Elm-təhsil
15.01.2018 / 16:10

Ermənilərin Qarabağ təklifini RƏDD EDƏN RUSİYALI ALİMİN yubileyi qeyd olunur

Ermənilərin Qarabağ təklifini Yanvarın 13-də Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət İnstitutunun aparıcı elmi əməkdaşı, İnstitutun paleolit şöbəsinin məsləhətçisi, tarix elmləri doktoru, professor Vasili Prokopiyeviç Lyubinin 100 yaşı tamam olub.

İnform.az bildirir ki, Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, V.Lyubin elmi fəaliyyəti dövründə dünya şöhrətli arxeoloq rəhbəri olduğu çöl tədqiqatlarında bir sıra paleolit və mezolit dövrü düşərgələrini aşkar edib, Şimali və Cənubi Qafqazın, o cümlədən Azərbaycanın, həmçinin Türkmənistanın və Afrika qitəsinin daş dövrü abidələrinin tədqiqatlarında iştirak edib.

Professor Vasili Lyubin dünyaca məşhur mərhum Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovla uzun müddət əməkdaşlıq edib, paleolit dövrü arxeologiyası üzrə azərbaycanlı mütəxəssislərin formalaşmasında önəmli rol oynayıb.

Qeyd edək ki, professor V.P.Lyubin həqiqi ziyalı və alim əxlaqına malik olaraq işğal edilmiş torpaqlarımızdakı paleolit və mezolit dövrünə aid abidələrdə (Azıx mağarası, Quruçay hövzəsi) tədqiqat aparmaq barədə erməni qəsbkarları tərəfindən ona edilmiş təklifləri qətiyyətlə rədd etmiş, işğal edilmiş ərazilərdə qanunsuz qazıntıların aparılmasında və qanunsuz tədqiqatlarda iştirak etməyin alim və ziyalı etikasına sığmadığını bildirib.

Görkəmli rusiyalı alimin yubileyi ilə əlaqədar Rusiya hökumətinin başçısı Dmitri Medvedev onu şəxsən təbrik edib, ona ünvanladığı təbrik məktubunda V.P.Lyubini “əfsanə insan” kimi yüksək dəyərləndirib.

Yanvarın 15 və 16 tarixlərində Rusiya Elmlər Akademiyasında görkəmli alimin yubileyi ilə əlaqədar tədbirlər keçiriləcək. Yubiley tədbirlərində respublikamızı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov təmsil edəcək.

Baxış sayı: 50