Hüquq
21.02.2018 / 17:19

İsmayıllıda polis maarifləndirmə tədbiri keçirib

İsmayıllıda polis maarifləndirmə tədbiri keçiribDİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə İsmayıllı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qalınçaq kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizm”mövzularında tədbir keçirilib.

Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

RPŞ-nin baş inspektoru Rahim Orucov narkomaniyanın fəsadlarından, xüsusən ondan istifadə etdikdə gənclərin sağlamlığına vurduğu sarsıdıcı zərbədən danışıb, bildirib ki, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədə hamı fəal mövqe sərgiləməlidir.

Narkomanlıq cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisada inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur. Bu bəlaya düçar olan insanların sağlam həyata qayıtması isə artıq çətin olur. Mübarizə tədbirləri çərçivəsində sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmənin, dərslərə, əmək və peşə vərdişlərinə mükəmməl yiyələnməyin vacibliyi vurğulanıb.

R.Orucov Azərbaycan xalqının milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini ekstremizmi, radikalizmi təbliğ edən cərəyanlarla mübarizə aparıldığı, gənclərin və yeniyetmələrin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Ölkəmizdə etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Bunun əsas göstəricisi kimi ölkəmizdə etnik-dini zəmində heç bir qarşıdurmanın olmamasıdır. Təsadüfi deyil ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur.

Multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması özünü ilk növbədə ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir.

Tədbirdə erkən qurulan ailələrdə sonradan yaşanan faciələrdən də bəhs edilib. Övladının taleyinə biganə qalan valideynlərin ilk növbədə qanunvericiliyi pozduqlarını, onlara qarşı zorakılıq göstərmiş olduqları bildirilib. Erkən nikaha cəlb edilən qızların hüquqlarının pozulduğunu,eyni zamanda təhsildən uzaq düşdükləri vurğulanıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

İsmayıllıda polis maarifləndirmə tədbiri keçirib


Mahir Məsimov
DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 272