Şərhlər, Hüquq
27.01.2018 / 12:35

Polisi gülüş obyektinə çevirmək olarmı?

Polisi gülüş obyektinə çevirmək olarmı?Elməddin Muradlının facebook səhifəsindən:

Son vaxtlar komediya janrında çəkilən filmlərdə Azərbaycan polisini ələ salırlar, mənfi obrazda təqdim edirlər.

Gülüş üçün belə şeylər etmək düzgün yanaşma deyil. "Oğlan evi-2" filmdində bir səhnə var. Adamların maşını qaçırılır, gəlirlər polis bölməsinə, sonra çıxıb gedirlər ki, ərizə yazmaq lazım deyil, onsuz da gec cavab gələcək, məsələ uzancaq. Sonra maşın lazım olur, bölmənin işçisi deyir ki, bölmədə bir dənə "07" var, başqa maşln yoxdur. Əslində belə olmur axı. İndi hansı bölmədə "07" qalıb? Hər bölmənin qabağında ən azı 5-6 maşın dayanır, hamısı də xarıcı marka. Ən sadəsi "Fiat Doblo"dur.

Başa düşürük, polislə bağlı mənfi fikirlər çoxdir. Amma yaxşılar da çoxdur. Amma təəssüf ki, yaxşını yazanda gülürlər, lağa qoyurlar. Pisi yazanda isə sevinirlər, "çiçəkləri çırtlayır". Belə bir təqəbə formalaşıb ki, polisin fəaliyyətindən yaxşı nəsə yazmaq olmaz, ancaq pis şeylər yazmaq lazımdır, yaxşı yazanlara da pis adam kimi baxırlar. Pis şeyləri sosial mediada tez və daha çox paylaşırlar. Yaxşı nəsə yazanda isə açıb üzünə də baxmırlar. Amma biraz çətinə düşən kimi o saat polis axtarırlar ki, gəlsin kömək etsin.

Ev yanır, birinci polis gəlir, cinayət olur, polis gəlir, "avtoş" varsa polis boynunun kökünü kəsib tutur, evdən stəkan yoxa çıxır, polis yada düşür. Elə isə polisi bu qədər aşağılamaq nəyə və kimə lazımdır?

Dərindən incələsən görürsən ki, hər kəsin ailəsində, nəslində-kökündə, qohum-əqrabada bir polis var. Hamı da onu görəndə ayağa durub hörmət bəsləyir ki, polisdir. Amma hansısa bir çevrədə bəziləri polisə düşmən kimi baxır.

Polis səni qoruyursa, sən də polisi qorumalısan. Heç kim heç nədən sığortalanmayıb. Hamının gec-tez polisə işi düşür. Kimsə narazı qalırsa, şikayət edirsə, inanın ki, həmin polisin başını sığallamırlar. Ən azı bir ay ora-bura çağırıb izahatın alırlar, nəfəsin kəsirlər, ən yaxşı halda töhmət verirlər. İl ərzində daxili işlər orqanlarından qovulan polislərin sayına baxmırsız heç? Mən yol polisiylə daha sıx ünsiyyətdə olduğum üçün deyirəm ki, Bakıda hər ay ən azı 2-3 polisi işdən qovurlar, elə gün olur ki, 5 nəfərə birdən töhmət verirlər. Bunlar faktdır. Öz hüquqlarınızı da bilin, polisin də hüququnu öyrənin ki, üz-üzə gələndə çarəsiz durumda qalmayasız. Ləkə yaxmaq yaxşı iş deyil.

Film çəkib camaatı güldürmək üçün polisi ələ salmaq isə çox pis tendensiyadır. Baxın, Türkiyədə, Rusiyada, Gürcüstanda polisin fəaliyyəti ilə bağlı filmlər, seriallar, sosial çarxlar necə geniş yayılıb. Bəs Azərbaycanda? Ancaq lağ-lağa, ancaq ələ salmaq. Ayıbdır axı. Olmaz belə şeylər.

Təklif edirəm ki, polislə bağı çəkilən filmlər üçün Daxili İşlər Nazirliyinə müraciət edib icazə alanlardan mütləq ssenari tələb olunsun. Nazirlik həmişə rejissorlara müsbət cavab verir. Bu, yaxşı haldır. Amma ssenari ilə taniş olub sonra icazə versələr daha yaxşı olar. Polisi gücsüz, lağ-lağ obyekti kimi göstərib cinayətkarları, cinayətı meylli şəxsləri ruhlandırmaq, onların qol-qanad açmasına şərait yaratmaq olmaz.

İnform.az

Baxış sayı: 672