Dünya
12.02.2018 / 15:07

Afrin, Dəməşq, Moskvanın oxşarlığı

Afrin, Dəməşq, Moskvanın oxşarlığı Ötən həftənin sonu İsrail, Türkiyə, İran və Rusiya üçün çox ağır keçdi.

Belə ki, fevralın 10-da Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter hələ də açıqlanmayan səbəbdən yerə düşüb və iki pilot şəhid olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, belə halların baş verməsi təbiidir: "Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Bizm bir helikopterimiz vuruldusa, onlar bunun əvəzini qat-qat ağır ödəyəcəklər”.

Həmin gün İsrail Silahlı Qüvvələrinə məxsus “F-16” qırıcısı İsrail-Suriya sərhədində yerə düşüb. Suriyanın raketlə vurduğu təyyarənin pilotları yaralanıblar. İsrail ordusu Suriyanın hava məkanından ölkələrinə keçmək istəyən İrana məxsus pilotsuz uçuş aparatını vurduqları barədə rəsmi məlumat yayıb. Eyni zamanda İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar fevralın 10-da Dəməşq yaxınlığında Suriya və İranın 12 hərbi obyektinə zərbələr endiriblər. Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu bununla bağlı deyib: “Biz İran və Suriya qüvvələrinə ciddi zərbə endirdik. Onlara, birmənalı olaraq, fəaliyyət qaydalarımızın dəyişməyəcəyini başa saldıq. Bizə zərər verməyə yönəlmiş hər cür cəhdin qarşısını almağa davam edəcəyik”.

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) komandanının müavini, briqada generalı Hüseyn Səlami İsrailin İslam Respublikasına məxsus pilotsuz uçuş aparatını (PUA) vurması barədə iddiasını cavablandırarkən bildirib: “İran ABŞ-ın bölgədəki bütün hərbi bazalarını vura biləcək gücdədir. İsrail yalançıdır. Onların açıqlamalarının heç birinə etibar etmirik”.

Afrin, Dəməşq, Moskvanın oxşarlığı


Fevralın 10-da Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "An-148" təyyarəsinin Moskva vilayətinin Voskresenski rayonunun Arqunovo kəndi ərazisində qəzaya uğraması nəticəsində 65 sərnişin və 6 heyət üzvü ölüb. Təyyarə "6W 703" saylı reys ilə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçurmuş. Təyyarənin qəzaya uğraması səbəblərindən biri kimi əlverişsiz hava şəraiti göstərilir. Yeri gəlmişkən, 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk şəhəri yaxınlığında “Tu-154M” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 96 nəfər ölmüşdü. Təyyarədə Polşa prezidenti Lex Kaçinski və xanımı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub. Lex Kaçinski Smolensk vilayətinin Katın kəndində anım tədbirlərində iştirak etməliydi. Bu təyyarənin da əlverişsiz hava şəraitindən qəzaya uğradığı bildirildi. Bununla belə, hadisənin terror və ya qətl olduöğu barədə şübhələr qalmaqdadır. Başqa sözlə bu təyyarə qəzası ilə bağlı müəmma hələ də qalmaqdadır.

Fevralın 3-də Rusiya Kosmik və Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” təyyarəsi Suriyada vurulmuş, pilotu isə ölmüşdü. Fevralın 7-də isə ABŞ qırıcıları Suriyanın Deyr əz-Zor əyalətinin Hişam rayonunda terrorçu PKK-nın Suriyadakı qollarından ibarət “Suriya Demokratik Qüvvələri”nin mövqelərinə hücum edən Bəşşar Əsəd silahlılarının hədəflərini bombalayıb. Bu zaman çoxlu sayda rusiyalı muzlu döyüşçünün də öldüyü barədə məlumatlar yayılıb. Onların Əsədi müdafiə edən, “Vaqnerin ordusu” kimi tanınan özəl hərbi şirkətin döyüşçüləri olduğu deyilir.

Beləliklə, 9 gün ərzində 2 helikopter, bir pilotsuz uçuş aparatı, 1 qırıcı və 1 sərnişin təyyarəsi bəllli və bəlli olmayan səbəblərdən qəzaya düşüb. Bu da vəziyyətin xeyli dramatikləşdiyini göstərir. Əvvəllər baş verən bütün hadisələrə görə məsuliyyəti terrorçu İŞİD qruplaşması üzərinə götürürdü, yaxud onun adına yazırdılar. İndi baş verən hadisə ilə bağlı konkret olaraq, dövlətlərin şəkli, təsviri görünməkdədir. Əvvəllər nağıllara, olmuşlara inanar, bütün belə folklor nümunələri “Biri varmış, bir yoxmuş”la başlayardı. İndi belə nağıllara qulaq asmaq istəyən yoxdur. Heç uşaqlar da “biri varmış, biri yoxmuş”a o qədər də məhəl qoymurlar. Onlar da zəmanəyə uyğun olaraq, daha praqmatikdirlər. İndi hamı “kim kimdir, biri var, o biri kimdir”i bilmək istəyir. Bir çox hallarda həmin şəxslər, dövlətlər özlərini gizlədə bilmirlər.

Afrin, Dəməşq, Moskvanın oxşarlığı


Son günlər helikopterlər və qırıcının məhv edilməsi bölgə və bu ərazilərdə maraqları olan dövlətlər üçün çox ciddi siqnal ola bilər. Bu o deməkdir ki, terrorçuların da əlində uçan hərbi texnikanı vurmaq üçün silah və texnika var. Məsələn, Türkiyə rəsmiləri ABŞ-ın PKK qruplaşmasının Suriyadakı YPG və PYD adlı qollarına 5 TIR və 2 000 karqo silah və hərbi texnika göndərdiyini dəfələrlə bəyan edib. Silah-sursat İraq-Suriya sərhədindən keçirilərək Suriyanın Hasek şəhərində terrorçu PYD-yə təhvil verilib.

PYD və YPG-yə verilən silah və texnika arasında 80 və 120 mm-lik minaatan, "MK19" bombaatan, "M4" “Gabrine” və "M16" tipli avtomat silahlar, “Humwee” hərbi avtomobili, “Cougar” tipli piyadaların zirehli maşınları da var.

ABŞ rəsmiləri həmin silahların terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə ediləcəyini, əməliyyatlar başa çatandan sonra geri alınacağını bildirmiş, Türkiyəyə bununla bağlı söz vermişdilər. Rusiya, İran və ABŞ bu ölkədə İŞİD-ə qarşı mübarizənin başa çatdığını söyləyir. Ancaq silah və texnika hələ də PKK-nın Suriyadakı qollarının əlindədir. Məlumata görə, ABŞ-ın PKK-nın qollarına verdiyi silahlardan Türkiyə Silahlı Qüvvələrində yoxdur. Bundan başqa, çoxsaylı təkliflərə baxmayaraq, ABŞ-ın Türkiyəyə satmadığı tank əleyhinə “FGM148 Javelin” raket qurğusu da terrorçulara verilib. Baş verənlərə əsasən, belə ehtimal etmək olar ki, konkret Suriyadakı hərbi qarşıdurmalar bu ölkənin demokratikləşməsi və suriyalıların xoş firavan həyatı uğrunda aparılmır. Başqalarından fərqli olaraq, Türkiyə öz mövqeyini gizlətmir. Rəsmi Ankara ərazi bütövlüyü və təhlükəsizliyinin qayğısına qaldığını deyərək bu istiqamətdə onu təhdid edənlərə qarşı tədbirlər görür.

Bir zamanlar dünya ictimaiyyətinə nağıl danışanlar deyidilər ki, kommunizm qurmaq üçün sovet qoşunu filan dövlətin ərazisinə girib. Onda Moskva bildirirdi ki, onları yerli hökumət və ya kommunistlər dəvət edib. Bu qaydada özlərinə haqq qazandırırdılar. Həmin ölkələrdə sovetlər ABŞ-la öz maraqlarının təmin olunması uğrunda mübarizə aparırdılar. ABŞ da “milli maraqlarının təhdid edildiyini” əsas gətirərək özünü həmin dövlətləri “kommunizm bəlasından” xilas edən kimi göstərirdi. Nəticə isə Əfqanıstan olub. Sovet İttifaqı ilk günündən bolşevizmi yaymaq üçün zəif və yenicə yaranan dövlətləri işğal edib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətini də Rusiya 1920-ci ildə bir qrup kommunistin, bolşevikin dəvəti ilə işğal etdi. Ancaq o zaman Rusiyadakı səhmlərini qorumaq üçün ABŞ və Britaniya fəaliyyətsiz göründü. Başqa sözlə, Azərbaycan Rusiya tərəfindən işğal edildi. Azərbaycan timsalında aradan 98 il keçsə də, bu mənada nə Qərb, nə də Rusiya dəyişb. İndi onlar özlərini açıq şəkildə Suriyada göstərirlər. Əslində, hamıya gün kimi aydındr ki, nə Rusiya, nə də ABŞ suriyalılara xoş gün gətirmək üçün bölgədə mövcud deyillər. Mübarizə neft-qaz yataqları və geopolitik üstünlüklər əldə etməkdir. Qalanları isə bu niyyəti gizlətmək üçün istifadə edilən “boyadır”.

Afrin, Dəməşq, Moskvanın oxşarlığı


ABŞ Deyr əz-Zoru niyə vurub, yaxud bu bölgə nədən terrorçu PKK qollarının nəzarəti altındadır? Məlum olub ki, Suriyadakı ən böyük neft və təbii qaz yataqları YPG və PYD-nın əlindədir, deməli, ABŞ-ın nəzarəti altındadır. Bəzi məlumatlara görə, Suriyadakı enerji qaynaqlarının 70 faizinə bu terrorçu qruplaşma nəzarət edir. O zaman İŞİD Deyr əz-Zor, Raqqa, Homs və Hasek kimi ölkənin ən zəngin neft-qaz yataqlarını ələ keçirmişdi. 2017-ci ilin sentyabrında ABŞ-ın havadan dəstəyi nəticəsində bu bölgələrin karbohidrogen yataqları - Deyr əz-Zordakı “Əl-Tanak”, “Əl-Ömər”, “Baas” kimi iri neft yataqları İŞİD-dən sonra PKK-çıların nəzarətinə keçdi. Deyr əz-Zor Suriyanın neft və təbii qaz ehtiyatları ilə ən zəngin ərazisi sayılır. Hətta bu bölgədə sutka ərzində minimum 385 min barel neft hasil etməyə imkan verən yataqlar var. Deyr əz-Zorun şərqindəki "Tanak", "Vard", "Afra", "Kevari", "Carnuf", "Azrak", "Kahar", "Şueytat" və "Galban" neft yataqlarında təxmini hesablamalara görə Suriyadakı karbohidrogen ehtiyatlarının üçdə biri var. PKK (PYD) ABŞ-ın hərbi dəstəyi ilə Suriyadakı ən böyük üç su anbarını da ələ keçirib. Suriyanın neft sahəsi heç bir qeydiyyat aparılmadan qənimət olaraq istismar edilir. Deməli, bölgəyə aidiyyəti olmayan dövlətlər öz hədəflərinə çoxdan çatıblar. Həmin geopolitik üstünlüyü əldə ediblər, həm də Suriyanın neftini qarət edirlər. PKK isə bir alət olub.

İsrail də bölgədəki vəziyyətdən narahatdır. Belə görünürdü ki, Suriyadakı qarışıqlıq həm də qonşu yəhudi dövlətinin təhlükəsizliyini təmin etmək üçün təşkil edilib. Ancaq İsrail helikopterinin vurulması vəziyyətin ciddiliyini göstərdi.

Əvvəllər də İsrail qırıcıları Suriya ərazisində əməliyyat keçirirdi. Həmin əməliyyatlara cavab belə verilmirdi. Odur ki, fevralın 10-da baş verən hadisələrin yəhudi dövlətinin ərazisinə sıçraması ehtimalını da artırır. Bundan başqa, İsrail bölgədə müttəfiq dövlətlərlə deyil, terrorçu qruplaşmalarla əməkdaşlıq etməkdə ittiham olunur.

Bu dövləti İraq, Suriya və Türkiyənin ərazi bütövlüyünü parçalamaq istəyənlər arasında fəallıq göstərənlərdən sayırlar. Bu və başqa səbəblərdən təhlükəsizliyinin qayğısına qalanlar İsraili oda sürükləyir, onu bölgədəki toqquşmaların başlıca hədəfinə çevirirlər.

Beləliklə, son 9 gündə baş verən hadisələr silahlı münaqişənin daha sərt mərhələyə keçəcəyindən xəbər verir. Bəşşar Əsəd rejimi, İŞİD, PKK (PYD, YPG, SDQ) və başqa terror qruplaşmalarının arxasında gizlənənlər indi açıq-aydın görünürlər.

Report.az

Baxış sayı: 89