İqtisadiyyat
13.02.2018 / 12:00

Vergilər Nazirliyi həvəsləndirici vergi siyasəti həyata keçirmək niyyətindədir - Mikayıl Cabbarov

Vergilər Nazirliyi həvəsləndirici vergi siyasəti həyata keçirmək niyyətindədir - "Vergidən yayınan sahibkarın dükanında qiymətlər digər dükanlara nisbətən aşağı olur. Bu isə qeyri-sağlam rəqabətə şərait yaradır".

İnform.az "Report"-a istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

"Dükandan kassa çeki tələb etmək ayıb sayılmamalıdır. Binanızın altında yerləşən qonşunun dükanından çek tələb olunması qonşuluq münasibətlərinizə xələl gətirə bilər, amma nəzərə alsanız ki, həmin vergilər hara xərclənir, o zaman bu addımı da atarsınız", - deyə o, qeyd edib.

Nazir həmçinin bildirib ki, əsaslandırılmamış sanksiyaları yol verməmək üçün yoxlamalar vergi ödəyicisinin iştirakı ilə aparılacaq.

"Hamı səhv edə bilər. Amma bilərəkdən hansısa məlumatların saxtalaşdırılması cinayətdir", - deyə M.Cabbarov əlavə edib.

Nazir mühasiblərə belə halların qarşısını almaq barədə xəbərdarlıq edərək Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər yığdıqlarını da deyib: "Martın 31-nə qədər təkliflərinizi bizə göndərin".

İnform.az

Baxış sayı: 156