Qarabağ, Hüquq
06.03.2018 / 13:30

Vətən sənə oğul dedi

Vətən sənə oğul dediİnsan övladının Vətəninə bağlı olması ən təbii hisslərdən biridir. 1971-ci ildə Gəncədə fəhlə ailəsində anadan olan İqor Makeyev də doğma şəhərini, Vətənini çox sevirdi.

İqor 1990-cı ildə hərbi xidmətə çağırılıb. Əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət edib və burada çavuş məktəbində təhsil alıb.

Azərbaycanda baş verən hadisələr onu narahat edirdi. Təhsilini yarımçıq qoyub Gəncəyə qayıdıb. Vətənin dar günündə cəbhəyə getmək qərarına gəlib. elə bu niyyətlə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına könüllü kimi yazılır.

Bir neçə gündən sonra cəbhəyə yollanıb. Sərt sınaqlardan keçib. Silahların dilini bildiyinə görə onu pulemyotçu təyin ediblər.

1992-ci il 5 iyununda ermənilər Naxçıvanlı kəndinə hücuma keçəndə İqor onlarla erməni yaraqlısını məhv edib. İşğalçılar kəndi tutsalar da döyüşçülərimiz bir qədər sonra əks hücuma keçərək kəndi geri ala biliblər. Ağdərə uğrunda gedən döyüşlərdə isə o qəhrəmanlıq salnaməsi yazıb. İqorun son döyüşü isə 1992-ci il avqustun 2-si olub. "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə o, digər döyüşçümüzlə birlikdə ön cərgədə gedirdilər. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradır, özü isə şəhid olub.

Beləliklə Azərbaycanın şanlı tarixinə bir qəhrəman da adını yazdırdı. İqor Vladimiroviç Makeyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Eşqin Qasımov/Polis leytenantı

Baxış sayı: 135