Baş xəbər, Mədəniyyət
08.03.2018 / 13:56

"Azdrama"da nə baş verir?- İki yaradıcı insan, yoxsa...(Video)

"Azdrama"da nə baş verir?-
Xalidə Xalid

Onu "Vicdan haqqı" serialından tanıdım. Tamaşaçıda özünə nifrət qazandıran İmran rolu ilə.


Hər dəfə filmin yeni bölümünü izləyəndə yadıma rəhmətlik İsamyıl Osmanlı düşür.

"Yeddi oğul istərəm" filmindəki Kələntər dayı obrazı ilə rəhmətlik necə nifrət qazanmışdısa, bəzən savadsız, yaşlı nəslin insanları onu gerçək həyatda görəndə belə qarğıyırdılar.
İlham Hüseynov- İmran isə müasir dövrümüzün Kələntər dayısıdi desəm, məncə yanılmaram.

Son günlər onun Milli Teatrda işdən çıxarılması ilə bağlı gündəmi zəbt edən xəbərləri oxuduqdan sonra, haqqında yazmaq qərarına gəldim.

Öyrəndim ki, İlham Abbas oğlu Hüseynov - 1967-ci ildə anadan olub. 1990-ci ildə М.А.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun(indiki ADMİU) “Dram və kino aktyorluğu” fakültəsini bitirib.

1990-cı ildən 2012-ci ilə qədər Gəncə Dövlət Dram Teatrında, 2012-ci ildən bu günə qədər isə Akademik Milli Dram Teatrında işləyir.

3 may 2011-ci ildə Azərbaycan Respublikası Əməkdar artisti fəxri adına layiq görülüb.

Bu onun kiçicik tərcümeyi halı...

Keçək əsas məsələyə...Məni bu yazını yazmağa nə məcbur etdi?

Bayaq da qeyd etdim ki, son günlər onun çalışdığı Milli Teatrdan uzaqlaşdırıldığı haqqında xəbərlər yayılıb.

Düzü, bu teatrın rəhbər postunda oturan, Azərbaycan teatr sənətində öz dəsti xətti olan bir insanın-Azərpaşa Nemətovun istedadlı bir aktyorla münasibətinin nədən soyumasının əsil səbəblərini anlamaq istəsəm də anlaya bilmirəm.

Nəhənglər yetirən bu məbəddə nə baş verir, nələr olur ?

Tamaşaçı "teatr" deyəndə həmişə ruhuna qida axtarıb bu ocaqda.

TEATR kollektiv sənətdir

Əgər bir kollektivdə qalmaqal, aravurmalar, sənətkara yaraşmayan hərəkətlər, rəhbərliklə aktyorlar araslında uçurum varsa hansı vahid yaradıcılıqdan danışmaq olar?

Belə xəbərləri hər dəfə eşidəndə düşünürəm:

"Ədil İsgəndərov, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Hökumə Qurbanova, Ətayə Əliyeva, Həsənağa Turabov, Hamlet Qurbanov, və onlarla belə nəhəng sənətkarların səhnəsində müxtəlif obrazlara nəfəs verən bir məbəd niyə bu duruma düşsün?

Bunun günahını zəmənədəmi görməliyik, yoxsa sənətə dırnaqarası baxan, bu ocağa rəhbərlik edən bəzi insanların xudbin, təkəbbürlü xasiyyətlərindəmi?"

Həm bir ziyalı, həm bir tamaşaçı olaraq mənə çox ağır gəlir Azərbaycanın Milli Teatrında baş verən belə olaylar.

Aktyor bütün gücünü, fikrini bir nöqtəyə cəmləyib, ona tapşırılan obraz üzərində rahat işləməli, ona güvənən tamaşaçısını sevindirməlidir.

Əgər onun bunu etməyə həvəsi, marağı olmayacaqsa, deməli tamaşaçısı da tamaşadan sonra kor-peşman qayıdacaq, təkrar o ünvana-TEATRA getməyə daha marağı olmayacaq.

Əslində onunla "Vicdan haqqı" serialının ilk bölümlərini izləyəndən sonra əlaqə yaradıb, müsahibə almaq istəyirdim.

Düzünə qalsa istəməzdim onunla bağlı ilk yazım belə notlara köklənsin. Amma necə deyərlər, hər şey zamanın gözləyir.

Mən onun üzləşdiyi, son günlər gündəmdə yer alan problemin deyilən səbəblərindən yazmayacağam. Çünki oxucu artıq xəbərdardır, onun sevdiyi İmranının başına gələnlərdən.

Mən sadəcə, böyük sənət ocağında baş verənlərin səbəbinə cavab tapmağa çalışacağam, təbii əgər tapa bilsəm...

İlham Hüseynov müsahibələrində səhhətiylə bağlı ağır əməliyyat keçirdiyini, həkimlərin onun səhhətinə diqqətlə yanaşmasını tövsiyyə etdiklərini dəfələrlə vurğulayıb.

Düzü hələ də anlaya bilmirəm, yaradıcı mühit olan müəssisələrə "turniket"qoymağa nə gərək var.

Yaradıcı qurumlarda turniket qoyulmasının tam əleyhinə olan insanam. Turniket yaradıcı ruha vuruluna qandala bənzəyir.

İntizamsız insan ülə turniket olsa da öz intizamsızlığını göstərəcək.

İstedadı "öldürmək", onun ruhuna xəncər soxmaqdan hansı ləzzəti alırlar bəzi insanlar?

Onunla telefon söhbətim oldu, suallarıma açıqlama da verdi.

Mənim:

"Sizcə son illər Milli Teatrda aktyorlarla rəhbərlik arasındakı soyuqluğun səbəbi nədir?Teatrda nə baş verir?" sualıma belə cavab verdi:

"Onu onların özləri yaxşı bilərlər. Mən heç nə deyə bilmərəm. Və bu barədə düşünməmişəm. Çünki heç vaxt qalmaqal, söz-söhbət mənlik olmayıb.
Mən yaradıcı insanam,mənim öz dünyam var. Hər kəsdən uzaq, özümlə baş-başa qaldığım bir dünya. Bu dünyada belə şeylərə yer yoxdu..."
Mövlanənin gözəl bir sözü var:
"İnsanın göz nəyi görürsə, dəyəri də o qədərdir."
Ona görə də mən kimin məni necə görməsi, necə tanıması o şəxsin özünün dəyərinə bağlıdır."-deyə cavab verdi.

Maraqlı cavab idi.

Dünyanın ən samballı teatrlarında aktyora dəyər çox yüksəkdir. Çünki, aktyor deyilən şəxs qorunmağa, qayğı göstəriləməyə layiq olan bir simadır. Təbii ki, söhbət əsil aktyordan gedir, kimlərinsə hesabına aktyor, aktrisa olanlardan yox.

İlham Hüseynov da belə aktyorlardandır. Öz zəhmətiylə, min bir əziyyətlə bu sənətin ağuşunda özünə yer tapan bir sənətkardı.Cavandı, amma bu cavan canında daşıdığı xəstəliklə bərabər səhnədən ayrılmır, hər yeni rol alanda, xəstəliyinə daha da güc gəldiyinə əmin olur.

Maksimalist insan olduğunu deyir. Onun xasiyyətində orta hədd yoxdur. Ya var, ya da yoxdu. Bütün məsələlərdə,-işində də, duşuncələrində də, hətta sevgisində belə.

Oynaq iradələ deyil.

İllər öncə verdiyi müsahibələrinin birində belə bir söz işlədir:

"Yaxşı aktoyrun yetişməyi üçün birinci növbədə yaxşı rejissor lazımdır..."

Bu fikrə mən daha bir əlavə etmək istəyirəm:

"Həm də yaxşı kollektiv və yaxşı rəhbərlik."

Aktyorun mənəvi qidasi tamaşadır, teatrdır. Bu qida tükənəndə, aktyor ruhən ölür.

Sənət aləmində həmişə qısqanclıqlar olub, bütün sahələrdə olduğu kimi. Amma, sənət elə bir şeydir ki, ona sahib olan insanlar kənardan tez görünürlər, diqqəti tez çəkirlər.
Vaxtiylə "Azdrama"da direktorlar hər hansı aktyorla şəxsi münaqişəsi, incikliyi olubsa, onları ümumi işə şamil etməyiblər.

İstedadlı aktyoru şəxsi münasibətlərinə görə əzməyiblər.

Əksinə, onlara yol açıblar. Bəs indi? İndi niyə o ənənəyə bu cür kobudcasına xəyanət olunur?

İlham Hüseynovu bu gün işdən çıxarmaq olar, müxtəlif bəhanələrlə haqqında min cür fikir söyləmək olar, xasiyyətcə fərqli insan ola bilər, Azərpaşa müəllim onun xasiyyətindəki özəllikləri həzm etməyə bilər.

Amma, bütün bunların sənətə şamil etmək olmaz. Aktyor fərd olsa da, o bu sənətə qurban verdiyi ömründə onlarla obraza can, nəfəs verir.

Aktyoru əzmək, onu gözdəın salmağa çalışmaq, məsuliyyətsiz bir obraz tipində cəmiyyətə "sırımaq" hansı qanuna sığır?

Əgər İlham Hüseynov sıradn bir aktyor olsaydı, düzü heç mən də vaxtımı itirib haqqında nəsə yazmağı düşünməzdim.

Rejissorlar inciməsinlər, Azərbaycan rejissorlarının çəkdikləri iki serialdan biri-ni("Cehizsiz gəlinlər")"Vİcdan haqqı"-nı o sevdirib mənə İmran obrazı ilə.

Mənim kimi minlərlə tamaşaçısı var, "çoxbilmiş", "xəbis," "eqoist" İmranın.

Azərpaşa müəllim, belə bir istedadlı aktyora qarşı atdığı bu addımla Milli Teatrın imicinə, tarixi adına ziyan vurmursunuzmu?

Siz axı elə bir atanın çörəyini yemisiniz ki, o insan Azərbaycan incəsənətində öz sözünü deyib, imzasını qoyub.O atanın övladından belə bir addım ağlasığmazdır.

Mənsə, dəyərli aktyor, Respublikanın Əməkdar artisti İlham Hüseynova qarşı atılan bu haqsız addımın tezliklə müsbət həllini tapacağına və Azərpaşa müəllimin də böyüklüyü sayəsində tamaşaçısının "nifrət"ini qazanmağa qadir olan İmranını BÖYÜK SƏNƏT MƏBƏDİNDƏ yeni-yeni obrazlar yaradacağına əmin olmaq arzusuna sığınıb, Əbu Turxanın bu kəlamıyla sözümü bitirirəm:

"İnsan var dərya kimidir, baş vurdunsa,çıxmaq çətindir;insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən;insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır..."



İnform.az

Baxış sayı: 2213