Ədəbiyyat
30.01.2018 / 14:55

Dilçilərin vəzifəsi dildə dəyişiklik etmək deyil

Dilçilərin vəzifəsi dildə dəyişiklik etmək deyilMoskvada bir müəllimim vardı: professor Panov. Bir dəfə lövhədə hansısa sözü lüğətdəkindən fərqli yazdı. “Demaqoq” tələbələr etiraz edəndə hirsləndi: “Mən Mixail Viktoroviç Panovam. Rus dilinin orfoqrafiyasını mən diktə edirəm”.
Sonra yumşaldı və dedi: “Siz lüğətdəki kimi yazın, amma bir filoloq kimi bilin ki, bu söz əslində belə yazılmalıdır”. (Rəhmətliyin mənə dediyi bir söz də yadımdadır: “Qafqazlı, rus dilində aksentlə danışmalıdır, amma qafqazlı rusistin aksentlə danışmağa ixtiyarı yoxdur”.)


Dəyişikliklər vacibdirmi (məsələnin hüquqi aspekti)

Dil dünyanı dərk etmək və özünü ifadə etmək üçün bir vasitədir. Hər bir sahədə olduğu kimi, burada da sabitlik inkişaf üçün şərait yaradır. Dildə ciddi dəyişikliklər elmi, mədəni inkişafda ləngimələrə, nəsillər arasında uçuruma səbəb olur. 1991-ci ildə belə bir inqilabi dəyişiklik oldu: əlifbamız dəyişdi. On il ərzində latın əlifbası ilə yalnız orta məktəb dərslikləri nəşr olundu. Kitab, qəzet, jurnal çapında yeni əlifbaya keçid yalnız 2000-ci illərin əvvəllərində baş tutdu. Nəticədə “oxumayan” bir nəsil yetişdi, on il ərzində orta məktəb şagirdlərinin əksəriyyəti dərslikdən başqa heç nə oxumadı, çünki qalan ədəbiyyat kirilcə idi. Əlbəttə, latın əlifbasına keçid həm də mədəni-siyasi məsələ idi. Sadəcə, bu keçidə ciddi hazırlaşmaq lazım idi.

Dövlət dili haqqında qanunda deyilir ki, “13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir”. Göründüyü kimi, qanun 5 ildən bir yeni orfoqrafiya qaydalarının tərtib edilməsini tələb etmir. Qanunun bu maddəsini məntiqə əsaslanaraq belə şərh etmək olar: dil dinamik varlıqdır, hər il dilə xeyli miqdarda yeni söz daxil olur, insanlar bu sözləri müxtəlif cür dilə adaptasiya edirlər, buna görə də dilin orfoqrafiyasında unifikasiya yaratmaq məqsədilə həmin sözlərin yazılışı mövcud qaydalara əsasən yeni lüğətlərdə təsbit olunmalıdır. Məsələn, internet texnologiyası ilə bağlı son on ildə mətbuatda və danışıq dilində fəal işlədilən google, facebook, youtube kimi sözlərin Azərbaycan dilində yazılış qaydasına aydınlıq gətirilməlidir.

Bundan başqa, hər bir kitabda olduğu kimi, dövlət tərəfindən nəşr olunan orfoqrafiya lüğətində də texniki qüsurlar, uyğunsuzluqlar ola bilər. 5 il ərzində bu qüsurlar aşkar olunmalı və növbəti nəşrdə düzəldilməlidir. Beləliklə, biz dilin lüğət tərkibinin həm leksik, həm də orfoqrafik baxımdan mükəmməl variantına nail olmalıyıq.

Konsepsiya və prinsiplər (elmi aspekt)

Alimlər tərəfindən dövlət səviyyəsində təklif olunan sənəd vahid elmi yanaşma (konsepsiya) ortaya qoymalı, müəyyən elmi prinsiplərə əsaslanmalıdır (sözsüz ki, istisnalar varsa, onlar da göstərilmədir). Müasir elm deyir ki, konsepsiya aksiomatik, dəyişməz olmalıdır, prinsiplər (metodlar) müxtəlif ola bilər, amma bir-biri ilə ziddiyyət təşkil etməməli, konsepsiyadan kənara çıxmamalıdır.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini tərtib edənlər inzibati-linqvistik yanaşma sərgiləyiblər (başqa bir yanaşma mətbuat və digər nəşr materialları əsasında dilin lüğət korpusunun monitorinq araşdırması ola bilərdi). Əsas elmi prinsiplər bunlardır: 1) mənbə dilə istinad (əskər, əskinas), 2) orfoqrafiyanın orfoepiyaya uyğunlaşdırılması (ədəbiyat, maliyə, gələsiydi), 3) dilin fonetik qanunauyğunluqları (alğı-satqı)

Elmi ictimaiyyətdə etiraz doğuran əsas məqam da sənəddə elmi prinsiplərin bir-biri ilə ziddiyyət təşkil etməsidir. Məsələn, “iqtisadiyyat”, “maliyyə” sözlərinin bir “y” ilə yazılışını təklif edərkən (37-ci maddə) hörmətli dilçilərimiz sözün yazılışını tələffüzə yaxınlaşdırmaq məqsədi güdürlər. “İşgəncə” sözündə “g”-nı “k” ilə əvəzləyərkən, əksinə, mənbə dildəki yazılışı əsas götürürlər (22-ci maddə), sözün tələffüzünə isə əhəmiyyət vermirlər.

Əvvəlki lüğətlər xeyli suallar qoyub ki, yeni orfoqrafiya qaydalarında onların həll olunacağını gözləyirdik. Lakin qaydalardakı dəyişikliklər sualları daha da artırdı:

- Nə üçün Avropa mənşəli sözlərlə bağlı “mənbə dil” dedikdə həmişə rus dili nəzərdə tutulur: (21-ci maddə. Mənbə dildə g samitli alınma sözlər g ilə də yazılır: biologiya, general, gigiyena, gimnastika). 2004-cü il qaydalarında, heç olmasa, “əslində”, “rus dilində” ifadələri işlənirdi.

- Ssenari sözünün senari (34-cü maddə), sanatori sözünün sanatoriya (12-ci maddə), kimi yazılması təklif olunur. Axı bu sözlərin hər ikisi “mənbə dil”də eyni sonluqla (ий) bitir: сценарий, санаторий. Dilimizdə sanatoriya, profilaktoriya sözləri “бухгалтерия” tipli varvarizmlərin təsiri ilə yaranmış qələti-məşhurlardır.

- 24-cü maddədə deyilir ki, kökündə qoşa sait işlənən alınma sözlər qoşa saitlə də yazılır: ailə, əcaib və s. Bu qayda oriyental, pasiyent sözlərinə də şamil olunacaqmı? Nəyə görə son lüğətlərdə media “y”-sız, intermediya isə “y” ilə yazılır?

- 11-ci maddədə yenə də “mənbə dil”də, yəni rus dilində sonu “a” ilə bitən sözlərdən danışılır, aksiomatik faktlar sadalanır, amma nədənsə son lüğətlərdə gedən qüsurlara toxunulmur. Hansı məntiqlə “karikatur”, “konyunktur” sözləri “a”sız yazılır. Axı əslində, “konyunktur” sifətdir (konyunktur əsər); isim kimi “konyunktura” deyirik. Nəyə görə “yoq” sözü verilib, “yoqa”ya imtina edilib. Axı bunlar müxtəlif sözlərdir: yoqa təlimin adıdır, yoq isə bu təlimlə məşğul olana deyilir. Lüğətdə mansarda sözünün “a” ilə, reform sözünün “a”sız yazılması hansı prinsipə əsaslanır.

- 2013-cü il lüğətini 110000 leksik vahidə çatdıran mürəkkəb sözlərin axırı necə olacaq? Məsələn, -lı şəkilçili sifətlərin iştirakı ilə (türk­mən­şəli, köhnəfikirli) hansı halda mürəkkəb söz yaranır? “Oyan-buyan” mürəkkəb söz kimi verilibsə, “obaş-bubaş”, “otərəf-butərəf” də defislə yazılmalıdırmı? “Sətirdən-sətrə” defislə yazılırsa (Yeri gəlmişkən, sözügedən sənəd layihəsində bu söz ayrı yazılıb), ağacdan ağaca, budaqdan budağa da belə yazılmalıdırmı?

Lüğətlərdə onlarla, bəlkə də, yüzlərlə belə ziddiyyətlər var. “25. Milyon və milyard sözləri mənbə dildəki yazılışından asılı olmayaraq, bu şəkildə yazılır” kimi faktoloji maddələrdənsə bu suallara cavab verilsəydi, dil istifadəçiləri üçün daha faydalı olmazdımı?

“Verilsəydi” demişkən, idi, imiş köməkçi sözlərinin yazılışı ilə bağlı 44-cü maddə o qaydalardandır ki, doğrudan da, mövcud yazı dili normalarını təsbit edir. Zatən heç kim “yaza idi”, “yazası imiş” demir və yazmır. Bir çox redaktorlar bu qaydanı heç bilmir və ya ona məhəl qoymur. Şəxsən mən yalnız “Azərbaycan dili” dərsliklərində ona əməl edirəm. Onu da demək lazımdır ki, bu qayda orfoqrafiya lüğətində dəyişikliyə səbəb olmayacaq, çünki söhbət morfonologiyadan gedir.

Fəsadlar (sosial aspekt)

Sözlərin yazılışını elmi, linqvistik, etimoloji cəhətdən əsaslandırmaq üçün çox arqument gətirmək olar. Amma adi vətəndaş bütün bunları bilməyə məcbur deyil. Onun üçün söz müəyyən anlayışı bildirən bir işarədir və o istəyir ki, orta məktəbdə öyrəndiyi bu işarə tez-tez dəyişməsin. Əgər dəyişərsə, onda bu işarələrə və qaydalara qarşı bir etinasızlıq yaranar. Yeri gəlmişkən, müzakirə olunan sənədin özündə də 2013-cü il orfoqrafiya lüğətindəki bəzi dəyişikliklərə məhəl qoyulmur: “sətirdan-sətrə” sözü ayrı, “qoşasamitli” gah bitişik, gah da ayrı yazılır. Bu o deməkdir ki, artıq elmi elitanın özündə də etinasızlıq prosesi başlayıb.

Orfoqrafiya qaydaları istisnalarla doludur. Əgər qaydanın əhatə etdiyi sözlərin 20-30%-i həmin qaydaya tabe deyilsə, istisna təşkil edirsə, deməli, buna qayda demək olmaz. Bir çox sözlərin orfoqrafiyasını qaydalaşdırmağa ehtiyac yoxdur. Sözlərin orfoqrafiyası daha çox empirik yolla, göz yaddaşı və əzbərçiliklə mənimsənilir.

Orfoqrafiya qaydalarında tez-tez ciddi dəyişikliklər etmək cəmiyyətin dildən fəal istifadə edən hissəsində (mətbuatda, təhsildə, işgüzar dairələrdə) təlatümlər yaradır. 2013-cü il orfoqrafiya lüğətində heç bir yeni qayda təklif olunmasa da, bir çox sözlərin yazılışında dəyişiklik edildi. Bununla bağlı heç bir siyahı da verilmədi ki, dil istifadəçiləri, müəllimlər hansı sözlərin yazılışında dəyişiklik olduğunu bilsinlər. Orta məktəb müəllimləri özləri bircə-bircə həmin sözləri lüğətdən taparaq öz siyahılarını tərtib edirdilər. Yenicə bu qarışıqlıqdan baş açırdılar ki, indi orfoqrafiya qaydalarına bir sıra dəyişikliklər təklif olunur: bəzi sözlər 2004-cü il normalarına qaytarılır və bir çox sözlərin yazılışında dəyişikliyə səbəb olacaq qaydalar təqdim olunur.

2013-cü il lüğətindən sonra tələm-tələsik dərsliklərdə dəyişikliklər edildi, 3-cü sinifdə fel, kompyuter sözlərini öyrənmiş şagird 4-cü sinifdə feillə, kompüterlə, 5-ci sinifdə yenidən fel və kompyuterlə qarşılaşdı. Çünki dərsliklər 4 ildən bir nəşr olunur və burada siniflər üzrə bir ardıcıllıq yoxdur.

Onilliklərdir, 5-ci sinifdə uşaqlara öyrədirik ki, qoşa “y” ilə yazılan bir çox sözlər bir “y” ilə deyilir. Növbəti ildə onlar dərsliklərin üzərində “Riyaziyat”, “Ədəbiyat” görəndə müəlliflərin “savadsızlığına” güləcəklər. Dəyişikliklər qəbul olunarsa, orta məktəbdə Azərbaycan dilinin tədrisində sabitliyin yaranması üçün 7-8 il lazım olacaq. Ən pisi isə odur ki, bu gedişlə orfoqrafiyada dəyişikliklərin sonu görünmür. 5 ildən sonra başqa fonetik prinsiplərə görə bir xeyli söz dəyişdirilə bilər, məsələn, tam elmi əsaslarla “müəllim” sözünün “məllim” kimi yazılışı təklif oluna bilər. Bu isə son nəticədə cəmiyyətə dilimizin orfoqrafiyasına qarşı nəinki etinasızlıq, hətta itaətsizlik yaradacaq.

Deyirlər, Yaponiyada park salanda əvvəlcə sahəni yaşıllaşdırırlar, gözləyirlər ki, camaat gəzişsin, cığırlar açılsın. Sonra isə həmin cığırları səliqə-sahmana salırlar. Bizdə əvvəlcə mərmər yollar salıqlar, sonra ətrafını yaşılaşdırırlar. Adamlar da nədənsə o yol əvəzinə yaşılıqda öz cığırı ilə gedir. Dilin qanunauyğunluqlarını hamıdan yaxşı bilmək dilə müdaxilə etmək haqqı vermir. Dilçinin vəzifəsi dil hadisələrini fiksasiya etmək, onların elmi izahını verməkdir.

Bütün bunlarla yanaşı, xoşagələn bir məqam var ki, layihə ictimaiyyətin müzakirəsinə təqdim olunub. İndi qalır ağıllı fikirləri qəbul etmək.

Rafiq İsmayılov,
filologiya üzrə fəlsəfə doktoru,
orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin müəllifi


Modern.az

Baxış sayı: 365