Diaspora Akademiyası, Dünya
29.01.2018 / 10:07

Azərbaycanın nailiyyətləri 4 dildə "Youtube"da

Azərbaycanın nailiyyətləri 4 dildə

“Youtube”da Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı fəaliyyətə başlayıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan mədəniyyətini, incəsənətini, turizmini, habelə ölkəmizin əldə etdiyi nailiyyətləri daha geniş təbliğ etmək məqsədi ilə dünyanın ən çox izləyicisi olan məlumat-video portalı “Youtube”da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı yaradılıb və bölmə daim yenilənir.

Kanala Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tədbirlər, Azərbaycan və Özbəkistan telekanallarında nümayiş etdirilən verilişlər, videomateriallar, milli mədəni irsimizə dair ekran əsərləri, milli rəqslərin videyazıları, Mərkəzin layihələri daxil edilir. Artıq Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan sənədli filmlər, videoçarxlar, özbək dilinə dubliyaj olunmuş Azərbaycan bədii filmləri, cizgi filmləri, musiqi layihələri, kliplər qeyd olunan kanala əlavə edilməsinə start verilib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, kanala 4 dildə (Azərbaycan, özbək, rus və ingilis) məlumatlar açar sözlər üzrə daxil edilir ki, izləyici hər hansı bir sözə görə axtarış apararkən ətraflı məlumat əldə edə bilər. Bununla əlaqədar Mədəniyyət Mərkəzində xüsusi işçi qrup yaradılıb. Onlar tərəfindən videomaterialları montaj edərək “Youtube”dakı Azərbaycan Mədəniyyət Mərkəzinin kanalına yüklənir.

İnform.az

Baxış sayı: 142