Şərhlər
02.02.2018 / 12:38

Azərbaycana media üzərindən hücumların üzü və astarı

Azərbaycana media üzərindən hücumların üzü və astarı

Emin HƏSƏNLİ/QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq

Mövcud reallıq bu hücumların iflasa məhkumluğundan xəbər verir...

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə jurnalistlər üçün inşa edilən ikinci binada mənzil almış 255 media nümayəndəsinə bugünlərdə yeni mənzillərinin açarları və zəruri sənədləri təqdim olundu. Bu mütərəqqi addım dövlətin kütləvi informasiya vasitələri, media işçilərinə diqqət və qayğısının növbəti əyani təzahürü olmaqla, onların sosial problemlərinin, mənzil-məişət qayğılarının həll edilməsi yönündə yeni imkanlar açdı. Mətbuat sahəsində uzun illər çalışan, zəhmət çəkən, müxtəlif siyasi baxışlara sahib olan qələm adamlarına müasir standartlara cavab verən yeni binada mənzil ayrılması dövlətin bu təmənnasız addımı ali məqsədlər naminə atdığını, medianın azad, müstəqil fəaliyyətinə daha əlverişli şərait yaratmaq məramı daşıdığını bir daha təsdiqləyir.

Bu gün Azərbaycanın hərtərəfli inkişafı, dünyada özünə layiqli yer tutması, sosial rifah halının gündən-günə yaxşılaşdırılması, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, ordu quruculuğu, iqtisadi, siyasi və digər sahələrdə islahatların həyata keçirilməsi ümumən cəmiyyətdə olduğu kimi, əksər media qurumları və əməkdaşları tərəfindən yüksək qiymətləndirilməkdə, sevinclə qarşılanmaqdadır. Ona görə də bu gün kütləvi informasiya vasitələri ilə dövlətin mövqeyi istər-istəməz üst-üstə düşür, xalqla dövlət arasında mövcud olan birlik kimi, media-dövlət həmrəyliyi də möhkəmlənir.

Təbii ki, bizim üçün sevindirici, qürur doğuran bu reallıq hər addımda Azərbaycanın daxili işlərinə qarışmağa çalışan, dövlətin müstəqil siyasət yürütməsindən heç də məmnun olmayan, çirkin niyyətlərlə ölkəmizə qarşı qarayaxma kampaniyası aparan qüvvələr tərəfindən qətiyyən xoş qarşılanmır.

Onlar vaxtaşırı olaraq Azərbaycan əleyhinə böhtanlar, iftiralar yağdıran, təəssüf ki, “sapı özümüzdən olan baltalar”la dövlətimizə namərdcəsinə zərbələr vurmağa çalışan məlum xarici dairələrdir. Qarşıya qoyduqları məqsədlərə heç cür çata bilməyən və buna görə də getdikcə ümidsizləşən məlum dairələr son zamanlar daha məkrli və aqressiv davranırlar. Onların fitnəkarlığı öz qarayaxma kampaniyalarında Azərbaycan dövlətini həm bütövlükdə hədəfə almaları, həm də konkret olaraq ayrı-ayrı dövlət qurumlarımızı və tanınmış xadimləri gözdən salmaq cəhdlərilə özünü göstərir.

Təsadüfi deyil ki, ən vacib sahələrdən biri olan media sektorunu, KİV-i hədəfə götürməklə onlar Azərbaycanın bu baxımdan dünyadakı imicini ləkələməyə can atırlar. Ölkə rəhbərliyinin bu istiqamətdəki məqsədyönlü siyasətini, müstəqil dövlətçiliyə həssas yanaşan medianın sağlam əsaslı fəaliyyətini haqsız tənqid edərək ictimai rəyə müsbət təsirini azaltmaq indi bəlli xarici dairələrin və onların əlaltılarının başlıca niyyətidir.

Uzun illərdən bəri vətənə, dövlətçiliyə sədaqətlə, fədakarlıqla xidmət göstərərək etimad qazanmış şəxsləri, onların rəhbərlik etdikləri sahəni haqsız və yersiz tənqidə məruz qoymaq da bu iyrənc planın tərkib hissəsidir. Güdülən məqsəd isə xalqın mənafeyini, müstəqil dövlətçilik xəttini əsas tutan Azərbaycan iqtidarını guya içəridən sarsıtmaq, ortaya fitnə salaraq inamsızlıq aşılamaq, cəmiyyətdə çaşqınlıq yaratmaqdır.

Lakin bütün bu niyyət və cəhdlərin puçluğu, absurdluğu, indiyə qədər olduğu kimi, bundan sonra da iflasa uğrayacağı şübhəsizdir. Çünki öncədən uğursuzluğa məhkum olan belə niyyətlərdə bulunanlar ölkəmizdə çoxdan bərqərar olmuş ictimai sabitliyin, siyasi yekdilliyin, xalq-hakimiyyət birliyinin, medianın əksər qisminə xas vətənpərvərlik və dövlətçilik mövqeyinin təməl səbəblərini anlamırlar. Hər işə öz naqis arşını ilə yanaşan həmin bədxah qüvvələr Azərbaycan dövlətini media vasitəsilə təsir və təzyiq altında saxlamağın, ölkədəki ictimai-siyasi situasiyanı kənardan KİV hesabına idarə etməyin mümkünsüzlüyünü əslində çoxdan dərk etmiş olmalıydılar. Ancaq kor tutduğunu buraxmadığı kimi, onlar da bu ümidsiz, qaranlıq yoldan dönmək istəmirlər. Nəticədə həm özləri rüsvayçı vəziyyətə düşürlər, həm də onlara sığınmaqdan ar etməyən, mühacirət adıyla xaricə üz tutub orada antimilli fitnələrə alət olan “yerli radikallar”ı daha da gülünc hala salırlar.

Məlum anti-Azərbaycan şəbəkəsi ilk növbədə bu illər ərzində dövlətlə media, QHT-lər arasında milli mənafe, ali dövlətçilik məramları naminə əldə olunmuş məqsədyönlü əməkdaşlıq zəminini korlamağa cəy göstərirlər. Müvafiq sahədə səmərəli fəaliyyətilə diqqət çəkən dövlət qurumları ilə yanaşı, KİV-ə Dövlət Dəstəyi Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Mətbuat Şurası da həmin dairələrin “qara siyahı”sındadır. Prosesin aşkar yönlərindən biri də budur ki, Azərbaycanda dövlət-xalq-media təmaslarının mahiyyətinə, bu yöndəki nailiyyətlərə kölgə salmaq əsasən təcavüzkar ermənilərin işinə yarayar.
Ölkəmizdə azad medianın guya ağır duruma düşdüyünü, dövlətin bu sahədəki siyasətinin guya effektsiz olduğunu dünyaya car çəkmək ən çox dünyadakı bədnam erməni lobbisinin, ermənipərəsət dairələrin maraqlarına uyğundur. Eyni zamanda, Azərbaycana xəbis istək və planlarla göz dikən imperialist qüvvələr də bu cür vasitələrdən özləri üçün yararlanmağa can atırlar. Göründüyü kimi, bu məsələdə yalnız hər cür antiazərbaycan mövqeli qrup və dairələrin məqsədləri üst-üstə düşür. Cürbəcür yollarla qızışdırılaraq maliyyələşdirilən, dövlətimiz əleyhinə çirkin sifarişlər və bunlara uyğun qrantlar almaqdan ötrü dəridən-qabıqdan çıxan fərdlər və qruplar isə onların müti əlaltılarına çevriliblər. Hədəfə alınan isə müstəqil Azərbaycan dövlətidir, öz dövlətçiliyinə sadiq olan xalqımız, mediamız və milli mövqeyi əsas tutan QHT-lərimizdir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovun bugünlərdə etdiyi çıxışda yer alan fikirlər dövlətimizə media müstəvisində hücumların mahiyyətini ifadə baxımından olduqca diqqətəlayiqdir: “Çox təəssüflər olsun ki, bəziləri qəbahətə yol verərək bildirirlər ki, Azərbaycanın media siyasəti iflasa uğrayıb. Məgər öz dövlətinin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə dövlət qayğısı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər qəbahətli bir haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? Azərbaycan dövlətinin jurnalistlərə yönəlik sözün həqiqi mənasında humanist siyasəti deyil, illərdir ki, milyonlarla, on, hətta yüz milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb”.
Heç şübhəsiz, sözgedən dairələri qəzəbləndirən, daha aqressivliklə hərəkətə keçirən də məhz bu reallıqdır.

Bəlli çevrələr öz məqsədlərinə nail olmaq üçün Azərbaycanın həyata keçirdiyi transmilli layihələrə, xüsusilə enerji təhlükəsizliyi ilə bağlı reallaşdırılan işlərə mane olmaqla ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq, etibarlı tərəfdaş imicini ləkələmək, onu böyük layihələrdə iştirakdan qoparmağa çalışırlar. Bu niyyətlə məlum “qrant mediası”nın miskin nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq, bir sıra ölkələrin parlamentləri qarşısında Azərbaycan üçün strateji önəmli TAP layihəsi əleyhinə aksiyalar keçirməyə başlayıblar. Nəzərə alsaq ki, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək, o zaman antiazərbaycan şəbəkəsinin daha da azğınlaşacağı tamamilə gözləniləndir.

İndiyədək gerçəkləşdirilən bütün mötəbər, Azərbaycan üçün taleyüklü tədbirlər zamanı ölkəmizə qarşı planlı şəkildə hücumlar edən, təzyiq göstərməyə çalışan dairələr, yəqin ki, bu dəfə də fürsətdən maksimum istifadəyə can atacaqlar. Necə ki, “Avroviziya-2012”, Birinci Avropa Oyunları, “Formula-1” yarışları, IV İslam Həmrəyliyi Oyunları, “Əsrin müqaviləsi”nin Azərbaycana daha əlverişli şərtlərlə yenilənməsi ərəfəsində belə biabırçı cəhdlərin şahidi olmuşuq. Artıq özləri də gizlədə bilmir, hər addımda büruzə verirlər ki, onların istismarçı maraqları Azərbaycan dövlətinin müstəqil siyasət yürüdərək daha da inkişaf etməsilə yox, Əfqanıstan, İraq, Liviya, Suriya kimi xaosa sürüklənməsi, irqi, dini qarşıdurmalar meydanına çevrilməsilə təmin oluna bilər
.
Aydındır ki, proseslərə obyektiv yanaşan, ölkədəki inkişafı təqdir və təbliğ edən, cəmiyyətlə dövlət arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinə töhfə verən, ordu quruculuğuna geniş diqqət ayıran, Silahlı Qüvvələrimizə inamı artıran, gənc nəslə vətənpərərlik hissləri aşılayan, informasiya savaşında fəallq göstərən milli ruhlu, sağlam əqidəli, müstəqil Azərbaycan mediası sözgedən antiazərbaycan şəbəkəsinə, ermənipərəst dairələrə əsla sərf eləmir. Çünki onların çirkin planlarının puça çıxmasında bütün bu üstün xüsusiyyətlərə malik Azərbaycan mediası önəmli rol oynayır.

Müstəqil dövlətçiliyə sadiq Azərbaycan mediası ölkəmizin əleyhdarlarının məkrli fəaliyyətinə böyük maneə yaradır, onların zorla işə saldıqları təbliğat maşınını sıradan çıxararaq cəhdlərini iflasa uğradır. Əminliklə söyləyə bilərik ki, hər zaman da belə olacaq. Bu əminliyi yaradan isə dövlətimizin yürütdüyü inamlı, məqsədyönlü siyasət və milli mövqeli mediamızın effektiv fəaliyyətidir.

İnform.az

Baxış sayı: 283