Ötən günə gün çatmaz..., Mədəniyyət, Müsahibə
22.07.2015 / 12:28

Ailəmi sənətə qurban vermədim...

Ailəmi sənətə qurban vermədim...

Afaq Bəşirqızı: “Atam sağ olsaydı, qoymazdı aktrisa olum”


İnform.az-ın “Ötən günə gün çatmaz...” layihəsinin növbəti qonağı ömrünün qırx ildən çoxunu teatra həsr edən, Azərbaycanın xalq artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru, gülüş ustası Afaq Bəşirqızıdır.


- Necəsiniz, Afaq xanım?


- Sağ olun, yaxşıyam.

-Nə gözəl görünürsünüz. Allah sizi bədnəzərdən qorusun.

- Amin.

- İşləriniz necə gedir?

- Allaha şükür, yaxşıdır. Bu gün 105-ci mövsümün bağlanışına yığılmışıq. Bir şeyi xüsusi qeyd etmək istəyirəm, dəyərli direktorumuz Əliqismət Lalayevin fəaliyyətini. Musiqili Teatra direktor təyin olunan gündən teatrda istər bədii, istərsə də inzibati cəhətdən çox böyük dəyişikliklər olub. Əliqismət Lalayev həmişə yaradıcı adamlara xüsusi diqqət ayıran və onların istəklərini başa düşən insandır. Uzun müddət Naxçıvan Dövlət Dram Teatrında baş rejissor işləyib və bir neçə yaddaqalan gözəl tamaşalar səhnəyə qoyub, mədəniyyət nazirliyində aparıcı qüvvələrdən biri olub, amma bunlara baxmayaraq onda “çinovnik xasiyyəti” yoxdur. O, həqiqətən də sırf yaradıcı insandır və ona görə də adam işləmək istəyir, çünki bilirsən ki, sənin əməyinə, əziyyətinə qiymət verən yaradıcı rəhbər var. Mən həmişə deyirəm ki, “zər qədrini zərgər bilər”. Belə bir şəraitdə nəinki mən, bütün kollektiv həvəslə işləyir.

- Afaq Bəşirqızı sənətinə verilən qiymətdən razıdırmı?

- Allaha şükürlər olsun, yaradıcılığımda demək olar ki, öz qiymətimi almışam və bu mənim üçün ən böyük mükafatdır. Ən böyük qiymət də tamaşaçı sevgisidir, tamaşaçı rəğbətidir. Mən hər gün efirlərdə, səhnədə deyiləm, amma mənim tamaşalarımda olan anşlaq, tamaşaçı sevgisi, tamaşadan sonra ayaq üstə durub neçə dəqiqələrlə alqışları görəndə öz-özümə deyirəm ki, hə, mən həyatda nə isə eləmişəm. Uzun müddət belə düşünmüşəm ki, əgər atam sağ olsaydı, incəsənət xadimlərinin həyatında olan çətinliklərə və keşməkeşli yollara görə heç vaxt razı olmazdı ki, mən aktrisa olum. Tamaşaçıların alqışlarını görəndə mən deyirəm ki, hə, mən bunu qazandım. Daim özü-özümə deyirəm: kaş atam yuxuma gələydi, məndən razı olduğunu deyərdi, rahatlayardım (gözləri dolur). Çünki məni tamaşalarımda alqışlayan qohum-əqrabam deyil. Nə yalan deyim, hardasa özüm-özümə halal olsun “sənə Afaq” - deyirəm.

- “Atam sağ olsaydı, qoymazdı aktirisa olum” deyirsiniz. Bəs yoldaşınız necə, heç sizə sənətinizdən uzaqlaşmağı deyibmi?

- Xeyr, deməyib. Ancaq birdən yoldaşım deyir ki, Afaq bəsdi, özünü bu qədər yorma, sağlamlığını itirirsən, amma mən özümlə bacarmıram. Düzdü, heç vaxt ailəmi sənətə qurban vermədim. Yoldaşımın və uşaqlarımın isti yeməyindən tutmuş paltarlarına qədər hər şeyə diqqət yetirdim. Bütün bunlar da enerji tələb edir. Bizim sənətdə insan həm fiziki, həm də zehni yorğunluqla üzləşir. Bəzi müəlliflər olub ki, “mən nöqtəni necə qoydumsa sən də elə deməlisən” deyib. Amma hər zaman müəllifi razı sala bilmişəm, dramaturqu özümlə bir fikirləşməyə, bir yanaşmaya gətirib çıxara bilmişəm. Mənim sənət yolumda ən qıcıqlı, kaprizli dramaturq dəyərli dostum (kövrəlir) Məcnun Vahidov idi. Onu nəinki sevdikləri dostları, eləcə də Azərbaycan incəsənəti, mədəniyyəti itirdi. Onun mənim ləhcəmə olan iradı məni də əsəbləşdirmişdi. Baxın Söylü indi mənim sizinlə danışdığım kimi danışır. Bu bəyəniləndi? Bizim aktyorlarımızın çox az qismi impravizəni bacarır.

- Aktyor, aktrisa kimi doğulmaq lazımdır, yoxsa...?

- Oxumaqla texnikanı öyrənə bilərsən. İstedad isə səninlə doğulur. O mütləqdir birinci olsun. İstedad olmasa, sən bişməzsən, yoğrulmazsan. Mehdi Məmmədov Leyli Məcnunu məşq edəndə Məcnun obrazının bir müğənni ifaçısı varmış. Ona dəfələrlə irad tutur. Belə yox elə, elə yox belə et və s. Axırda o müğənni deyib “A Mehdi müəllim, saa qurvan olum, məndən nə istəyirsən, olacağı budur, alacağın da budur”. Bununla da Mehdi müəllim bu aktyordan əl çəkir. İstedad bir vergidir, o sənlə doğulur. Teatr qarderobdan başlayır, ora bir nağıldır. Aktyor gərək səhnədən sui-istifadə etməsin. Səhnə məşuqdur, sənsə məşuqə. Əgər məşuqə onun sinəsində nə qədər gözəl addımlasa, bir o qədər onun sinəsindədir. Xəyanət etdinsə, o səni atır. Biri var o sinə səni ikrah hissi ilə ata, biri də var ki, özün başa düşəsən, onun sinəsində olma dövrün bitdi. Yəni səhnədən nə vaxt getmək lazımdırsa o zaman get ki, hörmətin ölməz olsun. Aktyor var, gəldiyi kimi gedir...

- Niyə çoxları sizi eqoist, özündən razı insan kimi tanıyır?

- Bunun səbəbləri çoxdur. Birinci, Allahın mənə verdiyi görünüş. Daha sonra uşaqlıqdan bu yana yaşadıqlarım. Anadan olanda anamı itirdim, on dörd yaşımda atamı. Mən o yaşdan qaldım zamanın şillə-qapazında. Əli(ə.s) deyib: “İnsan atadan-anadan doğulur. Ancaq zamanla böyüyür”. Bu həyat məni sığalsız, döyə-döyə böyütdü. Üzümdəki ifadə məndən asılı olmayaraq bu şəkli alıb. Bir də komik aktyor həyatda çox ciddi olmalıdır. Bizim bir çox aktyorlarımız həyatla səhnəni qarışdırır. Səhnədə oynadığın tipajı, həyatda da beş adamın içində oynadınsa, vay halına. Hər aktyor bir filmlə yadda qalır. Mən Söylü rolu ilə yadda qaldım. Amma həyatda heç kim mənimlə Söylü kimi rəftar və ya zarafat edə bilməz. Götürmədiyim haqsızlıqlar, qəlbimdəki ağrılar üzümə çöküb. Eqoist sözü mənə aid deyil. Əslində çox kövrək insanam. Eqoistlik şeytana xas olan bir hissdir. Həyatda iki insandan qorxuram. Özündən müştəbeh və paxıl. Həyatım boyu bu iki xasiyyətli insanlardan qaçmışam.

Aysel TALIBQIZI / İnform.az


Baxış sayı: 762