Mədəniyyət
15.02.2018 / 13:32

Lənkəranda professional aktyor nəsli yetişir

  Lənkəranda professional aktyor nəsli yetişir
Ötən tədris ilindən Lənkəran Dövlət Universitetinin (LDU) nəzdində “Aktyorluq sənəti” şöbəsi fəaliyyətə başlayıb.

Bu barədə İnform.az saytına məlumat verən Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov bildirib ki, bu şöbə onun rəhbərlik etdiyi sənət ocağına istedadlı yaradıcı gənclərin cəlb olunmasını təmin edəcək.

Direktorun sözlərinə görə, tələbələrin sənətkarlıq səviyyəsinin formalaşdırılması və onların hərtərəfli təhsili üçün Lənkəran teatrı da əlindən gələni əsirgəmir:”Tələbələr teatr sənətinə dair nəzəri və praktiki biliklərə məhz bizdə yiyələnmək şansını qazanıblar.

Onsuz da təhsillərini bitirdikdən sonra onlar bizdə iş yeri ilə təmin olunacaqlar. Ona görə də elə birinci kursdan şərait yaratmışıq ki, tələbə özünün gələcək iş yerini içindən tanısın, yeni tamaşaların məşqlərini izləsin, kollektivin hər bir üzvü ilə qaynayıb-qaraşsın”.

T.Heydərov həmçinin LDU-nun rəhbərliyinə təşəkkürünü çatdırıb:” “Aktyorluq sənəti” şöbəsini açmaq istəyi bizdən doğdu, LDU-nun rəhbəriyi, şəxsən rektor vəzifəsini icra edən professor Natiq İbrahimov isə bu istəyi gerçəkləşdirdi.

Sağ olsunlar! Ümid edirəm ki, yaxın gələcəkdə LDU-dakı “Aktyorluq sənəti” şöbəsi daha da genişləndiriləcək, teatr sənəti üzrə təhsil almaq istəyən gənclərin sayı artacaqdır. Məhz bu yolla teatrımızın professional aktyorlara olan ehtiyacını ödəmiş olarıq”.

Ağəddin Şağlaserli

Baxış sayı: 553