Baş xəbər, Araşdırma
24.02.2018 / 13:06

Əlamüt şeyxinin sirli dünyası- Araşıdrma

Əlamüt şeyxinin sirli dünyası-
Vüqar Zifəroğlu

1098-ci ildə Fransa imperatorunun şəxsi nümayəndəsi qraf De La Kotye bir neçə həftəlik uzun və ağır yol qət etdikdən sonra, nəhayət ki, səfərinin əsas məqsədinə – Əlamüt qalasına çatdı.

İranın şimalında, dağların əhatəsində yerləşən bu qala, öz əlçatmazlığından daha çox, sahibinin adı ilə məşhurlaşmışdı. Qraf, məhz qəsrin sahibi ilə görüşmək üçün bu qədər uzun və təhlükəli yol qət etmişdi.

Həsən ibn Əs-Sabbah fransızların səfirini şərq lütfkarlığı və eyni zamanda soyuqqanlığı ilə qarşıq bir şəkildə qarşıladı. Bu öz növbəsində hər şeyi ifadə edə biləcəyi kimi, heç nəyi də göstərə bilərdi.

Şərq ölkələrində yaşadığı illər ərzində qraf bir həqiqəti dərk etmişdi – insanın necə gülməsi və ya nə danışması əhəmiyyət kəsb etmir. Əhəmiyyətli sayıla biləcək şey – həmin insanın nə zaman və necə hərəkət etməsidir. Qrafın qarşısına qoyulan məqsəd də, məhz, bu sonuncunu aydınlaşdırmaqdan ibarət idi – Şeyx Həsən və onun müridləri nə etməyə hazırlaşırlar.

Çoxları Həsəni «Dağlar qocası» adlandırırdı. Bəlkə də buna səbəb Əlamüt qalasının uca, əlçatmaz zirvələrdə yerləşməsi olub. Lakin Həsəni qoca adlandırmaq heç cür mümkün deyildi. Şərq adətinə görə, qarşısında duran Şeyxin gözlərinin içinə baxmamağa çalışan qraf, buna rəğmən hiss edirdi ki, Həsən insanın hakimiyyətə can atdığı və onu əldə etmək üçün hər cür mübarizəyə hazır olduğu yaşlardadır.

Söhbət məhz nəsildən-nəslə keçən irsi taxt hakimiyyətindən getmir, məhz o hakimiyyətdən gedir ki, onu yalnız ağıl, zor və qan gücünə əldə etmək olar. Həsən məhz taleyinə belə bir qismət yazılmış insan idi.

Əlamüt şeyxinin sirli dünyası-


Qorxunc hakimiyyət

Qrafın qarşısına çox incə və diplomatik məsələ qoyulmuşdu. Şübhəsiz ki, xristian hökmdarının, indi qarşısında dayandığı «aliməqam Əlamüt şeyxi» ilə ittifaqı, hətta bu ittifaq gizli olsa belə, ağlasığmaz idi.

Lakin belə bir ittifaqın mümkünsüzlüyünü də iddia etmək olmazdı. Hər iki tərəf bu ittifaqdan yalnız mənfəət əldə edə bilərdi. Qraf da təmkin və ehtiyatla, şərqlilərə məxsus bəlağətli sözlərlə Həsənə təsir etmək ümidindəydi. O, həmişə şərqlilərlə söhbət etdiyi zaman bu cür danışır, onlarda maraq oyatmağa çalışırdı.

Çox zaman öz fikirlərini aydınlaşdırmaq, gətirdiyi arqumentləri gücləndirmək üçün, şərq şairlərinin qəzəllərinə də müraciət edirdi. Qraf sanki fransızca deyil, onların dilində düşünürdü, o, hər şeyə onların gözü ilə, onların maraq dairəsi ilə baxmağa çalışırdı.

Şərqin incəliklərinə və ədəbiyyatına, fəlsəfəsinə dərindən bələd olan qraf, bununla belə müqəddəs Qurandan misallar gətirməzdi. O, yaxşı bilirdi ki, xristian dodaqlarından qopmuş müqəddəs Quran kəlamları başqa cür səslənə bilər. Bunun isə qiyməti çox ağırdır. Nə yaxşı ki, qraf zamanında bu dili mükəmməl öyrənmişdi. O, həm özündən, həm qarşısına qoyulan əhəmiyətli məsələdən, həm də çox incə diplomatik kombinasiya qurmuş hökmdarından razı idi.

Həmin gün Həsən ibn Əs-Sabbah heç bir cavab vermədi. Lakin, qraf bunun belə olacağını təxmin etmişdi. Axşamçağı onlar, qala divarlarının ətrafında gəzintiyə çıxdılar. Söhbət incə mətləblərdən, lakin eyni zamanda qrafı buralara gətirən əsas məqsəddən kənar şeylərdən – poeziyadan, təbiətdən, ruhun kamilliyindən gedirdi. Əsasən də ruhun kamilliyindən.

- Dağların bu yerindən açılan mənzərə – qraf sözə başladı – istər-istəməz insanda fəlsəfi fikirlər yaradır.

İşinin incəliklərinə xüsusi diqqət yetirən diplomatlar kimi, qraf, əlinə imkan düşdükcə ev sahibinə xoş sözlər söyləyirdi.

- Siz mənim qonağımsınız, - Həsən gülümsədi- Əgər bu misgin mənzərə sizi öz yurdunuzda heç zaman fikirləşmədiyiniz şeylər barədə düşünməyə vadar etdisə, mən çox sevinər və rahat olardım.

Qraf sonuncu sözlərin mənasını özü üçün aydınlaşdıra bilmədi. Həsənin bu sözlərini necə qiymətləndirmək olar: xoş iltifat, yoxsa təhqir kimi?

Lakin, bununla belə, hər ehtimala qarşı gülümsündü. Qrafın da təbəssümü, Həsənin sözləri kimi ikibaşlı göründü. Bunu hiss edən şeyx, öz fikrinə aydınlıq gətirməyi lazım bildi.

- Mənim çox hörmətli qonağım, bu gün öz hökmdarının sözlərini mənə çatdırarkən, baş tuta biləcək ittifaqın bizə vəd etdiyi mənfəətdən söz açdı.

Qraf hörmətlə Əlamüt şeyxinin qarşısında baş əyərək, sanki, dediklərini öz hərəkəti ilə bir daha təsdiq etməyə çalışdı.

- Siz xristianlar – Həsən öz iti nəzərlərini qrafın gözünün içinə zillədi, - yalnız bu barədə düşünürsünüz: mənfəət. Bunun üçün bir-birinizi satmağa, hətta qanını içməyə hazırsınız. Lakin barada yaşadığın, məhz bu zirvələrdən dünyaya baxdığın zaman, hər şeyi başqa cür görməli olursan.

O şeyləri ki, siz görmürsünüz, görə bilmirsiniz. O mənim adamımdır... – deyə Həsən başı ilə qala divarlarında keşik çəkən müridinə işarə etdi – indi isə, ey firəng, diqqətlə bax!

Həsən əlini havada yellədən kimi, qrafın gözləmədiyi bir hadisə baş verdi. Ağ əbada olan keşikçi dərhal qılıncını kənara tullayaraq, özünü uçuruma tulladı.

Qraf elə bildi ki, gözləri onu aldadır. O, bilirdi ki, belə şey ola bilməz. İnsan elə-belə, əlin bir tərpənişi ilə, özünü uçuruma tullamaz. Qonağının fikirlərini oxuyurmuş kimi, Həsən nəzərlərini başqa bir keşikçiyə çevirib əlini yellədi.

O da digəri kimi qılıncını yerə buraxaraq, özünü qala divarlarından aşağı atdı. Dəhşətə gəlmiş qraf, Həsəni saxlamağa macal tapa bilməmişdi ki, üçüncü keşikçi də eyni şeyi etdi.

- Mənim yetmiş min müridim var. Onlar mənə sədaqətlidir. Mənim yolumda ölümə də gedərlər – Həsən qonağına baxmadan danışırdı, bu isə onun narazılığının ifadəsi idi – Sənin hökmdarının necə, bu cür sədaqətli tərəfdarları var? Mənim bu sözlərimi ona çatdır. Bu mənim cavabımdır.

Şeyxin «70 min müridim var» deməsi, sıradan bir söz deyildi. Məhz buna görə, Xəzərdən tutmuş Atlantikaya, Nildən Skandinaviyaya qədər bütün hökmdarlar onun qarşısında tir-tir əsirdilər.

Onun nə imperiyası, nə ordusu var idi. Onun əlində olan yeganə silah – hakimiyyəti idi. İnsanlar üzərində qorxunc hakimiyyət, bir başqalarını öldürməyə və ölməyə məcbur edə biləcək iqtidar...

Ardı var...


İnform.az


Baxış sayı: 227