Araşdırma
03.03.2018 / 11:07

Əlamüt şeyxinin sirli dünyası- Araşıdrma

Əlamüt şeyxinin sirli dünyası-
Vüqar Zifəroğlu


«Assasiyun»lar


Əvvəli burada:http://inform.az/index.php?newsid=28557


Həmin dövrün hökmdarlarından heç kim özünü Həsənin iqtidarından kənar hesab edə bilməzdi.


Paklığın və qanın rənginə uyğun olaraq bəyaz xirqə geymiş, belinə qırmızı qurşaq bağlamış müridlər öz şikarlarını harada olsa tapırdılar. Nə qala qapıları, nə silahlı keşik dəstələri onların qarşısını kəsə bilirdi. Şeyxlərindən yeni tapşırıq alan müridlər, hətta ən dəhşətli ölüm badəsini belə acgözlüklə içməyə hazır idilər. Əlamüt ölüm qalasına, Həsən Əs-Sabbah Əzrayıla, müridlər isə ölüm mələyinin ən qorxulu xidmətçilərinə çevrilmişdilər. Onların qarşısında əyilməyən baş yox idi. Fərq etməz, bu baş ya özü əyilməliydi, ya da ki, bir qılınc zərbəsi ilə ayaqlar altına diyirlənirdi. Onlar tarixin indiyədək tanıdığı ən mütəşəkkil və gizli təşkilatlarından birinin – «Assasiyunlar» təriqətinin üzvləri idilər. «Assasin» sözünün indi də bir çox Avropa dillərində «qatil» mənasında işlənməsi, bu təşkilatın onların tarixində necə dərin iz buraxdığından xəbər verir.

Ümumiyyətlə onlar kim idilər və nə istəyirdilər?
İsmaililər təriqət olaraq şiə məzhəbili müsəlmanlar tərəfindən yaradılıb. İsmaililər başqa şiələr kimi Cəfər əs-Sadiq daxil olmaqla ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra imamətin, on iki imama inananlardan fərqli olaraq, kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. “İsna əşəri”lərdən (on iki imamçılardan) fərqli olaraq yeddi imamı qəbul etdiklərinə görə, onlara "səbiyyə" (yeddi imamçılar) də deyilir. Bu məzhəbin ardıcılları Cəfər əs-Sadiqin imaməti bilavasitə oğlu İsmailə həvalə etdiyinə inanırlar. İsmail atasından öncə vəfat etdiyinə görə, onun tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da onlara tabeçilik göstərmək vacibdir.
İsmailin yaxın dostu Əbu əl-Xəttab, sonralar "İsmailiyyə" adı altında təşəkkül tapan firqənin əsasını qoyub. İsmaililər yarandığı ilk dövrdə imamların yeddi olduğuna etiqad etsələr də sonralar inandıqları imamların sayı artıb. Məhəmməd Məqtumdan sonra imamətin oğlu Cəfər əl-Müsaddiqə, sonra onun oğlu Məhəmməd Həbibə, daha sonra isə Məhəmmədin oğlu olan Mərakeş hakimi Übeydullah Mehdiyə keçməsi dediklərimizi açıq-aydın isbat edir. Eyni zamanda ismaililərin Misirdə yaratdıqları Fatimilər xilafətinin bütün xəlifələri imam hesab olunub.

Xəlifə əl-Müntəsirinin ölümündən sonra (1094-cü il) şiə İslamının ən böyük təriqətlərindən biri olan İsmaililər arasında parçalanma baş verdi. İsmaililər iki cəbhəyə – nizarilərə və müstəlilərə ayrıldılar.

Əlamüt şeyxinin sirli dünyası-

İsmaili hərəkatının siyasi dəstəyi ilk növbədə Qairədəki Fatimi xəlifəsi əl-Müntəsirdən gəlirdi. Fatimi-Abbasi rəqabətində ismaililər birinciyə tam dəstək verməkdə idilər və onu qanuni imam hesab edirdilər. Lakin əl-Müntəsirin vəfatından sonra, 1094-cü ildə Misirin ambisiyalı vəziri əl-Əfdal qanuni varis olan Nizarı taxtdan uzaqlaşdıraraq həbs etdirir. O, istəyirdi ki, hakimiyyəti onun kiçik qardaşı əl-Müstəliyə devr etsin. Əl-Müstəli vəzirin bacısının əri idi və hakimiyyətin kiçik qardaşa ötürülməsi vəzirin faktiki olaraq taxtın hakimi olması demək idi. Vəzir buna nail olur. Nizar isə İsgəndəriyyəyə qaçıb qiyam qaldırmaq istəsə də, məğlub olub zindanda öldürülmüşdür.Lakin dağlar qocası bu dəyişikliyi qəbul etmir. Səbbah əl-Müstəlini imam olaraq qəbul etməkdən imtina edir və Nizarı dəstəkləməkdə davam edir. Həsənin tərəfdarları sonra təsdiqləyirdilər ki, Nizarın azyaşlı oğlunu gizli şəkildə Əlamütə gətirərək, qeyb olmuş imam kimi yetişdirirdilər. Nizarı dəstəkləmələri səbəbi ilə isə, Sabbahın tərəfdarlarına artıq “nizarilər” deyilməyə başladı. Dağlar qocası artıq ciddi problemlə baş-başa qalmışdı. Əvvəllər o, Abbasilərə qarşı mübarizədə Fatimilərin dəstəyini almaqda idi, indi isə artıq tək qalmışdı...

Əs-Səbbah öz dailərini İslam coğrafiyasının hər nöqtəsinə göndərərək tərəfdarlarının sayını artırmağa cəhd göstərdi. Nəticədə, Abbasi və Fatimi torpaqlarında baş alıb gedən özbaşınalıqlar, dağlar qocasına böyük tərəfdar kütləsi qazandırdı. Həsən biri birinin ardınca bir sıra qalaları və ətrafdakı bölgələri öz nəzarəti altına aldı. Ağır həyatdan bezmiş yerli camaat isə, cənnəti görmək ümidi ilə həvəslə şeyxin fədailər ordusuna qoşulmaqda idi.

Nizarilər İranda və şərqin Fatimi xilafətinə daxil olmayan başqa ölkələrində, müstəlilər isə Qərbdə Misir və Fatimi Xilafətinə tabe olan ölkələrdə üstünlük təşkil edirdilər. Qeyd etmək lazımdır ki, İsmaililərin bu iki qolu indi də qalmaqdadır.

İsmaililərə görə İslam şəriətinin həm zahiri, həm də batini mənaları var. İsmaililər daha çox batini şəriətə önəm verdikləri üçün onları "batinilər" də adlandırırlar. İsmailiyə görə, şəriətin batinini yalnız məzhəbin imamları bilir. Buna görə də “Qurani-Kərim” ayələrini məcazi mənada yozaraq iddia edirdilər ki, bütün bu "yozmalar" müqəddəs kitabın batini mənalarını bilən imamlardan gəlir. Bu cür yanaşmalar bəzi sufi təriqətlərinin təlimlərində də var. Zaman keçdikcə ismaililər dinin zahirinə, açıq-aşkar göstərilən halal-haram problemlərinə əhəmiyyət verməyib, batini mənalarının dərk olunmasını vacib hesab edib.

Onlar inanırdı ki, Allah imamları başqa müsəlmanlardan daha üstün tutaraq, onlara varlığın bütün gizlinləri haqqında bilik verib. İsmaililərə görə, imamlar başqalarının xəbəri olmadığı biliklərə sahibdir və özlərini tərəfdarlarına açıq-aşkar göstərməyib, "gizli" də qala bilirlər. İsmaili inancına görə sonda "gizli imam” dünyada peyda olub ədaləti bərpa edəcəkdir. İsmaililərin təlimində qərb fəlsəfəsindən geniş şəkildə bəhrələnib. Onlar antik pifaqorçuluğun və yəhudilərin Kabbala adlı mistik təliminin təsiri ilə rəqəmlərin mistikasına, müqəddəsliyinə inanırdılar. İsmaililər "yeddi" rəqəminə böyük önəm vermiş və onu müqəddəs hesab etmişlər.

Nizarilərin əsas kütləsi Suriyanın, Livanın, İraqın və İranın dağlıq rayonlarında fəaliyyət göstərirdi. XI əsrin axırlarında onlar mərkəzi Əlamütdə (İranın şimalı) olan müstəqil dövlət yaratdılar və bu dövlət XII əsrin ortalarınadək mövcud oldu. Nizari ismaililəri dövlətinin banisi Həsən ibn Əs-Sabbah «əd-dəvət əl-cədidə» (yeni çağırış) adını alan təlimdə öz sosial və siyasi fikirlərini şərh edirdi. Onun təlimi həmçinin, fatimilərin «əd-dəvət əl-qədimə» (köhnə təlim) təlimindən fərqli olaraq «yeni ismailizm» adlandırılırdı. Siyasi mübarizə praktikasında nizarilər terrorçuluq metodundan geniş istifadə edirdilər: terrorçuluq tədbirlərinin narkotik maddə (həşiş) qəbul edən icraçıları orta əsrlərdə Yaxın Şərqdə «həşşaşilər» adı ilə məşhur idilər. Bu ad Avropa dillərinə (ingilis, fransız, italyan) təhrif olunmuş formada (assasin) «qatil» mənasında daxil oldu. Hazırda bəzi ölkələrdə «xoca» adlandırılan nizarilər Asiya və Afrikanın 20-dən artıq ölkəsinə yayılıb. Onların Ağa Xan fəxri adını daşıyan ruhani başçısının iqamətgahı Hindistanda və Geniyada yerləşir (bax: İslam. B., 1989, s. 73).

«Dağlar qocası» Həsən Əs-Səbbahın özünün də maraqlı tarixi var. Həsəni Əlamüt qalasına aparan yol uzun və heç də düz olmayıb.

Ardı var...

İnform.az

Baxış sayı: 136