Gündəm, Şərhlər
23.07.2015 / 12:41

İngilis alimi James Churchwardın “yaradılış”la bağlı tədqiqatları

İngilis alimi James Churchwardın “yaradılış”la  bağlı tədqiqatları

Aydın MƏDƏTOĞLU / İnform.az


Qədim Naakal tabletlərindəki (gil lövhələrindəki) simvolları, şəkli yazıları, Hindistan, Şərqi Türkistan (Uyğurustan), Çin, Birma, Tibet və Kambocada tapılan kitab, əlyazma, kitabə və əfsanələri, Yükatan və Orta Amerikada tapılan qədim maya kitab, əlyazma, simvol və əfsanələri, Sakit Okean adalarında olan kitabə, simvol və əfsanələri, Meksikadan əldə edilmiş daş tabletləri, Şimali Amerikanın qərb hissəsində tapılmış mağara adamlarına aid yazı və şəkilləri, qədim Misirə aid kitab və yazmaları, qədim Yunan filosoflarının əsərlərini və bütün dünyaya yayılmış əfsanələri tədqiq edən ingilis alimi James Churchward göstərir ki, insan Yer üzərindəki macərasına 200 (iki yüz) min il öncə Sakit Okeandakı Mu qitəsində başlamışdır. Həm qədim Naakal, həm də Meksika tabletlərində insanın xüsusi olaraq yaradıldığı açıqca göstərilmiş, eyni zamanda, onun digər bütün yaradılanlardan nə ilə fərqləndiyi də Narayananın(Tanrının) 7-ci əmrində qeyd edilmişdir. (seçmələr bizimdir-A.M. Bax: James Churchward, Batık Kıta Munun çocukları, Çevirən: Ercan Arısoy, İstanbul 2012, səh.22).
İnsanın yaradılışı ilə bağlı Narayananın 7-ci əmrini şərh edən müəllif göstərir ki, tərcümə edilməsi ən çətin olan 7-ci əmr idi. Bu simvolik yazının şifrəsinin açılması asan idi, ancaq, qədim mənaları eyni şəkildə başa sala biləcək müasir kəlimələr tapmaq imkansız idi. Çünkü 7-ci əmrdə göstərilir ki, Kainatdakı hər şeyin yaradıcısı olan Yeddi Başlı Zəka Narayana (oxu: Tanrı-A.M.) ən sonda insanı yaratdı. Onun bədəninə “yaşayan və yox olmayan” bir şey yerləşdirdi və insan əqli güc baxımından Narayanaya bənzədi. Buradakı insanın bədəninə yerləşdirilən “şey” üçün tapa bildiyimiz ən yaxın söz “can” və ya “ruh” idi. Buradakı “yaşayan” kəliməsi mətndə qəsd edilənin tam olaraq eynisi ola da bilər, olmaya da. Lakin “yox olmayan” kəliməsinin doğru olduğuna əminəm. İnsanın “Narayanaya bənzəməsi” isə onun ağıl quruluşuna və mistik güclərinə əsaslanır və Tanrının: “insanı istədiyimiz formada yaradaq və onu bu dünyaya hökm edəcək güclərlə təchiz edəlim” ifadəsi bunu təsdiq edir (seçmələr bizimdir-A.M. Bax: James Churchward, Kayıp Kıta Mu, ingiliscədən çevirən: Pelin Tornay, II baskı İstanbul 2012. Səh.31,29.)
İnsan digər canlılardan fərqli olaraq, Tanrıdan aldığı xüsusi güclər sayəsində Tanrının bir parçası olaraq qəbul edilmiş və belə bir düşüncə hakim olmuşdur ki, “İnsan Tanrıdan gəlmişdir və gəldiyi yerə geri dönməlidir”.
Kainatın-Göyün, Yerin, Günəşin, Ayın, Ulduzların, digər planetlərin və insanın yaradılışı ilə bağlı Mu insanlarına aid 7 əmr sonradan yaranan dinlərdə və onların müqəddəs sayılan kitablarında da bu və ya digər şəkildə öz əksini tapmışdır. Bunu nəzərə alan tədqiqatçılar göstərirlər ki, əminliklə deyə bilərik ki, bu gün bildiyimiz şəkli ilə Bibliyadakı “Yaradılış hekayəsi” və “Yeddi gün, yeddi gecə əfsanəsi” Mu qitəsinin 500(beş yüz) əsrlik tarixini başa salan bu qədim tabletlərdən toplanan təsiredici hekayədən ortaya çıxmışdır (seçmələr bizimdir-A.M. Bax: James Churchward, Kayıp Kıta Mu, səh.19).
Bu 7 əmrin 7 gün, 7 gecədə tamamlandığını düzgün anlamayanlar, bu əmrlərin bir həftədə tamamlandığını sanmışlar. Halbuki kainatın və insanın yaradılışı ilə bağlı bu əmrlər 7 gündə, bir həftədə deyil, 7 dövrdə tamamlanmışdı ki, bu dövrlərarası müddət bir gün, bir il, min il və hətta milyon il də ola bilər.
Çox təəssüflər olsun ki, bu gün belə “Yaradılış”la bağlı ən qədim mənbə kimi Mu insanlarına aid məlumatları deyil, “Tövrat”dakı məlumatları, ən yaxşı halda bəzi müəlliflər şumer abidəsi “Qılqamış”dakı (“Bilgilənmiş”dəki) məlumatları qəbul edirlər.
“Tövrat” kimi xristianların müqəddəs kitabı “İncil”də də “Yaradılış”la bağlı fikirlər vardır. Orada göstərilir ki, “Hər şey Allahın vasitəsilə yarandı və yaranan şeylərin heç biri onsuz yaranmadı” (İncil, Yəhyanın müjdəsi, I fəsil,3).
“Onlar... yekdilliklə Allaha dua edərək dedilər: Mövla, sən Göyü, Yeri, Dənizi və onların içindəki hər şeyi yaratdın” (İncil, Həvarilərin işləri, IV fəsil,24).
Müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”də də “Yaradılış”la bağlı xeyli ayə vardır ki, bu haqda gələn yazımızda bəhs edəcəyik.

Baxış sayı: 622