Diaspora Akademiyası, Gündəm
26.02.2018 / 11:41

Sidney sakinləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıblar

Sidney sakinləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıblar
Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində məlumatlandırma aksiyası keçirilib.

İnform.az-ın Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatına görə, Avstraliya Azərbaycan Assosiasiyası Birliyinin sədri Mikayıl Oytanın təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində şəhərin mərkəzində Xocalı soyqırımını, erməni vəhşiliklərini əks etdirən stendlər qurulub.

Stendlərdə erməni hərbi birləşmələrinin 1992-ci ilin fevralında bir gecədə Xocalı şəhər sakinlərinə qarşı həyata keçirdiyi amansız qətliam və vəhşiliklər barədə məlumatlar əksini tapıb.

Bundan başqa, təşkilatın üzvləri şəhərin sakinlərinə və qonaqlarına Xocalı soyqırımı qurbanlarının fotoları, sayı və digər məlumatların əks olunduğu broşürlər paylayıblar.

Həmçinin, şifahi şəkildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, nəticədə bir milyon insanın qaçqın və məcburi köçkün düşməsi, Xocalıda qadınlara, yaşlılara, uşaqlara qarşı edilmiş vəhşiliklər barədə sakinlərə və qonaqlara məlumat veriblər.

İnform.az

Baxış sayı: 160