Hüquq
28.02.2018 / 16:01

Sağlam gələcək üçün məsuliyyət daşıyırıq- FOTO

Sağlam gələcək üçün məsuliyyət daşıyırıq-
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə ” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin əməkdaşı İlqar Xalıqov bugün bəşəriyyətin sağlam həyat tərzini pozan və onun ən ağrılı problemlərindən biri olan, cəmiyyətin ciddi bəlasına,xalqın,millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və onun gətirdiyi saysız-hesabsız bəlalardan söz açıb.

O, narkomaniyanın cəmiyyətimizə, ümumilikdə bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. İ.Xalıqov gəncləri diqqətli olmağa və sağlam həyat yaşamağa, daim biliklərini və təhsillərini artırmağa çağırıb.

Dini radikalizmin fəsadlarından da söz açan polis zabiti ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə də gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Daha sonra çıxış edən RPŞ-nin əməkdaşı Elvin Həsənov erkən nikahın ölkəmizdə qanunla qadağan olunduğunu və gerilik əlaməti olan bu işi qanunsuz şəkildə həyata keçirənlərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib. Belə problemlərin aradan qaldırılması üçün cəmiyyətin hər bir üzvünün fəal iştirakının vacib olduğunu və ümumi problemlərin birgə səylərlə aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

Sağlam gələcək üçün məsuliyyət daşıyırıq-


Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 244