində "Elektron hökümət" portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan “Doing Business 2015” hesabatında 32 pillə irəliləyib.

Baxış sayı: 376