Baş xəbər, Sosial
15.01.2018 / 16:29

Əmək pensiyalarının artımı gözlənilir- Pensiyaçılara şad xəbər

Əmək pensiyalarının artımı gözlənilir-Hər il olduğu kimi əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin ayrıca Sərəncamının imzalanacağı gözlənilir.

Sərəncama görə, Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım göstəricisi barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin qədərdə artırılması həyata keçiriləcək.

İnform.az-ın xəbərinə görə bu barədə publika.az-a Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

O qeyd edib ki, indeksləşdirmə ötən illərdən fərqli olaraq yeni mexanizmlə həyata keçiriləcək. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan dəyişikliklərə əsasən, əmək pensiyalarında “baza hissəsi” və “sığorta hissəsi” anlayışları aradan qalxıb. Ona görə də əvvəlki illərdən fərqli olaraq, əmək pensiyalarının yalnız sığorta hissəsinin deyil, artıq bütün məbləğinin ölkə üzrə əmək haqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq:

“Bu dəyişiklik ilk növbədə pensiyasının məbləği aşağı olanlar üçün xüsusilə məqsədəuyğundur. Məsələn, 200 manat pensiya məbləği əvvəllər 110 manat baza hissəsindən və 90 manat sığorta hissəsindən ibarət idi və indeksasiya yalnız sığorta hissəsinə tətbiq olunurdu, deməli, 12,9%-lik inflyasiyaya görə artım cəmi 11,61 manat (200-110)x12,9% edəcəkdi. Yeni qaydalara görə isə bütün məbləğə (yəni 200 manata) orta aylıq əmək haqqının artım sürəti yəni 6,4%-lik artım tətbiq olunur və nəticədə pensiya 200x 6,4%=12,8 manat artır. Göründüyü kimi, hətta inflyasiyanın tempinin orta aylıq əmək haqqının artım tempindən 2 dəfə çox olduğu şəraitdə belə yeni qayda aşağı məbləğdə (215 manatdan az) pensiya alanlar üçün effektivdir”.

E.Babayev artımların fevral ayının pensiyalarının ödənişi zamanı yanvar və fevral aylarındakı artımlarla birlikdə ödənilməsinin nəzərdə tutulduğunu bildirib.

İnform.az

Baxış sayı: 199