Mədəniyyət, Müsahibə
03.03.2018 / 11:26

“Təkəlduz tikmək üçün həndəsəni də bilməlisən” - Vəfa Mustafayeva

“Təkəlduz tikmək üçün həndəsəni də bilməlisən” -
Azərbaycanın turizm mərkəzlərindən biri olan Şəki qədim sənətkarlıq nümunələriylə məhşurdur. Belə sənət növlərindən biri də “Təkəlduz” sənətidir.

Təkəlduz qullab, yəni qarmaqla vurulan zəncirli tikişin istifadəsi ilə hazırlanan bədii tikmə növü və üsuludur. Hərfi mənada "tək əllə düz” mənasını verən sənət növünə Avropa dillərində "zəncirli naxış" da deyirlər. Çünki bu tikmə növünün əsasını qədim çağlardan gələn zəncirli tikiş təşkil edir. Özbəkistanda bu naxış növünə "yurma" və "darafş" deyilir.

18-ci əsrdən inkişaf etməyə başlayan bu sənətin əsas nümunələri kişilər tərəfindən işlənilib və hal-hazırda muzeylərdə sərgilənir.

Təkəlduz sənətində əvvəl eskiz çəkilir, sonra ipək saplarla üərindən işlənilir.

Keçmişdə balınc üzlərində, süfrələrdə, xanımların geyimlərində təkəlduzdan istifadə ediblər. Xanımların geyimlərində təkəlduz olurdusa bilinirdi ki, həmin xanım varlı ailənin və ya zadəgan qızıdır.

13 ildir bu sənətlə məşğul olan Vəfa Mustafayeva təkəlduz sənətində sapların rənglərinin bir-biri ilə uyğun olmasının mütləq olduğunu qeyd edir.

Modern.az saytı onunla müsahibəni təqdim edir:

- Təkəlduz sənəti ipək saplarla işlənilir. Əvvəlcə eskizi çəkilir, sonra ipək saplarla üərindən tikilir.

“Təkəlduz tikmək üçün həndəsəni də bilməlisən” -


- Təkəlduzun əsas xüsusiyyətləri nələrdir?

- Əsas naxışlardan ibarətdir. Həm də qara fonda işlənilir. Qara fondan istifadə olunması buradakı rənglər təmasını çox gözəl göstərir.

Bu sənət qışı çox sevir. Qış gecələrində bu işi işləyirik, yayda da sərgiləyirik. Yayı bu sənət çox sevmir. Çünki, isti hava qalın parçaya təsir edir və tikmək olmur.

İndi biz təkəlduz əl işlərimizi çərçivəyə salırıq ki, müasir olsun, itib-batmasın. Çünki hal-hazırda çoxları parça süfrələrdən, balınc üzlərindən istifadə etmirlər.

- Hansı növ naxışlardan istifadə edirsiz?

- Əsas milli naxışlara üstünlük veririk. Toğrul Nərimanbəyov demiş: “Hər bir sənətkar öz milliliyinə üstünlük verməlidir”. Əgər biz Avropa üslubunda işləsək, biz o sənətin içində itib-batarıq. Ona görə də buta ornamentlərindən, Şəki Xan Sarayının divar naxışlarındakı naxışlardan daha çox istifadə edirik. Gələn turistlərə də bunu təbliğ edirik. Biz onlara Xan Sarayının divar naxışlarından çəkilmiş naxış olduğunu deyəndə onlara maraqlı gəlir və onu almağa çalışırlar.

Keçmişdə təkəlduz naxışları vasitəsilə insanlar bir-biriylə danışıblar. Yəni, xanım öz sevdiyinə yaylığın üzərinə naxış çəkib verirdi, oğlan da xanımın nə dediyini o naxışla bilirdi. Azərbaycan naxışları o qədər zəngindir ki, onlar danışırlar.

- Təkəlduz tikmək üçün nələri öyrənmək lazımdır?

- Həndəsəni də bilməlisən. Çünki, həndəsəni bilməsən, 1santimetr əskik və ya artıq olsa, naxışlar əyri alınacaq. Həmçinin rəssamlıq qabiliyyətin də olmalıdır. Ona görə ki, əvvəl eskiz çəkilir.Eskiz düz çəkilməlidir ki, naxışlar əyri alınmasın.

“Təkəlduz tikmək üçün həndəsəni də bilməlisən” -


- Keçmiş və müasir təkəlduz sənətkarlarının üslublarında fərqlər varmı?

- Parçanı biz də saxnağa keçiririk. Keçmişdə də yumru formada saxnağ olub. Parçanı ona keçirib eskiz çəkilib, sonra indiki kimi naxışlar həmin eskiz əsasında tikilib.

- Hansı sərgilərdə iştirak etmisiz?

- Heydər Əliyev Fondu tərəfindən təkəlduz sənəti bütün dünyada sərgilərdə sərgilənir. Bu sənətə görə Fransada, Kolmarda, Moskvada olmuşuq. Sərgilərdə təbliğ etmişik. Mən orada gördüm ki, xaricilər çox maraq göstərir. HəttaFransada master klass zamanı təkəlduz tikəndə onlar maraqlanıb xahiş edirdilər ki, təkəlduz iynəsini göstərək görsünlər, bu iynə fərqli iynədirmi?

- Bəs sərgilər zamanı xaricilər bu sənəti öyrənmək üçün sizə müraciət edirdilər?

- Fransada olanda biz turistlərə,xaricilərə master-klass keçdik və onlara dedik ki, əgər siz bu işləri tikib-qurtarsanız bunları sizə hədiyyə edəcəyik. Eləsi oldu maraq göstərib tikdi, tikə bilməyənlərə də köməklik edib qurtarıb onlara hədiyyə verdik.

- Mükafatlarınız təkəlduz sənətiylə bağlıdır, yoxsa başqa mükafatlarınız da var?

- 2015-ci il I avropa Oyunlarında, Formula 1 yarışlarında master-klass keçdiyimizə görə fəxri diplomlarla mükafatlandırılmışıq. Biz bacımla tək təkəlduz sənətiylə kifayətlənmirik. Bizim 3D formatında kuklalar əl işlərimiz var.O işlərə görə də I yerə layiq görülübGənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmışdıq.

“Təkəlduz tikmək üçün həndəsəni də bilməlisən” -


- Neçə tələbəniz var?

- Çox deyil. Çünki vaxt yoxdur. İki dənə tələbəm var. Biri demək olar ki, sənətkar kimi fəaliyyət göstərir. Biri də ki bacımın qızıdır.

- Tələbələrinizə nələri məsləhət görərdiz?

- Tələbələrimə məsləhət görərdim ki, tələsməsinlər.Yəni, sənətə gələn kimi “sənətkaram” deməsinlər.Mən özümə də sənətkar demirəm. Çünki işlərə digər insanlar baxıb qiymət verməlidirlər. Satmaq üçün yox, sənətdə qalmaq üçün işləsinlər.

Bir də ki deməsinlər mən hər şeyi bilirəm. Çünki işlədikcə yeniliklər öyrənirsən. Yəni, deyirsən ki, belə tiksəydim asan olardı, sapı belə çıxartsaydım daha rahat olardı.

“Təkəlduz tikmək üçün həndəsəni də bilməlisən” -


“Təkəlduz tikmək üçün həndəsəni də bilməlisən” -


“Təkəlduz tikmək üçün həndəsəni də bilməlisən” -


Modern.az


Baxış sayı: 307