Elm-təhsil
22.01.2018 / 15:00

AMEA-nın doktorantı beynəlxalq konfransda ekspert kimi çıxış edib- Fransada

AMEA-nın doktorantı beynəlxalq konfransda ekspert kimi çıxış edib-

Parisdə fəaliyyət göstərən Avropanın Xarici Siyasət Məsələlərinin Təhlil Mərkəzinin təşkilatçılığı ilə Fransa Respublikası Milli Assambleyasında “Cənubi Qafqaz: Avropanın qonşusunu tanımaq” mövzusunda beynəlxalq konfrans keçirilib.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə üç xarici ekspertlə bərabər, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Səid Musayevin də moderatorluğu ilə keçən tədbirdə Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyin və iqtisadi sabitliyin qorunmasında rolu, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Fransanın səyləri ilə bağlı geniş müzakirələr aparılıb.

Azərbaycanlı ekspert tədbir iştirakçılarına Respublikamızın multikulturalizm sahəsində tarixi təcrübəsi, əldə etdiyi naliyyətlər haqqında geniş məlumat verib. Azərbaycanın qadın hüquqlarının qorunması və dini radikallaşmaya qarşı sistematik mübarizəsi Avropa üçün uğurlu model yaratdığını qeyd edib. Fransada irqi ayrıseçkilik və antisemitizm insidentlərinin artması nəticəsində 2015-ci ildə minlərlə yəhudi ailəsinin İsrailə köç etdiyini xatırladan Səid Musayev Azərbaycanın yəhudilərə qarşı nifrət hissi aşılayan bütün ünsürlərə qarşı fəal mübarizə apardığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Respublikamızın multikultural cəmiyyətin formalaşması baxımından uğurlu yol qət etdiyini vurğulayan gənc alim ulu öndər Heydər Əliyevin Azərbaycan cəmiyyətində dünyəviliyin təşviqi və üstünlüklərinin dərk olunması baxımından böyük rolu olduğunu qeyd edib. Prezident İlham Əliyevin multikulturalizm konsepsiyasını öz siyasətinin prioritet istiqamətlərindən birinə çevirdiyini və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan etdiyini bildirib.

Tədbirdə digər ekspertlər belə konfransların multikultural cəmiyyətin mövcud olduğu ölkələrin təbliğində rolunu vurğulayıblar. Fransa Respublikası Milli Assambleyasında deputatlara, siyasi təhlilçilərə multikulturalizmin Azərbaycan modeli ilə bağlı ətraflı məlumatın verilməsi ölkəmizin yaxından tanınmasına böyük töhfə kimi qiymətləndirilib.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Qeyd edək ki, ekspert kimi Avropanın Xarici Siyasət Məsələlərinin Təhlil Mərkəzinin dəvəti əsasında tədbirə qatılan Səid Musayev hazırda Fransanın Strasburq Universitetində ezamiyyətdədir və üç ildir ki, rasizm, antisemitizm və radikallaşmaşa qarşı insan hüquqları kontekstində mübarizə üsulları mövzusu üzrə elmi tədqiqat işi yazır.

İnform.az


Baxış sayı: 148