Elm-təhsil
07.02.2018 / 12:15

UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər

UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
UNEC-in elmlər doktoru proqramı üzrə dissertantlar dosent Elşən Bağırzadə, dosent Anar Rzayev, dosent Fariz Əhmədov, dosent Raqif Qasımov və dosent Gəray Musayev 15 gün ərzində öz elmi-tədqiqatlarını İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində aparacaqlar.

Bu barədə İnform.az-a UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Məlumata görə, tədqiqatlarını Türkiyənin nüfuzlu professorlarının rəhbərliyi altında həyata keçirən UNEC-in alimləri Dokuz Eylül Universitetinin “Thomson Reuters Web of Sciences”, “Scopus”, “Elsevier”, “Springerlink”, “EBSCO” kimi dünyanın bir çox nüfuzlu akademik bazalarına çıxış imkanı təqdim edən zəngin kitabxanasından da faydalanacaqlar.

Səfər çərçivəsində həmçinin Türkiyə universitetlərinin elmi-tədqiqat sahəsindəki təcrübələri öyrəniləcək, Dokuz Eylül Universitetinin alimləri ilə yüksək reytinqli beynəlxalq jurnallarda birgə məqalələrin nəşr edilməsi, yerli və beynəlxalq elmi müsabiqə və konfranslarda iştirak məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, UNEC-in “Gənc professorlar” layihəsinin iştirakçıları elmi-tədqiqatlarını genişləndirmək və təcrübələrini daha da artırmaq məqsədilə mütəmadi olaraq nüfuzlu xarici universitetlərə və beyin mərkəzlərinə ezam edilirlər.

İnform.az

Baxış sayı: 198