Gündəm, Şərhlər
21.07.2015 / 10:58

Dəniz möcüzəsi

Dəniz  möcüzəsi

Ayişə NƏBİ / İnform.az


Biz hər birimiz cəmiyyətin bir fərdi olaraq, yaşadığımız mühitin ölçüləri daxilində geyinirik. Gündəlik həyatımızda bu ölçülərdən bir az kənara çıxanda, qınanır və tənqid olunuruq.Yay gələndə isə, vəziyyət dəyişir. Bir qisim insan ibtidai insanlar kimi çılpaqlığa meyl edir. Havanın qızmarlığını bəhanə edərək geyim ölçülərini ibtidai insana, ilkinliyə doğru dəyişir. Bizim ictimaiyyət açıq saçıq geyinənlərə qarşı ikili münasibət bəsləyir: bir qisim bunu irəliləyiş, müasirlik, səviyyəlilik sayır, bir qisim isə milli xüsusiyyətlərimizi əsas alaraq qəbul etmir. Hər ikisini normal qarşılayıram, ancaq başa düşmədiyim bir məsələ var, niyə dənizdə, dəniz kənarında çılpaqlıq ayıb sayılmır? Eyni insanlarıq, eyni bədənik, eyni düşüncə sahibiyik. Ama sahildən bir az kənara çıxdıqmı, aman ayıbdı üstünü-başını geyin, deyirlər. Dənizdə isə hamı lüt ətcəbaladır və heç kəs də utanıb eləmir. Elə belə olmalıymış kimi çıl-çılpaq rahatca gəzir. Dəniz kənarında çimərlikdə, əksinə paltarlı durana ayıb deyirlər ki, səviyyəsi çatmır. Yəni, utanmaq səviyyəsizlikdir. Bunu başa düşmək üçün bir sürü kitab araşdırdım ki, bəlkə suyun, ya da dənizin bir hikməti var ki, insanı çılpaq ikən daha məsum və abırlı göstərir. Amma çılpaqlığı haqlı çıxaran heç bir fikrə rast gəlmədim.
Suyun ruhani aləmdə ən böyük qoruyucu və daşıyıcı kimi xüsusiyyətləri bilinir, ən böyük duanı suya yazar, ən əzizi suya bənzədər, pis yuxuları suya danışarıq.
Suya ruhani qoruyucu kimi baxsaq da, bol sulu dənizlər yuxumuzun vahiməsini yuyub aparmır. Yuxunu dənizə danış demirlər, axar suya danış deyirlər. Dənizin, qumun tibbi cəhətdən xeyiri təbii ki, danılmazdır. Hətta, mənəvi olaraq ən azında insana aşıladığı ənginlik və gözəllik hissi əvəzsizdir. “Tanrısı gözəllik olan” ədəbiyyat dənizin gözəlliklərini hər cür mədh etmişdir.
Ancaq dənizin gözəlliyinin yanında bir də möhtəşəm əcəl kimi durur. Ac və quduz gözəlliyi hər an can almağa, ac gözünü canla doyurmağa hazırdır. Gözəlliyindən qürur duyduğumuz dəniz titanikləri bir kibrit çöpü kimi udur. Eləcə də insanın ruhunu öz təsiri altına alaraq, öz möhtəşəmlik və heyran ediciliyi ilə bizi öz cazibəsinə qapdırır və biz burada ayıb hissini unudurq. Vücudumuzu o gözəlliyin və möhtəşəmliyin ağuşuna atırıq. Burada bütün ölçülər itir, meyarlar tərs çevrilir. Dənizdən aralananda əski ölçülər və hislər yerinə qayıdır, insan yenidən utanma hissinə qovuşur, bədənini örtür. Dənizdə, çimərlikdə isə məşhər yeri kimi çılpaq insanlar qaynaşır. Deyirlər hər kəs çılpaq olur deyə heç kim heç kimdən utanmır. Dənizdə utanma hissi niyə yox olur, bunu anlayan varsa mənə də başa salsın. Yoxsa, fikirlərim “dəniz kənarı ilə qaçan alabaş” kimi sonsuzluğa üz tutub üfiqlərdə itir.
M.İbn Ərəbi insanı izah edərkən onun kainat və varlıqlarla əlaqəsini göstərir. Məsələn, “torpaq aləminin ruhu soyuq və quraqlıqdır, insanda bunun qarşılğı və bənzəri qaraciyərdir, canı və ruhu tutma-saxlama qüvvəsidir. Hava aləminin canı və ruhu istilik və rütubətdir, insanda yeri və bənzəri qandır, onun da canı və ruhu cazibə qüvvvəsidir. Su aləminin insandakı yeri və qarşılığı bəlğəmdir, bunun canı və ruhu da itələyici və ya dəfedici qüvvədir. Heyvani aləmin insandakı qarşılığı və bənzəri isə hiss və duyğulardır”.
İnsanda gerçək olan 98 xüsusiyyətdən sadəcə dördünü seçdim. Çünki, buradan belə çıxır ki, istilənmək və sərinlənmək heyvani hisdir, bu hissə uyaraq hərəkət etmək ruhun əmri ilə olmur. Su isə insanda itələyicidir, sevimli deyil. Su həyat olmaqla yanaşı eyni zamanda həm də öldürücüdür, yerinə görə sevilməyəndir. Məsələn, içərkən içdiyimiz su gözəldir, amma insanın içindəki su artıq gözəl deyil, hətta iyrəncdir, bəlğəm kimi .
“...Hər bir canlını sudan yaratdığımızı bilmirlərmi...?”(Ənbiya, 30). Demək, şüurlu və ya şüursuz şəkildə, bilirlər sudan yaradıldıqlarını. Ona görə də (bəlkə) öz əslinə geri dönüb suyla qaynayıb qarışanda insan utanmır. Ancaq cəmiyyətin bəlli qayda qanunları var, bunlar da unudulmamalı.

Baxış sayı: 565