Hüquq
03.03.2018 / 13:00

Faydalanmaq üçün əvvəlcə öyrənək- FOTO

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin təşkilatçılığı ilə rayonun Alı Mustafayev adına 5 saylı tam orta məktəbində “Narkomaniya əsrimizin bəlasıdır”, “Dini radikalizmin fəsadları” və “Erkən nikaha daxilolmaya yox deyək” mövzusunda şagirdlərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan RPŞ-nin rəisi, polis polkovniki İlqar Məmmədov əsrimizin bəlasına çevrilən narkotik vasitələrin insan həyatına vurduğu zərərdən, yaratdığı asılılıqdan və cəmiyyətin inkişafına, genefondumuza dağıdıcı təsirindən bəhs edib, bütün bunların əsl fəlakət olduğunu bildirərək, yeniyetmələrin cəmiyyətdə düzgün mövqe tutması üçün tövsiyələrini verib. Rəis həmçinin narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin yolverilməz olduğunu bildirib, narkomaniyaya qarşı aparılan uğurlu tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra tədbirdə çıxış edən rəis müavini, polis polkovnik-leytenantı Zaur Nəsirov narkotik vasitələrin, erkən nigaha daxilolmanın həm kobud qanun pozuntusu, həm də insan orqanizmi üçün mənfi cəhətlərindən bəhs edərək, gənclərin sağlam həyat yaşamağının və vətənpərvər ruhda böyüməyinin cəmiyyətin əsas inkişaf meyarlarından biri olduğunu izah edib. Z. Nəsirov bildirib ki, əsas məqsəd erkən nigah və onun yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdırmaq, bu sahədə məsuliyyəti artırmaq və yerli icmaları bu problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər etməkdir.

Rayonun axundu Ramazan Hüseynov çıxışında din pərdəsi altında yalan vədlər verən, əslində isə cəmiyyətdə dini radikalizmi, dözümsüzlüyü təbliğ edən, sabitliyi, əmin-amanlığı pozmaq istəyən müxtəlif qruplaşmalara aldanmamağa, eləcə də yeniyetmələri bu istiqamətə yönləndirmək istəyən qruplara qarşı mübarizə aparmağa, onların yalançı, təxribat xarakterli vədlərinə uymamağa çağırıb.

O, gənclərin bu yola düşməməsi üçün ailə və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Sonda isə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Faydalanmaq üçün əvvəlcə öyrənək-



Aslan Qiyaslı/Polis leytenantı

Baxış sayı: 215