Gündəm, Siyasət
23.01.2018 / 02:10

"Sərkisyan bura gəlməsin..."- AŞPA-da etiraz

 "Sərkisyan bura gəlməsin..."-"Bu gün AŞPA Azad Demokratlar Qrupu toplantısında çıxış edərək işğalçı Ermənistanın prezidenti Serj Sərkisyanın AŞPA-ya çıxış üçün dəvət olunmasına etirazımızı bildirdim."

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva bildirib.

Millət vəkili Azərbaycan torpaqlarını 25 ildir işğalda saxlayan prezidentin sözügedən toplantıda iştirakının düzgün olmadığını vurğulayıb:

“Çıxışımda vurğuladım ki, Serj Sərkisyan AŞPA üzvü olan Azərbaycanın torpaqlarını işğal etmiş və 25 ildir ki, işğalda saxlayan, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan verməyən, Xocalı soyqırımını törədən bir ölkənin prezidentidir. Eyni zamanda, Sərkisyanın birbaşa bu dəhşətli cinayətlərdə əli olduğunu vurğulayaraq bildirdim ki, məhz o, prezident kimi, AŞPA-nın Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyi, köçkünlərin öz evlərinə dönməsinə imkan verməyi tələb edən 1416 saylı qətnaməsini, Sərsəng su anbarı ilə bağlı qətnaməni yerinə yetirməkdən imtina edir. AŞPA qətnamələrini yerinə yetirməyərək işğalı davam etdirən bir prezidentin quruma dəvət olunaraq çıxış imkanı yaradılmasını kəskin qınadığımızı xüsusi vurğuladıq. Bildirim ki, AŞPA ikili standartlardan əl çəkməlidir. Vurğuladıq ki, AŞPA rəhbərliyi və qrup adından çıxış edəcək həmkarımız məhz bu məsələləri Ermənistan prezidenti qarşısında sərt şəkildə qaldırmalıdır və ondan AŞPA qətnamələrinin yerinə yetirilməsini, qeyri-qanuni olaraq girov saxladıqları azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını, ön cəbhə bölgələrində azərbaycanlı uşaqlara qarşı törətdikləri cinayətlərə son qoymalarını, bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi məsələlərini tələb etməlidirlər. AŞPA üzvü olan Azərbaycanın xalqının, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlının, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsinin, Ermənistanın qətlə yetirdiyi uşaqların ailələrinin Assambleyadan məhz bunu gözlədiklərini xüsusi vurğuladım və bildirdim ki, ikili standartlar Azərbaycan xalqında bu təşkilata qarşı ciddi inamsızlıq yaradıb. Çünki Azərbaycan xalqı, öz evinə dönə bilməyən insanlar AŞPA-nın özünün qəbul etdiyi qərarların yerinə yetirilməsi üçün işğalçı ölkəyə ciddi təzyiq göstərməməsinə etiraz edirlər və onların səsini AŞPA duymalıdır”.

İnform.az

Baxış sayı: 186