Mədəniyyət
10.03.2018 / 13:59

Gövhər Qazıyeva- Onu tanıyırsınızmi?

Gövhər Qazıyeva-
Bu gün Azərbaycanda Milli Teatrın yaranması günüdür.

Gövhər Qazıyeva 1887-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olub, orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dillərində mükəmməl təhsil alıb.

XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər.

Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi.

1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir. İlk qadın aktyorumuzun Tiflis zadəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi idi. 1910-cu il oktyabrın 9-da verilmiş bu tamaşa böyük müvəffəqiyyətlə keçmişdi. Yenə həmin il oktyabrın 30-da "Səadət" dram dəstəsi Şəmsəddin Saminin "Gaveyi-ahəngər" pyesini tamaşaya qoymuşdu. Tamaşada Gavə rolunda Sultanov, Fərhad rolunda Mir Seyfəddin Kirmanşahlı, Xubçöhr rolunda Gövhər Qazıyeva çıxış edirdilər.

Gövhər Qazıyevanın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayıldı. Bakı qəzetləri ona məqalələr həsr etdi. "Nicat" cəmiyyəti onu Bakıya çağırdı.

Onun repertuarı geniş və əhatəli idi. O, Henrix Heynenin "Əlmənsur", Loxmanovanın "Napoleonun vəfatı", Namiq Kamalın "Qara bəla" əsərləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşalarında da oynayırdı.

Azərbaycanlı qızı Nəriman Nərimanovun "Nadir şah" pyesində Gülcahan, Əbdürrəhimbəy Haqverdiyevin "Pəri Cadu" tamaşasında Hafizə, Səkinə Axundzadənin "Bəxtsiz cavan" faciəsində Mehri xanım, Zülfüqar Hacıbəyovun "Evliykən subay" əsərində Pərizad rollarını sənətkarlıqla yaratmışdı.

Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Gülnaz, "Leyli və Məcnun"da Leyli rollarının ifaçısı olan Gövhər Qazıyeva bu obrazları səhnədə özünəməxsus tərzdə canlandıra bilmişdir.

1911-ci il mayın 26-da və 30-da Tiflisdə Gövhər Qazıyevanın benefisi keçirildi. Bu gecədə ilk dəfə Zülfüqar Hacıbəyovun "On bir yaşlı arvad" pyesi göstərilmişdi. Lakin azərbaycanlı qadının səhnəyə çıxması nadan, cahil adamları narahat edirdi. Odur ki, cahillər və din xadimləri müsəlman qadının səhnəyə çıxması əleyhinə müxtəlif fitnələr törədirdilər.

Gövhər Qazıyeva Azərbaycan teatr səhnəsinin bir çox görkəmli aktyorları - Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Mir Seyfəddin Kirmanşahlı və başqaları ilə birgə çıxış etmişdi.

Onun Mirzəağa Əliyevlə əməkdaşlığı ilk dəfə Tiflisdə "Əlli yaşında cavan" tamaşasında olur. İrəvanda onlar daha böyük müvəffəqiyyət əldə edirlər.

Mirzağa Əliyevlə Gövhər Qazıyevanın sənət dostluğu sonralar məhəbbətə çevrilir.

1912-ci ilin mayında onlar evlənib Bakıya köçürlər. Çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində Mirzağa Əliyev həmin il Həştərxana sürgün olunur.

Gövhər Qazıyeva isə 1913-cü ildə Polşaya gedri və Varşavada "Müqəddəs Sofiya" tibb məktəbinə daxil olur, 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini bitirib Bakıya qayıdır.

1915-ci ildə "Bəsirət" qəzeti mamaça Gövhər xanım Əliyevanın peşə fəaliyyətinə başlaması haqqında bir elan da verir.

Mirzağa Əliyevlə Gövhər Qazıyevanın tale yolları ayrıldığı üçün onlar boşanırlar. Qəribədir ki, evlənəndən sonra M.Əliyev həyat yoldaşının səhnədə çıxış etməsinə icazə vermir.

Reallıq budur ki, Gövhər Qazıyeva ərə gedəndən (bu, onun ikinci nikahı idi və birinci ərindən onun İsmayıl adlı oğlu vardı) sonra səhnəyə çıxmır.

1937-ci ildə Gövhər Qazıyeva artıq daimi yaşadığı İrandan bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə yoldaşları teatrda onun şərəfinə qəbul düzəldirlər. Keçmiş aktrisa Cəfər Cabbarlının "Almas" pyesinin tamaşasına baxır. Tamaşa və qəbul günü qeyri-adi hadisə baş verir. Gövhər Qazıyeva on beş ildən bəri itirdiyi oğlu İsmayılı tapir. Qəfil sevincdən özünü itirmiş qadın hamıya hədiyyə paylayır.

Gövhər Qazıyeva İrana görkəmli aktyor və rejissor Mirseyfəddin Kirmanşahlının təhriki ilə getmişdi.

1960-cı ildə Cənubi Azərbaycanda vəfat etmiş Gövhərin - Göyərçin xanımın adı Azərbaycan teatrının salnaməsinə ilk qaranquş kimi düşüb.

İnform.az


Baxış sayı: 261