Baş xəbər, İqtisadiyyat
12.02.2018 / 11:40

Mərkəzi Bank uçot dərəcəsini 13 faizə endirib

Mərkəzi Bank uçot dərəcəsini 13 faizə endiribAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti fevralın 12-də uçot dərəcəsinin 15 faizdən 13 faizə, faiz dəhlizinin yuxarı həddinin 18 faizdən 16 faizə, aşağı həddinin isə 10 faizdən 8 faizə endirilməsi barədə qərar qəbul edib.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib. Bu müsbət meyillərinin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək.

Faiz dəhlizinin parametrlərinin dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən aşağıdakı prosesləri nəzərə alıb.

Xarici mühit. 2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyə balansının yaxşılaşmasını təmin edib. 2017-ci ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5 faizi qədər profisit gözlənilir. Xarici ticarət balansının profisiti 5 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə (0,5 milyard ABŞ dolları) 10 dəfə çoxdur. İxrac 52 faiz, o cümlədən qeyri-neft ixracı 23 faiz artıb. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunub. Xidmətlər balansının kəsiri əhəmiyyətli azalıb, turizm xidmətləri üzrə müsbət saldo əldə olunub. Kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo olub.

Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11 faizdən çox artıb. Proqnozlara görə, xarici mühitdə pozitiv meyillərin 2018-ci ildə də davam edəcəyi gözlənilir.

Valyuta bazarı. Tədiyə balansının yaxşılaşması ilə ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirmişdir. Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4 faiz möhkəmlənib. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olub.

Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir edib.

Manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36 faiz ucuzlaşıb. Bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.

Monetar şərait. 2017-ci ildə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7 faiz artıb. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun likvidliyə olan tələbi monetar şəraitə təsir göstərən əsas amil olaraq qalmaqdadır.

İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və sair) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayır. İqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması şəraitində bank sistemində akkumlyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterlizasiya alətlərinə yüksək tələbi şərtləndirir.

Ümumilikdə təhlillər göstərir ki, yaradılmış monetar şərait istehlakla yığımın optimal balansın təmin edilməsinə müsbət təsir edib.

İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar ayında orta illik inflyasiya 5,5 faiz təşkil edib. Antiinflyasiya xarakterli pul siyasəti, pul kütləsinin optimal səviyyədə idarə olunması və 2017-ci ilin ortalarından etibarən manatın məzənnəsinin sabitləşməsi inflyasiyanın təkrəqəmli səviyyədə formalaşmasında mühüm rol oynayıb.

Məcmu tələblə təklifin nisbətinin dəyişimi, dünya ərzaq qiymətləri və inflyasiya gözləntiləri də qiymətlərin dinamikasına təsir edən başlıca amillərdən olub.

Qiymətləndirmələrə görə dezinflyasiya meyilləri bundan sonra da davam edəcək və 2018-ci ilin sonuna illik inflyasiyanın elan edilmiş hədəf çərçivəsində olması potensialı əhəmiyyətlidir. Mərkəzi Bank tərəfindən ev təsərrüfatları və biznes sektorunda aparılmış sorğular göstərir ki, məzənnənin sabitləşməsi və faktiki inflyasiyanın azalma dinamikası inflyasiya gözləntilərinə azaldıcı təsir edib. İnflyasiyanın qarşıdakı dövrdə birrəqəmli səviyyədə qalması inflyasiya gözləntilərin azalması və bu gözləntilərin iqtisadi konyunktur dəyişimələrə qarşı həssaslığının aşağı düşməsindən də asılı olacaq.

İqtisadi aktivlik. 2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir edib. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ildə qeyri-neft sektorunda 2,7 faizlik iqtisadi artım baş verib. O cümlədən qeyri-neft sənayesində 3,7 faiz, kənd təsərrüfatında 4,2 faiz iqtisadi artım olub. İqtisadi artım dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənib. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir.

Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcəkdir və öz səlahiyyətləri çərçivəsində sərəncamında olan alətlərlə qiymətlərin sabitliyini təmin etməyə çalışacaqdır.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcək.

İnform.az

Baxış sayı: 153