Ədəbiyyat
18.01.2018 / 23:00

Biz gəldi gedərik sən yaşa, dünya...

Biz gəldi gedərik sən yaşa, dünya...Azərbaycanın tanınmış imzalarından biri, yazıçı jurnalist Nahid Hacızadə bu gün səhər saatlarında dünyasını dəyişib.

İnform.az-ın xəbərinə görə yazıçı dramaturq Firuz Mustafa bu acı xəbəri facebook səhifəsində nisgilli sətirlərlə paylaşıb:

Nahid Hacızadə haqq dünyasına qovuşdu...

İndi onun nə hansısa bir bədii epitetə, nə də ədəbi metaforaya ehtiyacı var. Heç sağlığında tərifi sevməzdi, o ki ola indi..

Nahid Hacızadəni itirdik. Bilənlər bilir, tanıyanlar tanıyır: sadələrdən sadə idi Nahid Hacızadə...

Gədəbəy rayonunun Şınıx mahalında Düzrəsullu kəndində dünyaya göz açmışdı. Anası Məliykə xanımı və atası Rəhim Hacızadəni vaxtsız itirmişdi. Böyük bacısının himayəsində böyümüşdü. Orta məktəbi Tovuzda bitirmişdi- Puşkin adına məktəbi. Həm məktəbi, həm Universiteti əla qiymətlərlə bitirmişdi. Böyük bacısı Sitarə xanım evdar qadın idi. Böyük qardaşı Fərrux müəllim kimyaçı alim idi. Sonra anam Firəngiz... Nahidsə evin, ailənin kiçiyi idi.

Həyatın sərt üzünü görsə də təbiətən sərt deyildi. Bəzən əzab-əziyyətlə böyüyən adamlar qisasçı, eqoist olur. O isə mərd, təvazökar və xeyirxah idi.
Adətən, bütün adamlar dünyanı tərk edəndən sonra barələrində yalnız xoş sözlər deyilir. Hətta, bəzən bu xoş sözlərə layiq olmaynlar barədə belə... O isə hələ sağlığında ikən özünə rəhmət qazanmış insanlardan biri idi.

Saxta, ikiüzlu adamları xoşlamazdı. İşıqlı adamları sevərdi. Bəlkə də məhz elə buna görə əsərlərində mənfi obrazlar yox idi. Bütün qəhrəmanları, mərd, cəsur, xeyirxah, işıqlı personajlar idi. Məşhur rus şairi Lev Oşanin onun əsərlərini oxuyandan sonra demişdi: “Nahid Rəhim oğlu müasir dövrün ən işıqlı nağıllarını yazır”. Yeri gəlmişkən, Oşaninin qızı Tatyana Oşanina onun bir çox əsərlərini rus dilinə tərcümə etmişdi və həmin əsərlər bir zaman bütün SSRİ-də maraqla oxunurdu.

Onlarla roman, povest, pyes və hekayənin müəllifi idi.

Uzun illər Az.Tv-də çalışmışdı, adi redaktordan Radio və Televiziya Sədrinin 1-ci müavini vəzifəsinə qədər şərəfli bir yol keçmişdi.
90-cı ilin 20 Yanvar qırğını haqda veriliş hazırladığına görə televiziyadan uzaqlaşdırılmışdı. Yadımdadır, o səs-küylü verilişin adı belə idi: “Başın sağ olsun, Vətən”.

Adi, sadə bir həyat yaşayırdı. Kiçik mənzili, böyük ürəyi, nəhəng daxili dünyası vardı.

Son illərdə xatirələrini, zamanında görüb-bildiklərini yazmaqla məşğuldu. Elə son iş yerinin adı da bir az mistik, bir az rəmzi idi- “Respublika Xatirə Kitabı”. Bu Kitabda Vətən uğrunda həlak olanların ömürlüyü əbədiləşdirilirdi...

Mən ona hərdən zarafatla: “Bura bax, sən mənə heç dayılıq etmirsən”- deyərdim. Adətən o, ciddi şəkildə belə cavab verərdi: “Mən bütün yaxşı adamların dayısıyam”. Yəni ayrıseçkiliyin, tayfabazlığın, üzgörənliyin, hər cür proteksiyanın əleyhdarı idi.
Müstəqilliyimizdən məmnun idi. Hacı Zaynalabdin, Məmməd Əmin haqda memuar xarakterli yazıları vardı.

Son vaxtlar ağır xəstə idi.
Onun sevdiyi misraları xatırlayıram:

“Əldən ələ keçir vəfasız həyat,
Biz gəldi gedərik sən yaşa, dünya...”

İşıqlı, nurlu, əzəmətli bir kişini, ləyaqətli bir insanı, istedadlı bir yazıçını itirdik.

Nahid Hacızadə haqq dünyasına qovuşdu...

Biz bu gün onu Biləcəri qəbristanlığında, yaşadığı evin yaxınlığında dəfn etdik.

“Başın sağ olsun, Vətən”.


18.01.2018

İnform.az

Baxış sayı: 390