Baş xəbər, Hüquq
06.02.2018 / 16:08

Ramil Usubov Berlində 21-ci Avropa Polis Konqresində iştirak edir

Ramil Usubov Berlində 21-ci Avropa Polis Konqresində iştirak edir
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Berlin şəhərində keçirilən 21-ci Avropa Polis Konqresində iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdədir.

Bu barədə İnform.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə fevralın 6-da öz işinə başlayan, builki mövzusu “Əlaqələndirilmiş təhlükəsizlik fəaliyyətinin effektivliyi” olan toplantını giriş sözü ilə Almaniya Federativ Respublikasının daxili işlər nazirinin yanında parlamentin dövlət katibi Günter Krings açıb.

Hər il 50-dən artıq dövlətin 1.600-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan bu mötəbər beynəlxalq forumda dünyanın bir sıra dövlətlərinin, o cümlədən Almaniyanın federal əyalətlərinin daxili işlər nazirləri, Bundestaqın deputatları, Interpolun və Avropolun, Avropa İttifaqının məsul nümayəndələri, polis və sərhəd qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin təmsilçiləri iştirak edirlər.

İki gün davam edəcək tədbir çərçivəsindəayrı-ayrı panellərdə ümumilikdə təhlükəsizlik sahəsindəki problemlər və onların həlli yolları, xüsusi təyinatlı qüvvələrin rolu və gələcəyi, əməliyyat əməkdaşlığının gücləndirilməsi, kibercinayətkarlığın qarşısının alınması və mühakiməsi, rəqəmsal kriminalistika, kütləvi tədbirlərin, ictimai yerlərin müşahidəsi və mühafizəsi kimi geniş spektrli, aktual məsələlərinmüzakirəsi nəzərdə tutulub.

İnform.az

Baxış sayı: 257