Gündəm, Şərhlər
22.07.2015 / 14:57

Milli mətbuat və milli məsuliyyət

Milli mətbuat və milli məsuliyyət

Aqil CAMAL / İnform.az


Sözümüzün tarixi özümüz qədər dərindir. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycan ictimai fikir tarixi min ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş və söz yaradıcılığının misilsiz ənənələrini yaradıb. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Fizuli kimi söz dühalarının düşüncəsindən keçən, Mirzə Fətəli yaradıcılığında milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü məhz 140 il öncə Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “maddiləşdi” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi. Əşyaların adlandırılmasından başlayıb, milli ideyanı yetişdirməyə qədər yüksələn milli söz XIX əsr maarifçilərimizin fikir və düşüncələrində yetkinləşən milli ideologiyamızı ictimai şüurun aparıcı qüvvəsinə çevirə bildi.
Milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi. Mifik qəhrəmanlığı göylərə yüksəldən saray poetikasından insanların düşüncəsinə nüfuz etməklə ictimai şüuru təkmilləşdirən, milli dünyagörüşünü formalaşmağa istiqamətləndirən və bununla da söz yaradıcılığına ictimai-siyasi çalarlar gətirən realist yaradıcılıq mərhələsinə keçdiyi bir dövr idi. Maraqlıdır, o zamankı naşirlər və qəzetçilər peşə baxımından jurnalist deyildilər, lakin mətbuat onlar üçün xalqın, millətin şüuruna çatdırmaq istədikləri mütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin yaranmasına nail olmaq üçün istifadə edə biləcəkləri ən müasir vasitə idi. Məhz bu insanların fədakarlığı və əzmkarlığı sayəsində Azərbaycan milli şüuru elə yeni dövrün başlanğıcında özünün intibah mərhələsinə yüksəldi və tarixdə ilk türk cümhuriyyətini – azad insan və demokratik cəmiyyət nümunəsini yarada bildi. Mövcud olduğu qısa zaman kəsiyində “İnsanlara hürriyyət, Millətlərə istiqlal” bəyan etmiş ilk milli Cümhuriyyətimizdə milli mətbuatımız azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıq marafonuna əvəzsiz töhfələr verdi. 1920-ci ildə müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın da müstəqilliyinə son qoydu.
Bugünkü Azərbaycan mətbuatı (indiki anlamda mediası), özünü Zərdabi irsinin davamçısı sayır. Amma bir zamanlar bəlli sərhədləri olan mətbuat camiəsi bu gün ucsuz-bucaqsız bir ümmandır. Və böyük ümmanlarda ən müxtəlif tərkibli sular qarışdığı kimi, bu gün media aləmi də “tərkibinə” görə qarışıqdır, zəngindir. Ona görə də, bu məkanda hamını bir baxış bucağından qiymətləndirmək mümkün deyil.
Bu mənada mən, öz düşüncəsi və yazısı ilə Azərbaycan insanını bir addım olsa belə, irəli – aydınlığa çəkən, xalqımıza qarşı qaranlıq güclərin apardığı mənəvi aşınmada iştirak etməyən, lazım olan anda milli və dövlət maraqlarını peşə maraqlarından üstün tutan həmkarlarımızı təbrik edirəm. Media əhli, qəzetçi, jurnalist həm də xalqın ziyalısı, aydınıdır. Bu məsuliyyəti öz üzərində hiss edən həmkarlarımızın sırasının getdikcə artmasını arzu edirəm.

Baxış sayı: 396