Müsahibə
06.02.2018 / 11:20

Murad Dadaşov: “Siqaret çəkmə, kino çək”

Murad Dadaşov: “Siqaret çəkmə, kino çək” Əməkdar artist, tanınmış teleaparıcı, aktyor, MGP (M Group Production) şirkətinin prezidenti, “Siqaret çəkmə, kino çək” qısa film müsabiqəsinin münsiflər heyətinin üzvü Murad Dadaşovun “Report”a müsahibəsi

- Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu imzalayıb. Bu qanunun imzalanmasına və ümumiyyətlə, tütün məhsullarından istifadənin məhdudlaşdırılmasına münasibətiniz necədir?

- Siqaret çəkməyən, üç oğlan övladı olan atanın və xanımı restorana girdikdə siqaret iyindən dərhal o yeri tərk etmək istəyən insanın reaksiyası necə ola bilər?! Yalnız və yalnız müsbət. Məsələ burasındadır ki, mən reklam işinin içindəyəm və deyilənə görə, belə qadağalar əksinə, müəyyən hallarda onun artmasına gətirib çıxarır. Ancaq, bu, belə deyil.

- Bəs siz nə vaxtsa siqaret çəkmisinizmi?


- Nə gizlədim, mənim də elə vaxtım var idi ki, arada siqaret çəkirdim. Nədənsə elə düşünürdüm ki, mən əsəbi insanam və əsəbi aradan bu cür qaldırmaq olar. İşlədiyim təşkilatda istədiyim vaxt kabinetdə siqaret çəkməyə icazə var idi. Ancaq mən fikirləşdim ki, mən rəhbərəm və digərlərinə nümunə deyiləmsə heç kimdən heç nə tələb edə bilmərəm. Hamı ilə bərabər çıxırdım çölə, uzun bir məsafə qət edib siqaret çəkirdim. Bir-iki dəfədən sonra başa düşdüm ki, çətindir. Beləliklə, siqareti atdım.

- “Siqaret çəkmə, kino çək” qısa film müsabiqəsindən danışmağınızı istərdim. Bu layihədən gözləntiləriniz nələrdir?

- Düşünürəm ki, çox maraqlı layihədir. Mən layihədə qısa və təsirli bir film görmək istərdim. Bəd niyyətli bir film yox, rahat, insanların başa düşəcəyi filmlər gözləyirəm. Hamımız bilirik ki, siqaret çəkmək pisdir, bunu yenidən eşitməyə ehtiyac yoxdur. Mən təqdimatı maraqlı olan filmə qiymət verəcəm.

- Mövzu, yoxsa keyfiyyət daha önəmlidir?

- Dünyanın ən bahalı əşyalarından biri brilyantdır. Kiçikdir, ancaq istədiyin rakursdan baxanda çox gözəl və fərqlidir.

- Film demişkən, ən son hansı yerli filmə baxmısınız?

- Sonuncu dəfə “Bəxt üzüyü 2” filmini izləmişəm.

- Bu filmi tənqid edənlər çox oldu. Sizin fikirləriniz necə oldu?


- Hər bir filmin müsbət və mənfi tərəfləri var. Bu filmin ikinci hissəsini çəkmək özü cəsarət tələb edirdi. Nəzərə alsaq ki, filmin ərsəyə gəlməsi mürəkkəb bir məsələdir. Mən hamıya qoşulub “Çox bəyəndim”, yaxud “Heç bəyənmədim” deyə bilmərəm. Mənim rəyim çox subyektiv olar deyə, mən rəyimi bildirmirəm.

- Amma tənqid olmadıqca heç nə dəyişmir...

- Əlbəttə, tənqid oluna bilər. Ancaq bu gün ərsəyə gələn filmlər arasında heç də pis film deyil.

- Ümumiyyətlə, Azərbaycanda film istehsalı sahəsində nə çatışmır?


- Film sahəsində film çatışmır (gülür). Körpə uşağın danışığına gülürük, adam baxır zövq alır. Kinomuzun da bu hissəsindəyik, hər şey bizə şirin gəlir. Müəyyən vaxt keçəcək və biz həmin filmlərə başqa göz ilə baxacağıq. Ədəbiyyatımız, musiqi tariximiz çox dərindir, aktyor məktəbimiz çox yaxşıdır, bütün bunlar filmin inkişafına təkan verəcək.

- Zəngindir, ancaq əksər hallarda komediya çəkilir. Sizcə səbəb nədir?

- Kinoteatrın son zamanlarda mahiyyəti dəyişib. Biz nadir hallarda gedib dərin bir film izləmək istəyirik. Kinoteatra indi daha çox vaxt keçirmək, əylənmək üçün gedirik. Heç kim istəməz ki, dostları ilə bərabər filmə gedib ağlasın. Sadəcə son zamanlar filmlərdə yer alan nalayiq hadisələrə zaldakıların gülməsinə çox təəccüblənirəm. Elə şeylər görürük ki, bəzən deyirəm: Bu dərəcədəmi? Ehtiyac var idimi buna? Mən filmlərin insanları elə də dərindən düşündürməsini istəmirəm, ancaq olan-qalan milli dəyərlərimizi qorumaq lazımdır. Bizi digərlərindən fərqləndirən budur və onun müasir formada düzgün qaydada istifadəsi lazımdır.

- "Vine"ları izləyirsinizmi? Hazırda cəmiyyətdə "viner"lar ya çox sevilir, ya da çox tənqid olunurlar...

- İzləyirəm. Biləndə ki, bu insanlar peşəkar aktyor deyil, insana maraqlı gəlir. Biz sadəcə olaraq hər şeyə nədənsə çox diqqət ayırırıq. Bu fərdi bir məsələdir. İnsan öz səhifəsində, öz dostları üçün videolar yayımlayır. Bunu niyə ictimai tənqidə çevirirlər, bunu anlamıram. Elə bil imtahan komissiyasıdır. Hamı bir-birini tənqid edir. Nəyə lazımdır axı?! Onsuz da yaxşı şeylər yadda qalacaq, pis şeylər isə yaddan çıxıb gedəcək.

- Gün ərzində sosial şəbəkələrdə nə qədər vaxt keçirirsiz?

- Arada deyirlər instagrama nəsə yerləşdirin. Şəkillər yerləşdirilir ki, “mən səhər yeməyi yeyirəm” , “mən küçədəyəm”. Bu mənə çox qəribə gəlir. Özümü buna uyğunlaşdıra bilmirəm, ancaq pis də baxmıram. Uşaqlar artıq böyüdükləri üçün onların şəkillərini yerləşdirmirəm, həyat yoldaşım fəlsəfə doktorudur və elmi işlərlə məşğuldur. Bunu üçün də sosial şəbəkələrdən uzaqdır. Qərara gəldim ki, itim Canqonun şəkillərini qoyum.

- Televiziya kanallarında bəyəndiyiniz proqram varmı?


- Mənə elə gəlir ki, əksər televiziya xadimləri, televiziyaların istiqamətləndiriciləri və tanınmışlar bizim tamaşaçını düzgün tanımırlar. Onlar fikirləşirlər ki, yalnız müğənnilərin həyatı, qalmaqallar, ailə münaqişələri tamaşaçılara maraqlıdır. Küçədə insanların aqressiv simalarını görəndə təəccüblənməyin. Bütün hamısı axşam baxılan verilişlərdən qaynaqlanır. Əlbəttə, başa düşürəm ki, hardasa ailə zəmnində problemlər yaşana bilər, yaxud hardasa kimsə kimisə zorlaya bilər. Bunu biz bilirik. Ancaq telekanallar bunun üzərindən reytinq qazananda və sadəcə xəbər olaraq verib, sonra hansı hüquqi tədbirlərin görüldüyünü çatdırmırlar deyə insanlarda aqressiya yaranır.

- Mütəxəssislər deyirlər ki, maarifləndirici verilişlər lazımdır.

- Xeyr. Veriliş gərək maraqlı, düşüncəli, özündə əks-səda doğuran olsun. Televiziyalarımız yığışıb bir vahid sistem haqqında düşünməlidir. Camaatımızın bir qismi artıq türkcə danışır. “Filan” sözünü son zamanlar ancaq “falan” kimi eşidirəm. Dilimiz olmasa deyərəm normaldır. Ancaq bizim öz dilimiz var və istifadə etmək lazımdır. Hər şey ailədən də asılıdır. Uşaq danışdığı söz evdə deyilən sözlərdir. Uşaqlara evdə normal vaxt ayırmayıb tərbiyəni televizyalardan gözləməsinlər.

- Oğullarınızın hansı peşəyə yiyəlməsini istərdiniz?

- Böyük oğlum mühəndis olmaq istəyir. Şouya yönlənmələrini istərdim, ancaq hələ ki, heç birinin belə bir istəyi yoxdur. Buna görə çox heyifsilənirəm. Çünki mən onlara bu sahədən çox şey öyrədə bilərdim. Ortancıl oğlum çox yaradıcı insandır və mənə bənzəyir.

- Azərbaycana hansı proqramı gətirməyi istərdiniz?

- Mən Amerika ilə çox bağlıyam. Hesab edirəm ki, müasir nə varsa hamısı oradan gəlir. “Late night show” formatı var, tanınmış aparıcı gün ərzində baş verənlərdən danışır və proqrama maraqlı qonaqlar gəlir. Dünyada kim nə istehsal edirsə televiziya onu alır. Ancaq bizdə almırlar, çünki gəlirləri o qədər də çox deyil. Bu isə çox bahalı proqramdır, həm də dünyada məşhur olan insanları gətirmək lazımdır. Bunun üçün maliyyə lazımdır. Düşünürəm ki, müəyyən vaxtdan sonra bunu edəcəm.

- Öz televiziya kanalınızı yaratmaq istərinizmi?

- Əlbəttə istərdim. Müəyyən vaxtdan sonra istərdim. Düşünürəm ki, zövqüm xalqın zövqünə yaxındır və intellektim də buna icazə verir. Kanal da olmasa vahid bir yayımçı platformamın olmasını istəyirəm.

İnform.az

Baxış sayı: 58