Baş xəbər, Hüquq
29.01.2018 / 18:39

Narkomaniyaya və erkən nigahlara "YOX" deyək!- FOTO

Narkomaniyaya və erkən nigahlara "YOX" deyək!-

Şabran Rayon Polis Şöbəsi Veteranlar Şurasının təşkilatçılı ilə rayonun Aygünlü kənd tam orta məktəbində yuxarı sinif şagirdləri, pedaqoqlar və valideynlərilə görüş keçirilib.

Görüşdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında ətraflı söhbət aparılıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cavid Əliyev gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və bu kimi digər zərərli meyillərdən uzaqlaşdırılması barədə danışıb.

Çıxışı zamanı o, narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü vurğulayıb.

Şabran RPŞ-nın rəis müavini, polis polkovnik-leytenantı Cahid Hüseynovdavamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını diqqətə çatdırıb. C.Hüseynov qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.Bu cür görüşlərin keçirilməsində məqsəd məhz cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemləri və səbəb olduğu fəsadları şagirdlərə, gənclərə bir daha izah etməkdir.

Erkən nikahın səbəbləri, nəticələri mövzusuna toxunan RPŞ-nin Veteranlar Şurasının sədri Valeh Sadıqov gələcək ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışıb, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd edib.

Tədbirdə dini radikalizmlə bağlı da məlumat verilib və dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığı diqqətə çatdırılıb.

Aygünlü kənd veteranları vaxtaşırı məktəbdə, əmək kollektivlərində təbliğat işlərinin aparılması, yeniyetmə və gənclərlə görüşlərin təşkil edilməsini, polis-vətəndaş həmrəyliyinin, əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşün sonunda narkomaniyanın və erkən nikahların törətdiyi neqativ halların aradan qaldırılmasına aid film nümayiş etdirilib. Daha sonra məktəblilərimaraqlandıran suallar cavablandırılıb.

Narkomaniyaya və erkən nigahlara "YOX" deyək!-


Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 1159