Dünya
03.02.2018 / 10:15

Tramp izlənirmiş - məxfi sənəd açıqlandı

Tramp izlənirmiş - məxfi sənəd açıqlandıABŞ Konqresinin kəşfiyyat məsələləri üzrə komitəsində 2016-cı ildəki prezident seçkiləri zamanı təbliğat kampaniyasında Donald Trampın Rusiya ilə əlaqələrini araşdıran Federal Təhqiqat Bürosunun (FTB) qanunsuzluqları ilə bağlı faktlar açıqlanıb.

İnform.az milli.az-a istinadən bildirir ki, həmin məxfi hesabat ABŞ prezidenti Donald Trampın göstərişi ilə açıqlanıb.

Hesabatın açıqlanmasına komitə yanvarın 29-da icazə verib.

Dünən sənəd komitənin saytında dərc olunub.

Sənəddən bəlli olur ki, seçkiqabağı təbliğat kampaniyası zamanı FTB əməkdaşları qanunu pozublar və Donald Trampı hər vasitə ilə izləməyə çalışıblar. Belə ki, FTB əməkdaşları təbliğat kampaniyası zamanı Donald Trampın xarici siyasət məsələləri üzrə müşaviri olmuş Karter Peycin telefonuna gizlicə qulaq asıblar.

FTB hesab edir ki, K.Peyc Moskva ilə danışıqlar aparıb. Peyc isə bu ittihamları absurd adlandıraraq rədd edib.

D.Tramp Twitter-dəki profilində yazıb: "FTB-nin və Ədliyyə Nazirliyinin müstəntiqləri araşdırmanı respublikaçıların əleyhinə, demokratların xeyrinə siyasiləşdiriblər".

Sənədin dərc olunması ilə bağlı FTB kəskin narazılığını bildirib.

"Bu sənədin gerçək olduğuna şübhələr var. Sənəd açıqlanmazdan və komitədə səsvermədən bir gün əvvəl FTB əməkdaşlarına hesabatla tanış olmaq üçün məhdud imkanlar yaradılmışdı", - FTB-nin açıqlamasında deyilir.

Qalmaqallı hesabatı respublikaçı konqresmen, Kaliforniyadan olan siyasətçi Devid Nunyesin tələbi ilə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının üzvləri hazırlayıblar.

USA Today hesab edir ki, sənədin açıqlanması ABŞ prezidenti Donald Tramp ilə FTB-nin direktoru Kristofer Rey və baş prokuror Rod Rozenştayn arasındakı münasibətləri kəskinləşdirib.

Rey və Rozenştayn bəyan etmişdilər ki, məxfi informasiyaların açıqlanması ABŞ-ın milli təhlükəsizliyinə zərbə vura bilər.

İnform.az

Baxış sayı: 270