Hüquq
27.02.2018 / 11:50

Gənclər bu bilgilərdən faydalanacaq

Gənclər bu bilgilərdən faydalanacaq
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə İsmayıllı rayonu İstisu kənd tam orta məktəbində ”Narkomaniyaya yox deyək”, “Dini radikalizm” və “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə İsmayıllı RPŞ-nin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edən İsmayıllı RPŞ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili qrupunun inspektoru Rahim Orucov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün doğurduğu təhlükələrdən, eləcə də ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.

Daha sonra çıxış edənlər dini radikalizm və fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Dini radikalizmin qarşısının alınmasında təhsilin xüsusi önəminin olduğunu diqqətə çatdırıblar.

Milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb. Həmçinin zərərli vasitələrə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən, sosial hadisə olan erkən nikahın ailə məsələlərində ciddi narahatlıq doğuran məsələ olması barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət" sənədli filmi nümayiş olunub.
Sonda məktəbliləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Gənclər bu bilgilərdən faydalanacaq


Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 206