Hüquq
01.02.2018 / 12:54

Külli miqdarda narkotik vasitə və güclü təsirdici həblər qanunsuz dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik vasitə və güclü təsirdici həblər qanunsuz dövriyyədən çıxarıldıPolis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 12 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə, həmçinin güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

İnform.az DİN Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, yanvarın 26-da Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədovun üzərinə baxış zamanı narkotik vasitə olan heroin, həmçinin “Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 ədəd patron aşkar edilərək götürülmüşdü.

Onun narkotiki və odlu silah-sursatı əldə etdiyi Füzuli adlı şəxs də müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Mikayıllı kənd sakini Füzuli İbişovun evinə baxış keçirilib. Oradan 5 ədəd avtomat patronu, 4 kiloqram 165 qram heroin, 6 kiloqram 725 qram həşiş və 1 ədəd elektron tərəzi aşkar edilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Teymur Dövlətovun yaşadığı evə, həmçinin “VAZ-2107” markalı avtomobilinə baxış keçirilib. Oradan yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitələr - tiryək, heroin, metadon və güclü təsiredici psixotrop tərkibli 56 ədəd “Klonazepam”, 2 ədəd “Tramadol”, 3 ədəd “Preqabalin” həbləri aşkar edilərək götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları isə Quba rayon sakini, əvvəllər məhkum olunmuş Şaiq Fətəliyevdən 10 qram marixuana götürüblər. Əməliyyat tədbirləri ilə onun narkotiki aldığı şəxs də müəyyən edilib. Narkotik vasitəni satmaqda şübhəli bilinən Qımıl-Qışlaq kənd sakini, əvvəllər məhkum olunmuş Həzrət Əkbərov polis əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin şəxsin evinə də baxış keçirilib və oradan əlavə olaraq 420 qram marixuana aşkar edilib.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Çingiz Bədəlovdan 457 qram marixuana götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

İnform.az

Baxış sayı: 247