Şərhlər
07.02.2018 / 00:05

Bir az yaxın əyləşin maraqlı söhbət var...

Bir az yaxın əyləşin maraqlı söhbət var...Yadigar Cəfərlinin facebook səhifəsindən:

Bilirsiniz də, Osmanlı imperiyası birinci dünya müharibəsinin nəticələri ilə razılaşıb bölgədən çəkiləndən sonra ingilis hərbçiləri indi də general Tomsonun rəhbərliyi ilə ikinci dəfə Bakıya gəldilər.

Gələn kimi də başladılar Bakıdakı qeyri-müsəlman əhalinin, xüsusən erməni ailələrinin evlərinə gedib-gəlməyə.

Hərəsi özünə bu ailələrdən bir arvad aldı.

1919-cu ildə ingilislər Bakıdan çıxanda burada evlənmiş ingilis zabitlərinin ailələrini də aparmaq üçün qatarın sonuna iki vaqon qoşulmuşdu.

Vağzalda böyük dəm-dəsgahla yolasalma mərasimi keçirildi. İngilis zabitlərinə ərə getmiş qızların qohum-əqrəbası da mərasimə toplaşmışdılar ki, onları qürbətə yola salsınlar.

General Tomson təntənəli bir çıxış etdi. Onun əmrinə görə, evli zabitlər ailələri ilə yox, öndəki vaqonlarda subay hərbçilərlə birgə yol gedəcəkdilər.

Mərasim tamamlandı. Hamı vaqonlara doluşdu. Uzaq ellərə gəlin köçən qızların qohumlarla qucaqlaşıb ağlaşmaları da ki, öz yerində.

Paravoz hərəkətə başlayıb, öndəki vaqonları dartıb apardı. Di gəl, arxadakı iki vaqon yerindən tərpənmədi. Məlum oldu ki, general təzəgəlinləri orduya yük etməmək üçün kələk işlədib. Vaqonlar qatara qoşulmayıb. İçəridəki qızlar da, bayırdakı qohumlar da çox pərt vəziyyətə düşdülər.

Mərasimin digər iştirakçılarının, ələlxüsus müsəlmanların bu məzhəkəyə qəhqəhəsindən isə vağzal titrəyirdi.

Şəhərdə uzun müddət bu əhvalatdan danışdılar.

Sonra o ingilis zabitlərindən, deyəsən cəmi bircəciyi geri qayıtmışdı.

Bu faktı Məhəmməd Əsəd bəy “Şərqdə neft və qan” əsərində qələmə alıb.

İnform.az

Baxış sayı: 266