Şərhlər
25.01.2018 / 16:11

İndi özünüz hesablayın: Görün bir hərfin ixtisara düşməsi...

İndi özünüz hesablayın:Firuz Mustafanın facebook səhifəsindən:

Cəmi bir hərfin dəyişməsi və ya ixtisarı büdcəmiz üçün neçəyə başa gəlir?

Görəsən “Y” hərfi niyə gözümçıxdıya salınıb?

Dil islahatı əhalimizin bir qrupunun ürəyincədir. Bu islahatdan hayıl-mayıl olub şadyanalıq edənlər, seyidə-dilənçiyə nəzir verənlər də var. Bəs kimdir onlar? Bəzi işbazlar, iş adamları, məmurlar. Yəqin ki, sizi təəccüb hissi bürüdü. Doğrudan da, bu məsələnin bu işbazlara nə dəxli?

Hələ onların sevinci dilimizdəki cəmi bir hərfin, qoşa “Y”-lərdən birinin, çox güman ki, adamsızlıq ucbatından ixtisara düşməsi ilə bağlıdır. Görün əlifbamızdakı hərflərin hamısı ixtisara düşsəydi bu “əlifbasevməzlər” necə kef edərdilər.

Elə isə, gəlin özümüz özümüzə sual verək: İslahatın nəticələri elan olunduqdan sonra, yəni təkcə sözlərdəki bir hərfin, indiki halda qoşa “Y”-lərdən birinin ixtisara düşməsi nəticəsində minlərlə-onminlərlə idarənin, universitetin, institutun, rayon və kənd adlarının, küçə və xiyabanların, məktəb və bağçaların, bazar və dükanların, qəzet və jurnalların, daha nələrin və nələrin adında da dəyişiklik olmalıdır ya yox? Bəli, hələ çox sözlər dəyişməlidir. Bəs bu dəyişiklik nə ilə, hansı vasitələrlə həyata keçiriləcək?

Elə isə yada düşən bəzi nəsnələri sadalayaq. İslahata və ya ixtisara məruz qalan hərfi necə aradan qaldırmalı? Bunun üçün lazımdır ki, əvvəlcə üçün yeni bir lövhə (ruslar buna “vıveska” deyir) sifariş verəsən.

Hə indi gəlin bir-bir sadalayaq. Artıq öz həyatını başa vurmaqda olan qoşa “Y”-lərdən birinin qərar tutduğu lövhəni köhnə yerindən götürmək lazımdırmı? Lazımdır. Sifariş verilmiş təzə lövhə üçün təzə çərçivə lazımdırmı? Lazımdır. Çərçivə üçün şüşə və ya plastik örtük lazımdırmı? Lazımdır. O lövhənin möhkəm dayanması üçün dirək lazımdırmı? Lazımdır. O dirəyi bərkitmək üçün qum, daş, sement, çınqıl lazışdırmı? Lazımdır. Bəs mıx-mismar necə? O da lazımdır. Bəs o işləri görəcək usta necə? Təbii ki, usta lazımdır. Yaxşı, o bir nəfər ustanın başının üstündə iki Baş usta lazımdırmı? Lazımdır. O iki Baş ustanın üstündə dörd rəis lazımdırmı? Lazımdır. O dörd rəisin işinə nəzarət etmək üçün ən azı altı Nazirlik lazımdırmı, Əlbəttə, lazımdır. Həmin Nazirliklər olmasa iş öz məcrasından çıxa bilər.

Yox, məsələ hələ bununla bitmir. Məlumdur ki, iş prosesi zamanı kimsə zədə ala bilər. Yanğın törənə bilər. İşıq naqilində qısaqapanma baş verə bilər. Vurulması və ya basdırılması zəruri olan lövhənin dirəyi ekologiyanı korlaya bilər. Hələ bu işə məsul birbaşa və dolayısı şəkildə məşğul olan digər təsasatlar, məsələn, əmək qanunvericiliyi, mühafizə idarəsi, polis bölməsi, ovçular çəmiyyəti, ağsaqqallar şurası, gənclər təşkilatlıarı, yaşıllaşdırma idarəsi, barədə söhbət açıb vaxtınızı almaq istəmirəm.
Mən hələ məsələnin siyasi tərəfini qabartmaq istəmirəm. Zira repressiyaya məruz qalan o hərfin təzədən bəraət alması üçün kompensessiyalar da tələb oluna bilər.

Bütün bunların, bu ictimai-siyasi-hüquqi-tarixi-coğrafi həngamələrin qanuni və ya qeyri-qanuni yolla həyata vəsiqə alması üçün üçün, ən başlıcası, nə lazımdır? Pul, vəsait. Ay mənim dözümlü büdcəm, söhbət burada hələlik cəmi bir hərfin, “Y” hərfinin, bir az dəqıq desək bir dirəyin xərcindən gedir. O bir dirəyin bir aləm xərci nə səbəbdən baş verir, yahu?
İndi özünüz hesablayın: görün bir hərfin ixtisara düşməsi nə dəstgah törədir? Bəs bu biçarə, adamsız-sahibsiz hərfin qətlə yetirilməsinin xalqa və dilçilərə bir xeyri olacaqmı? Əgər olacaqsa dəhrə-baltalarınızı götürüb gözə-nəzərə gəlmiş o hərfi, yəni “Y” hərfini əlifbadan yerli-dibli kəsib ataq. Hətta, lazım olsa “Y” səsini də fonetik sistemdən çıxarıb heç dilimizə gətirmərik.

İnform.az

Baxış sayı: 630