İdman
21.02.2018 / 14:20

Qəbələdəki davanın yekunu- Ayxan Abbasov kimi söyüb?

Qəbələdəki davanın yekunu-Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İnform.az apasport.az saytının məlumatına istinadən xəbər verir ki, yığıncaqda Premyer Liqanın XVI turunda yaşanan xoşagəlməz hallar müzakirə olunub və müvafiq qərarlar verilib.


“Qəbələ” – “Zirə” görüşündən sonra meydanda yaşananları araşdıran komitə sərt cəzalara ehtiyac duyub. Komitə üzvləri oyunun video yazısını izlədikdən sonra “Qəbələ”nin futbolçuları Qismət Alıyev və Cavid Hüseynov, “Zirə”nin üzvləri Riçard Qadze ilə Sadio Tounkara aqressiv hərəkətlərə yol verdiyini aşkarlayıb. Bu səbəbdən futbolçular 2 oyun cəzalanıb, hər iki klub 3200 manat cərimələnib.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq kənarlaşdırılıb, klubunu 4000 manat ziyana salıb. Ona verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq ediləcək və 6 ay sınaq müddəti veriləcək. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Qəbələ” isə təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat ödəyəcək. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaqdır.

“Qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, komandasını 800 manat xərcə salıb.

Paytaxt təmsilçisi həm də 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib.

“Sumqayıt” – “Neftçi” görüşündə də 5 oyunçusu xəbərdarlıq alan qonaqlar eyni məbləğdə cərimə ödəməlidi.

Bakı klubunun futbolçusu Rəşad Sadiqovun azarkeşi təhqir etdiyi üçün meydandan qovulması da “ağ-qaralar”a baha başa gəlib. O üç oyunluq, “Neftçi” 1600 manatlıq cəriməyə məruz qalıb.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

İnform.az

Baxış sayı: 154