Araşdırma
07.02.2018 / 10:00

Yoldaş Stalın- Araşdırma

Yoldaş Stalın-
Vüqar Şahbazov/tarixçi, araşdırmaçı

Əvvəli burada:http://inform.az/index.php?newsid=27275

Stalin inqilabi fəaliyyətini ilk əvvəl Tiflisdə və Batumidə, sonralar isə Bakıda davam etdirmişdir. Onun Batumi və Bakıdakı inqilabi fəaliyyəti barədə Məhəmməd Əsəd bəyin “Şərqdə neft və qan" əsərində məlumat verilir.

Əsərdə deyilir: “Neft mədənləri ilə şəhər arasında bir neçə damlıq qəsəbə var idi. Heç kimin ağlına gəlməzdiki, orada şübhəli insanlar mətbəə quraşdırmışlar. Orada bir neçə gizli qəzet çap olunurdu. Mətbəə ilə eyni yerdə qəzetin baş redaktoru yaşayırdı. Baş redaktorun özü kimi əməkdaşlarıda səfil fəhlələrdən az seçilirdi. Səfillər onlara Rusiyadan şifrəli məktub gətirəndə sevinirdilər. Qəzetin adı “Bakı fəhləsi”, baş redaktoru isə bu yaxınlarda Sibir həbsxanalarının birindən qaçmış, dini gimnaziya şagirdi, tiflisli, çəkməçi oğlu gürcü idi. Ensiz alnı, donqar burnu və həddindən artıq qətl və qan görmüş xırda, hirsli gözləri vardı. Həmin şəxs özünü Stalin adlandıran İosif Cuqaşvili idi”.

Stalin 1912-ci ilə kimi Bakıya gedib-gəlirdi. Onu inqilabi fəaliyyətinin müəyyən bir dövrü Bakıyla bağlıdır. O, özü tərcümeyi-halında qeyd edir ki, “Bakı mənim həyat məktəbim və siyasətə açılan qapım olmuşdur”.

Bu mənada Stalini “bakılı” da adlandırmaq olar. Tam olmasa da onun Azərbaycan dilini bilməsi haqda qeydlər var.

Bir dəfə hansısa iclasların birində M.Ə.Rəsulzadəyə irad tutanda ki, “Siz rus dilində yaxşı danışmırsız”, Stalin qarşı tərəfə “sizdə Azərbaycan dilində danışsanız çox pis danışacaqsınız” cavabını vermişdi.

1935-ci ildə Kiyev ziyalıları ilə görüşdə Stalinin “Xosrov və Şirin” poemasından bir parçanı əzbərdən və Azərbaycan dilində söyləməsi, onun Azərbaycan dilini bilməklə yanaşı, həm də Nizami yaradıcılığına və şəxsiyyətinə münasibətini təsdiqləyirdi.

Həmin görüşün iştirakçısı Mikola Bajan həmin hadisəni belə xatırlayırdı: “Yoldaş Stalin bəşəriyyətin yaratdığı bütün dəyərləri əhatə edən geniş zəkası və hafizəsinə arxalanaraq, bu şeri əzbərdən söylədi”.

Məhz İosif Stalinin Nizamiyə münasibəti aydınlaşdıqdan sonra o vaxtlar bərbad halda olan Nizami Gəncəvinin məzarı üzərində layiqli bir abidə ucaldılması məsələsi gündəmə gəlir və abidə verilən plana əsasən təmir olunur.

Rus cəmiyyətini araşdırmış məşhur Amerikan etnopsixoloqu Eduard Hollun fikrincə monarxiya rejimi yaşamış ölkələr cəmiyyəti avtokratik idarə edən şəxsiyyət axtarır. Rus cəmiyyətində bu tendensiya bu gündə var. Bu rus cəmiyyətinin geneloji tipidir. Belə bir avtokratiyanı da məhz zamanında Lenin Stalinin timsalında görmüşdü. Lenin özü yəhudi əsilli siyasətçilərlə əhatə olunmuşdu. O, özünü və rus cəmiyyətini məhz kənar təsirlərdən qurtarmaq məqsədi ilə yeni simanı – Stalini ortaya çıxardı.

Lenin Stalini siyasi auditoriyaya gətirmək, siyasi mübarizədə istifadə etmək və predmetə çevirməklə özündən sonra bolşevik xəttinin davamçısı olaraq yetişdirir, Stalinin müəllifi olduğu “Marksizm milli məsələ” kitabında Leninin çox ciddi dəsti-xətti olur.

1915-ci ildə 5-12 sentyabrda İsveçrənin Bern şəhərinin Simmervald kəndində keçirilən konfransda Lenin sosial-demokratlardan ayrılmış, inqilabın başlanmasını gözləməməyi inqilabı özlərinin etməyini təklif edir.

Baş verən prosseslərdə Stalin Leninin ən yaxın silahdaşı olur və Lenin tərəfindən Baş katib vəzifəsinə gətirilir.

İosif siyasi mübarizədə hər zaman fəallıq göstərirdi. O, sosializm qələbə çaldıqca sinfi mübarizənin kəskinləşəcəyi və amansız olacağı təqdirdə apardığı siyasi mübarizəsinin gedişatı və nəticələri haqda düşünür və tədbirlər həyata keçirirdi.

Öz siyasi fikirlərini insanların beyinlərinə “çəkməçi atasının ayaqqabının dabanına vurduğu mismarlar kimi” ustalıqla yeritməyi bacarır, özündən yuxarıları heç zaman həzm edə bilmir və fəaliyyəti dövründə altı dəfə cevrəsini dəyişir.

Stalin inqilabi siyasi fəaliyyətlə yanaşı həmdə müəyyən dövrlərdə bolşevik soyğunçu dəstələri ilə də əlaqəli işləmişdir. İnqilabi fəaliyyətin ilk illərində bu dəstələrdən biri Bakı milyonçusu Musa Nağıyevi tutmuş və onu çoxlu pul müqabilində azadlığa buraxmışdılar.

Həmçinin Tiflisin “İrəvan” meydanında 300 min rubl pulun oğurlanması ilə bağlı bir hadisə baş verir və həmin dəstənin başında Kobanın olduğu sonralar məlum olur. Oğurlanan pulların 100 mini təkcə bir çekdə olduğu üçün həmin çekin xırdalanması çətinlik yaradır.

Çekin xırdalanması işi dəstə üzvü Kamoya tapşırılır. Çekin harda xırdalanması işinə M.Ə.Rəsulzadə istiqamət verir və Kamo çeki “Sirkəçi bazarı”nda xırdalayır.

Stalinlə Rəsulzadənin ilk tanışlıqları 1904-cü ildən başlayır. Onlar arasında münasibətlərin yaranmasında Rəsulzadənin əmisi oğlu Məmmədəlinin rolu olur. Belə ki, 1904-cü ilin may ayında Balaxanıda fəhlələrin evində görüş olur, həmin görüşdə “Hümmət” təşkilatını lideri M.Ə.Rəsulzadə və bolşeviklər tərəfdən Stalin iştirak edir.

Bu görüşdə Stalinin məqsədi “Hümmət” təşkilatını da öz ideyalarına qoşmaq idi. Lakin, bunlar arasında fikir ayrılığı olduğu üçün bu iş baş tutmur.

Stalin o zamanlar çar Rusiyasında inqilabi fəaliyyətinə görə təqib olunurdu. Belə təqiblərin birində Rəsulzadə yaralı Stalini çar çinovniklərindən qorumuş, onu Novxanıdakı Şah Sultan Hüseyn məscidinin minbərinin altında 1 həftədən çox gizlədib. Hansı ki, Rəsulzadənin atası həmin məscidin minbərinə qalxaraq azan verib.

Rəsulzadə Stalininin siyasi fəaliyyətinə qarşı çıxmırdı. Çünki Stalin onun siyasi ideyalarının qarşısına çıxan hər bir şəxsi məhv etmək iqtidarında olub.

Bu səbəbdən də çevrəsini altı dəfədən çox dəyişdirən Stalin Rəsulzadəyə toxunmur və onunla dostluq münasibətlərini saxlayır. Stalin 1927-ci ildə MK-nin Baş katibi işləyən zaman “Müsavat” partiyasının həbs olunan lideri Rəzulzadəni Bayıl türməsindən çıxardaraq özü ilə Moskvaya aparır və orda işlə təmin edir.

Rəsulzadənin SSRİ-dən Türkiyəyə gizli yollarla getməsində Stalinin böyük rolu olub. Rəsulzadə xatirələrində yazır: “Yoldaş Stalin məndən necə yaşayıb, nə düşünüb, nə etdiyimlə bağlı soruşdu. Mən xırda işlərlə, gündəlik həyat zərurəti ilə bağlı işlərlə məşğul olduğumu dedim. Moskvada qaldıqca bir perspektivim yoxdur dedim. “Bəlkə Türkiyəyə gedəsiniz?” deyə Stalin dilləndi. Biraz düşündüm və sonra “bəli, artıq Türkiyə ilə tam anlaşmış vəziyyətdəsiniz."

Bəlkə də mənim ora getməyimə bir maneə yoxdur. İcazə versəniz bu təklifdən məmuniyyətlə istifadə edərdim. Nə deyirsiniz?” deyə cavab verdim. Stalin dərhal qalxdı və bığlarını buraraq otaqda gəzişməyə başladı və “bu qərardan vaz keçin” dedi. “Qərar deyilən bir şey yoxdur. Bu fikri indicə mənə əslində Siz təlqin etdiniz” dedim. Stalin cavabında “yox,təlqin etməmiş olum” dedi.

Ardı var...

İnform.az

Baxış sayı: 236