Sosial, Şərhlər
24.01.2018 / 11:02

Gəlin ölüm kabusundən özümüz-özümüzü xilas edək!!!- FOTO

Gəlin ölüm kabusundən özümüz-özümüzü xilas edək!!!-Məhəmmədəli Qəriblinin facebook səhifəsindən:

Daha bir dəyərli həmkarımızı itirdik. Doğmalarının verdiyi məlumata görə, tanınmış jurnalist Nicat Məlikov axşam saatlarında mağazaya gedərkən, qəfil ürəktutmasından yerə yıxılıb və bununla da əbədiyyən gözünü yumub. Nicatdan bir necə ay əvvəl, başqa bir tanınmış jurnalist Natiq Qədimov da eyni aqibətlə üzləşdi...

O, da doğmaları ilə birlikdə yemək yeyərkən, qəfil ürəktutması nəticəsində, elə masa arxasında Allahın rəhmətinə qovuşdu.

Son iki ildə cavan yaşında qəfildən ölən jurnalistlərin sırası bunlarla bitmir. Zabil Muqabiloqlu da tutulduğu xəstəlik səbəbindən bizi cavan yaşlarında tərk etdi. Başqa bir dostumuz, istedadlı telejurnalist İlqar Qulusoy da futbol oynadığı yerdə qəfil ürəktuması nəticəsində, elə meydançada həyatını tapşırdı. Hamısı da cavan yaşında.

Siyahını uzatmaq da olar. Elə bilirəm ki, bu adlar məsələnin nə qədər ciddi olması üçün kifayət edir.

Natiq Qədimov rəhmətə gedəndə çox təsirlənib bir status yazdım, özəl klinikalara müraciət etdim ki, həmkarlarımızı düşdükləri bu katostrofik durumdan xilas etməkdə bizə yardımçı olsunlar. Həmin yazımda izah etdim ki, tibdə qəfil ölüm anlayışı yoxdur. Demək ki, jurnalistlərdə bu ağır xəstəliklər olub, sadəcə, maddi çətinliklər ucbatından əksər həmkarlarımız vaxtı-vaxtında müayinədən keçə bilmirlər. Gəlin reallığı öz adı ilə söyləyək. Bəli, bu gün jurnalistin normal müayinədən keçməyə maddi imkanı çatmır. Bu səbəbdən də, həyatda ən şirin nemət olan sağlamlıqla bağlı məsələni öz axarına buraxırlar.

İnsafən deyim ki, mənim həmin vaxt təsirlənərək yazdığım statusa bəzi özəl klinikalardan reaksiya da verildi. Sağ olsunlar, ilk reaksiya verən "Milana Hospital"ın sahibi Xuraman Muradova oldu. Xanım bizə istənilən sayda jurnalisti pulsuz müayinə edə biləcəyini bildirdi. Həmin vaxt xarici səfərdə olduğum üçün, təklifi reallaşdıra bilmədik. Təbiidir ki, bələ həssas münasibətə görə, insaflı iş adamlarına minnətdarlıq düşür. Ancaq bununla məsələ öz həllini tapmı. Axı niyə, ən şərəfli, çətin işlə məşğul olan jurnalistlər dilənçi kimi boynunu büküb kiminsə iyanəsi ilə pulsuz müayinədən keçməlidir?

Niyə əlaqədar qurumlar, jurnalist təşkilatları həmkarlarımızın pulsuz tibbi müayinə məsələsinin həll olunması ilə bağlı təşəbüslə çıxış etmirlər?

Dəyərli həmkarlar, onlar bunu etmək istəmirsə, gəlin özümüz həmrəy olub bu məsələni kökündən həll edək. Sizi əmin edirəm ki, son iki ildə dünyasını dəyişən tanınmış həmkarlarımızın ölümünün başıca səbəbi onların vaxtında müayinə olunnmaması ilə bağlıdır. Dəyərli jurnalistlər, gəlin biz özümüz-özümüzü xilas edək. Yoxsa, İlqarların, Zabillərin, Natiqlərin, Nicatların siyahısı daha da genişlənəcək. Təklif edirəm ki, tərəfimizdən jurnalistlərin tibbi sığortası məsələsinin həllinin tapılması ilə bağlı ölkə başçısına müraciət olunsun.

Gəlin ölüm kabusundən özümüz-özümüzü xilas edək!!!-


İnform.az

Baxış sayı: 354