Diaspora Akademiyası, Baş xəbər
09.02.2018 / 10:45

Qara Qarayevin 100 illiyi yubileyi təntənəli qeyd olunub- Bişkekdə

Qara Qarayevin 100 illiyi yubileyi təntənəli qeyd olunub-Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə bu ilin fevral ayının 8-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə yubiley gecəsi və qala-konsert keçirilib.

Səfirlikdən İnform.az-a verilən məlumata görə, yubiley gecəsində Qırğız Respublikasının Hökumətinin üzvləri, deputatlar, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, görkəmli ziyalılar - elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri və soydaşlarımız iştirak ediblər.

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru, Qırğızstanın əməkdar mədəniyyət xadimi Bolotbek Osmonov tədbiri açaraq, dahi bəstəkar Qara Qarayevin yubileyinin rəhbərlik etdiyi teatrda keçirilməsinə görə şad olduğunu bildirilib.

O, dahi bəstəkarın bütün dünyada olduğu kimi, Qırğızstanda da çox sevildiyini, yubiley tədbirinə maraq və 800 nəfərlik zalın tamamilə anşlaqı Qara Qarayevə olan məhəbbətlə bağlı olduğunu vyrğulayib.

Sonra Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Aynura Temirbekova çıxış edib.

A.Temirbekova növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinə və son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinə təşəkkürünü bildirmişdir. Nazir müavini Qara Qarayev sənətinin özünəməxsus təkrarsız xüsusiyyətlərindən, böyük bəstəkarın Qırğızstanda da istedadlı tələbələrinin olduğundan bəhs edib.

Sonra Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov çıxış edərək dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 2017-ci ilin oktyabr ayının 17-də imzaladığı Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıraraq bu möhtəşəm yubiley Azərbaycandan kənarda da qeyd edildiyini vurğulayıb.

Səfir son illərdə həm Azərbaycanda, həm də Qırğızstanda bir çox vacib tədbirlərin keçirildiyini, qısa müddət ərzində Azərbaycan və Qırğızstan Respublikaları və qardaş Azərbaycan və qırğız xalqları arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllər qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, bu müddət ərzində ölkələrimiz arasında mədəni mübadilənin gücləndiyini qeyd edib.

O, belə tədbirlərin təşkil olunmasının iki qardaş xalqı daha da yaxınlaşdırdığını bildirib.

Səfir Hidayət Orucov Qara Qarayevin SSRİ-nin ən yüksək fəxri adlarla, mükafatlarla təltif olunduğunu, ancaq Qarayev sənətinin bu fəxri adların və mükafatların hamısından daha da yüksək olduğunu vurğulayıb.

Səfir bu ilin yanvar ayının 19-da Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu, ölkə başçılarımızın təbrik məktubları göndərdikləri barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Səfir Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının kollektivinə, Azərbaycandan gələn istedadlı opera müğənnilərinə, qırğız sənətçilərə bu unudulmaz gecənin keçirilməsində zəhmət çəkən bütün şəxslərə, eyni zamanda zalda olan əziz qonaqlara, Qara Qarayev kimi dünya şöhrətli dahi bəstəkara göstərilən sədaqət və sevgiyə görə öz təşəkkürünü bildirib.

Sonra möhtəşəm qala konsert keçirilib.

Qala-konsertdə Qırğızstanın populyar opera solistlərindən Qırğızıstanın əməkdar artistləri Asel Bekbayeva, Bakıt Ibıkeyev, Qırğızıatan Respublikasının Milli Akademik Opera və Balet teatrının solisti Almaz İstambayev, Azərbaycanın xalq artisti Azər Zeynalov, Azərbaycanın əməkdar artisti Afaq Abbasova bəstəkarın əsərlərindən ibarət repertuarla çıxış ediblər.

Qala-konserti Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qırğızstanın A.Cumaxmatov adına Akademik simfonik orkestri müşayiət edib.

Qala-konsertin baş rejissoru İskender Saatbayevdir.

İnform.az

Baxış sayı: 156