Diaspora Akademiyası, Gündəm
22.01.2018 / 17:15

Avropada yaşayan soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Avropada yaşayan soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıblarBenilüks Azərbaycanlıları Konqresində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi yad olunub. Tədbirdə Avropa Azərbaycanlıları Konqresinə daxil olan diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak ediblər.

Bu barədə İnform.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda deyilir ki, tədbir iştirakçıları 20 Yanvar tarixinin Azərbaycan xalqı üçün ağrılı və hüznlü olduğu qədər şərəfli bir gün olduğunu qeyd ediblər. 150-yə yaxın günahsız insanın vəhşicəsinə qətlə yetirilməsinə,1000-ə yaxın insanın yaralanmasına baxmayaraq,Azərbaycan xalqının öz haqq yolundan geri dönməməsi xüsusi vurğulanıb. Bugünkü müstəqilliyimizin 20 Yanvar şəhidlərinin canı, qanı bahasına qazanıldığı bir daha diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Azərbaycan xalqı o şəhidlərin sayəsində azad və güclü bir dövlətdə yaşayır.

Diaspor nümayəndələri dəfələrlə üzləşdiyi soyqırımı faktları, haqsızlıqlar Azərbaycan xalqını müstəqillik yolundan usandırmayıb, əksinə mübarizlik əzmini daha da gücləndiyini qeyd edərək:
“Bu gün isə biz diaspor olaraq səhidlərimizin ruhunu şad etmək üçün daha çox çalışmalı, dövlətimizi dahayüksək səviyyədə təmsil etməli, düşmənə qarşı daha səmərəli mübarizə aparmalıyıq”-deyə vurğulayıblar.

İspaniyanın Barselona şəhərində də 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Barselonadakı Azərbaycan Cəmiyyəti ("Azerbaijani Society in Barcelona" - ASB) təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ASB sədri Kərim Kərimov 20 Yanvar hadisələri haqqında danışaraq, müasir tariximizin şanlı səhifəsi olan 20 Yanvarın heç vaxt unudulmayacağını, vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu qeyd edib.

Daha sonra tədbirdə iştirak edən Barselona Vəkillər Kollegiyasının üzvü Xavier Medina Ortiz, tədbir iştirakçılarından Çiçək Zalova və Nizami Namazov da çıxış ediblər. Anım mərasimi 20 Yanvar faciəsinə həsr olunan videoçarxın nümayişi ilə başa çatıb.

İnform.az


Baxış sayı: 37