Gündəm, Qarabağ
26.02.2018 / 12:43

Dünya bu cinayətə göz yummamalıdır

Dünya bu cinayətə göz yummamalıdır
Fevralın 26-da Qusar RPŞ-də rayon ziyalılarının iştirakı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimin əvvəlində soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlov çıxış edərək, tariximizin ən dəhşətli hadisəsi olan Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş soyqırım olduğunu, günahsız insanların vəhşicəsinə qətlə yetirildiyini və bir gecənin içərisində şəhərin yerlə-yeksan edilərək sakinlərinin öz yurdlarından didərgin düşdüyü bildirib. Günahsız soydaşlarımızın erməni quldurları və 366-cı motoatıcı alayın hərbçiləri tərəfindən olmazın müsibətlərə məruz qaldıqları barədə faktlar səsləndirilib.

Çıxış edənlər Xocalı sakinlərinin başlarına gətirilən bəlalardan danışıblar. Xocalıda törədilmiş bu vəhşiliklərin nəticəsində 613 nəfərin qətlə yetirilərək meyitlərinin təhqir olunduğu, 1275 nəfərin girov götürüldüyü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığı, qətlə yetirilənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin ahıl və qoca olduğu, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyi xüsusilə diqqətə çatdırılıb.

Mərasimin sonunda Xocalı soyqırımı zamanı lentə alınmış kadrlar nümayiş etdirilib.

Dünya bu cinayətə göz yummamalıdır


Nizam Həmidov/Polis leytenantı

Baxış sayı: 187