Araşdırma
07.03.2018 / 10:00

Əlamüt şeyxinin sirli dünyası- Araşıdrma

Əlamüt şeyxinin sirli dünyası-
Vüqar Zifəroğlu


Nizami Gəncəvi, Ömər Xəyyam və Əlamüt

Əvvəli burada:http://inform.az/index.php?newsid=28927

Həsən əs-Sabbah haqqında orta əsr mənbələrində qeyd edilən məşhur hadisələrdən biri də dahi özbək şairi Ömər Xəyyam ilə bağlıdır. Nizamülmülkün «Məcməul və saya» («Vəsiyyətlər toplusu») adlı əsərində nəql edilən bu hadisəyə görə, Nizamülmülk, Ömər Xəyam və Həsən əs-Sabbah gənc yaşlarında eyni mədrəsədə oxuyublar. Onlar söz verib əhd peyman bağlayırlar ki, kim birinci olaraq böyük bir mənsəbə çatsa, digərlərini də irəli çəkərək onlara kömək edəcək. Zahirən bu rəvayət bəzi tarixi hadisələr baxımından mümkün olduğu halda, başqa faktlar bunun həqiqət olmadığını ortaya qoymuş olur.

Belə ki, biz, əsrin son dərəcə görkəmli alim və şairi olmuş Ömər Xəyyamın həqiqətən də Nişabur yaxınlığında kənd aldığını, orada yaşayaraq yaratdığını, Həsən Sabbahın Nizamülmülk vasitəsi ilə sarayda vəzifə aldığını görürük. Lakin digər tərəfdən, bu tarixi şəxsiyyətlər arasındakı yaş fərqləri onların gənclikdə bir yerdə oxuya biləcəklərini tamamilə şübhə altına alır. Tarixdən məlum olduğu kimi, Nizamülmülk 1018-ci ildə, Xəyyam 1040-cı ildə anadan olub. Həsən Sabbahın anadan olduğu tarix mənbələrdə dəqiq göstərilməsə də, təqribən XI əsrin 50-60-cı illəri ehtimal edilir. Bu qədər yaş fərqləri olan adamların gənc yaşlarında bir mədrəsədə təhsil almalarını, əlbəttə, ciddi bir hökm kimi qəbul etmək olmaz. Lakin qeyd etmək lazımdır ki, Sabbahın Ömər Xəyyama böyük simpatiyası olub. Hətta bildirildiyinə görə, şair, ən çətin anlarda Həsəndən iltifat və himayə görüb.

Lakin Xəyyamdan fərqli olaraq Azərbaycan və türk poeziyasının təkrarolunmaz dühası Nizami Gəncəvinin Əlamüt şeyxləri ilə münasibəti pis olub. Bəzi mənbələrə görə, Azərbaycan Atabəylər Dövlətinin görkəmli hökmdarı Qızıl Arslan Gəncənin yaxınlığında yerləşən Həmduniyan kəndini böyük şairə bağışlayır. Kəndin əvvəlki sahibi isə Əlamüt ilə əlaqədə olan birisi imiş. Nəticədə kəndin əlindən çıxması ilə barışmayan həmin şəxs, kömək üçün Əlamüt ismaililərinə müraciət edir və himayə istəyir.

Çox keçmir ki, Nizami fədailərdən məktub alır. Məktubda təklif edilir ki, şair Qızıl Arslanın bağışladığı kəndi köhnə sahibinə qaytarsın və cümə məscidinə gedib tövbə namazı qılsın. Bir tərəfdən atabəy Qızıl Arslanı, digər tərəfdən isə Şirvanşah Axstanı özünə arxa bilən Nizami Əlamüt şeyxinin xəbərdarlıq məktubuna əhəmiyət vermir.

İsmaililər bir neçə dəfə xəbərdarlıq kimi, şairə göndərilmiş hədiyyə karvanlarını qərət etsələrdə, şair bunu da ciddiyə almır. Nəticədə həmin dövrün Əlamüt şeyxi Çalqara daisinə şairi «cəzalandırmaq», Həmduniyan kəndini isə əvvəlki sahibinə qaytarmaq barədə fitva verir. Çalqara daisi isə öz növbəsində müridlərdən birini şairin ardınca göndərir. Eyni zamanda Əlamüt müridlərinə qarşı amansız təqibə başlayan atabəy Qızıl Arslanı cəzalandırmaq üçün bir neçə fədai yola düşür. İkincilər məqsədlərinə çatırlar, atabəy öldürülür. Birinci tapşırıqla bağlı isə hər şey nəzərdə tutulduğu kimi olmur.

Fədailər sonuncu xəbərdarlıq kimi, gecə şairin evinə girib balıncının yanına bıçaq saplayırlar. Bunun da nəticəsiz olduğunu görən qatillər növbəti gecə evə basqın edirlər. Lakin səhvən Nizami Gəncəvinin yerinə həyat yoldaşı Gövhəri öldürürlər...

Ardı var...

İnform.az

Baxış sayı: 197