Baş xəbər, Siyasət
18.01.2018 / 12:14

" Xalqımızın igid, qəhrəman övladları şəhidlik zirvəsinə ucalaraq əbədi ölməzlik qazandılar" General-mayor İlqar Musayev

" Xalqımızın igid, qəhrəman övladları şəhidlik zirvəsinə ucalaraq əbədi ölməzlik qazandılar"Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək" mövzusunda tədbir keçirilib.

İnform.az "Report"-a istinadən xəbər verir ki, tədbirdə 20 Yanvar şəhidlərinin, Milli Qəhrəmanların ailə üzvləri, dövlət rəsmiləri iştirak edib.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan, eyni zamanda, xalqımızın azadlıq və müstəqillik mücadiləsinin qəhrəmanlıq nümunəsi - Qanlı 20 Yanvar hadisələrinin 28-ci ildönümününə həsr edilmiş tədbir keçirilib.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət himni səsləndirilib. Sonra Azərbaycanın müstəqillik mübarizəsinə, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlətçilik siyasətinə həsr edilmiş videofilm nümayiş olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini general-mayor İlqar Musayev çıxış edərək bildirib ki, 1990-cı ildə baş vermiş 20 Yanvar hadisəsindən illər bizi ayırdıqca o günün tarixi əhəmiyyəti və dəyəri daha dərindən dərk edilir. Həmin il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda, respublkanın digər şəhər və rayonlarında keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu xalqımıza qarşı kütləvi qırğınlar törətdi. Məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, azadlığı uğrunda mübarizliyini məhv edib sarsıtmaq idi. Amma bu baş vermədi. Xalqımızın igid, qəhrəman övladları şəhidlik zirvəsinə ucalaraq ölməzlik qazandılar. Tarixə yeni-yeni qəhrəmanlıq, rəşadət, şücaət səhifələri yazıldı. Bu tədbir həm də qədirbilən xalqımızın öz qəhrəman övladlarına olan ehtiramının daha bir nümunəsidir.

General-mayor İ.Musayev deyib ki, 20 Yanvar hadisələrindən danışanda gözlərimizin önündə həm də Ümummilli Lider Heydər Əliyevin işıqlı siması canlanır. Yanvar qırğınını törətdikdən sonra Azərbaycan xalqının iradəsini qıra bilməyən mərkəzi hakimiyyətin, ermənipərəst qüvvələrin təzyiqinə baxmadan dahi şəxsiyyət Heydər Əliyev canından əziz bildiyi doğma xalqının səsinə səs verdi. Açıq təhlükə qarşısında qalsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Ulu Öndər öz övladları ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, Sovetlər İttifaqının mərkəzində bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirmiş, bu qətliamı törətmiş şəxslərin adlarını çəkərək qətiyyətlə sovet qoşunlarının Bakıdan çıxarılmasını tələb etmişdir.

Ulu Öndər Heydər Əliyev qəhrəmanlıq etmişdir. O, dahi dövlət xadimi və siyasətçi kimi tarixi bəyanatı ilə milli azadlıq uğrunda mübarizlərə öz dəstəyini vermiş, həyatını təhlükəyə ataraq qorxmazlığı və cəsarəti ilə dünyanı heyrətə gətirmişdir.

Azərbaycan xalqının təkidli və israrlı tələbi ilə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin layiqincə qiymət­lən­dirilməsi yolunda ciddi addımlar atılmışdır. Məhz Ümummilli Liderin səyləri sayəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Şəhidlərin ailələri dövlət qayğısı ilə əhatə edilmiş, sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətin diqqətində olmuşdur. Ulu Öndər Heydər Əliyevin fərman və sərəncamı ilə Yanvar hadisələri zamanı yüksək vətəndaşlıq nümunəsi göstərə­rək həlak olmuş Azərbaycan vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, əlil olmuş şəxslərin aylıq müavinətləri artırılmış və bu iş indi də davamlı olaraq həyata keçirilir.

Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Preziden­t cənab İlham Əliyev də 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil­lərin problemlərinin dövlət səviyyəsin­də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva fəaliyyətlərində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və təbliğ etdirilməsinə böyük diqqət yetirirlər. Müstəqilliyimizin əldə olunmasında, qorunuması və möhkəmləndirilməsində rolu olan insanlara qayğı ilə yanaşırlar.

Ölkənin iqtisadi durumunun yüksəlməsi bu qəbildən olan vətəndaşların həyat və məişətində də özünü göstərir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən­dirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının Fərmanı ilə 20 Yan­var şəhidlərinin ailələri üçün Azərbay­can Prezidentinin təqaüdü təsis edilmişdir. Şəhid ailələri, o cümlədən Qarabağ əlillərinə respublikanın müxtəlif bölgələrində mənzillər və avtomobillər verilir. Bir sözlə, onların sosial vəziyyətləri mütəmadi olaraq yaxşılaşdırılır.

Xalqımız 20 Yanvar hadisələ­rini böyük həmrəyliklə qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini ehtiramla yad edir. Bakının ən möh­tə­şəm məkanında Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nı müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilmişdir. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığın və müs­tə­qil­liyin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacaqdır. Üç rəngli, ay-ulduzlu bayrağımızın qürurla dalğalanması müstəqilliyimizin göstəricisi kimi bu amal uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramdır.

Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: “Bizim yalnız bir problemimiz var – Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunması”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətındə dövlətimizin başçısı tərəfindən gərgin iş aparılır. Azərbaycan bu yönümdə dövlət səviyyəsində böyük siyasi-diplomatik iradə və əzm nümayiş etdirir. Ən əsası isə məsələnin açarı olan, bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət və ordu quruculuğu işi uğurla davam etdirilir, möhkəmləndirilir və gücləndirilir. Bunun nəticəsidir ki, 2016-cı ilin aprelində düşmən təxribatlarına cavab olaraq Azərbaycan ordusu işğal olunmuş ərazilərimizin bir hissəsini azad etməklə əks tərəfə öz gücünü göstərdi.

Hər zaman humanizm prinsiplərini rəhbər tutan, sülhpərvərliyi ilə nümunə olan, regionun lider dövləti Azərbaycan öz haqq işi - torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bir an belə səngimədən fəaliyyət göstərir. Eyni zamanda, öz Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü hərbi yolla bərpa etmək gücündə olduğunu da artıq sübut etmişdir. Biz Azərbaycanın zəfər qazanacağına əminik və bu inamı artıran əsas məqamlardan birincisi, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyevin uğurla inkişaf etdirdiyi dövlətçilik məktəbinin varlığıdır. İkincisi isə tarixən xalqımızın nümunələrlə zəngin qəhrəmanlıq və şücaət məktəbinin olmasıdır.

20 Yanvar hüzn günü olmaqla yanaşı, xalqımızın - Vətən və onun müstəqilliyi, torpaq və onun qorunması, sərhəd və onun toxunulmazlığı, dövlət və onun qüdrətlənməsi uğrunda şanlı mübarizəsinin qəhrəmanlıq zirvələrindəndir. Azərbaycan, Vətən, torpaq naminə vuruşmuş, canından keçmiş, şəhid olmuş oğul və qızlarımızın xatirəsi daim bizim ürəyimizdədir. Bu tədbirdə iştirak edənlər, xüsusilə gənclərimiz də Ulu Öndərin Vətənə təmənnasız xidmət dəyərlərini dərindən öyrənəcək və möhtərəm Prezident cənab İlham Əliyevin müstəqil Azərbaycanın qüdrətlənməsi, tərəqqisi və təhlükəsizliyi naminə yürütdüyü uğurlu siyasətin dönmədən və qətiyyətlə həyata keçirilməsində ən mübariz silahdaş olacaqlar. Hamılıqla əminik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ərazi bütövlüyümüz bərpa olunacaq, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq, haqq-ədalət zəfər çalacaqdır! Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə həm də Azərbaycan Bayrağının - 28 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan Xalq Cümhuriyyəti bayrağının - Xankəndində, Şuşada, işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanacağı gün elə də uzaqda deyil!

Tədbirdə "20 Yanvar şəhidi" Cəbrayıl Xanməmmədovun həyat yoldaşı, “Qadın və İnkişaf” Mərkəzinin sədr müavini Şövkət Xanməmmədova, Azərbaycan Xüsusi Xidmət Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası, “Şəhid anaları” Xeyriyyə Mərkəzinin sədri Rə­fi­qə Əs­gə­ro­va, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəzarət-təftiş komissiyasının sədri, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Aris Məmmədov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası adından Səbuhi Abbasov çıxış ediblər.

Qeyd olunub ki, 20 yanvarda Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuşdur. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyimiz gündən-günə daha da möhkəmlənir, Azərbaycan hər sahədə böyük nailiyyətlər qazanır və qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də yaxınlaşır.

Tədbirdə 20 Yanvar şəhidlərinin, Azərbaycan Milli Qəhrəmanlarının əzizləri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, müxtəlif dövlət orqanlarının nümayəndələri, qeyri-hökumət və gənclər təşkilatlarının rəhbərləri və jurnalistlər də iştirak ediblər.

İnform.az

Baxış sayı: 63